Niyə əsnəyirik?
Bölmə: Maraqlı › ,Tarix: 23:17 18.03.2024
Bu suala ən çox verilən cavab budur ki, əsnəmək oksigenlə zəngin havanı qəbul edərək qandakı oksigen səviyyəsini artırır və yuxululuğun aradan qaldırılmasına kömək edir. Bununla belə, əsnəməyin qan və beyindəki oksigen səviyyəsinə təsir etdiyinə dair heç bir sübut yoxdur.
Son araşdırmalar göstərir ki, əsnəmək beyinə temperaturu tənzimləyən təsir göstərir. Bu fikrə görə, əsnəyərkən alınan dərin nəfəs - avtomobilin radiatoru kimi - beynin soyumasını təmin edir. Beynin temperaturu artdıqda, burun mukozasında qan axını sürətlənir. Əsnəməklə alınan hava burun və ağız boşluqlarından keçərkən damarlardakı qanın temperaturunu dəyişir - onun divarları birbaşa ön beyinlə əlaqəli qan damarlarının şəbəkələri ilə örtülüdür. Beləliklə, beynin soyumasına kömək edir. Siçanlar üzərində aparılan araşdırmada əsnəmədən əvvəl beyin istiliyində artımın müşahidə edildiyi, sonra isə temperaturun azaldığı müəyyən edilib. Lakin məlum olur ki, əsnəməyin temperatur sabitləşdirici təsiri ətraf mühitin temperaturunun nə çox isti, nə də çox soyuq olmadığı orta temperaturlarda (təxminən 20°C) daha qabarıq şəkildə özünü göstərir.
Bəs niyə biz adətən yatmazdan əvvəl, oyandıqdan sonra və ya canımız sıxıldığında əsnəyirik?
Bədən çəkisinin 2%-ni təşkil edən beyin ümumi enerji istehlakının 20%-nə cavabdehdir. Yuxu və stressin beyin istiliyində dəyişikliklərə səbəb olduğu düşünülür. Məsələn, yuxusuzluğun beyin istiliyini artırdığı məlumdur. Əsnəməyin yuxu və yorğunluqla əlaqələndirilməsinin səbəbi beyin istiliyinə təsiri ola bilər.
Əsnəmək yayılandır. Başqasının əsnədiyinin şahidi olmaq və ya əsnəmə haqqında oxumaq əsnəməyə səbəb ola bilər. Əsnəməyin "yoluxuculuğunun" empatiya hissi ilə əlaqəli olduğu düşünülür. Beyin görüntüləmə üsulları ilə aparılan tədqiqatlar göstərib ki, əsnəmə zamanı insanların öz emosiyalarını və digər insanların emosiyalarını qiymətləndirdiyi beyin sahəsi aktivdir. Əsnəməyin yayılmasının empatiya ilə açıq bir əlaqəsi olmadığını göstərən araşdırmalar da var. Ancaq sosial ünsiyyət bacarıqları pozulmuş autizm və şizofreniya xəstələrində yayılan əsnəmənin daha az görülməsi əsnəməyin bulaşıcılığının empatiya hissi ilə əlaqəli olduğu fikrini dəstəkləyir.
Mənbə: Bilim Genç Tübitak
Tərcümə etdi: Aydan Qasımova