Ermənistan Rusiyaya qarşı sanksiyalara qoşulmaq öhdəliyi götürüb-AÇIQLAMA
Bölmə: Siyasət › ,Tarix: 23:32 19.03.2024
İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın Rusiyanı Qərblə dəyişməsi və Ermənitsanın bu gün Rusiyaya qarşı sanksiyalara qoşulması nələrə səbəb ola bilər ?
Mövzu ilə bağlı "informator.az"a açıqlamasında politoloq Elmir Səftərov bildirib ki, Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gəldikdən sonra Ermənistanı Rusiyanın asılılığından qurtarmaq və onu Qərbə meyillənməklə konpensasiya etmək siyasəti yürütməyə başladı:
"Baş nazir bu istiqamətdə əlinə düşən bütün fürsətləri dəyərləndirir və aşkar şəkildə Ermənistanın fərqli yol tutduğunu bəyan edir. Bu baxımdan İkinci Qarabağ müharibəsində məğlubiyyət Ermənistanı Rusiyadan uzaqlaşdırmaq üçün yaxşı fürsət oldu. İrəvan məğlubiyyətinin səbəbini Rusiyanın dəstəyinin olmamması ilə əlaqələndirməyə başladı və bunu erməni cəmiyyətinə də təlqin etdi. Bu da Rusiyanı Ermənistanda etibarsızlaşdırma siyasətinin bir hissəsi idi. Hadisələrin xronologiyasına baxsaq, Avropa İttifaqı (Aİ) Ermənistana 2021-ci ildə 2.6 milyard dollar həcmində maliyyə vəsaiti ayırdı. Amma Azərbaycana təqribən 20 dəfə az - 140 milyon dollar vəsait ayıran Aİ bu yolla Ermənistanın qarşısında yeni öhdəliklər qoydu-Rusiyadan uzaqlaşmaq. Proseslər isə addım-addım həyata keçirilirdi. Belə ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ( KTMT) Qazaxıstanda keçirilən təlimlərində iştirak etməkdən imtina etdi. Əvəzində isə Ermənistan Rusiyanın əsas rəqibi olan ABŞ-la birgə hərbi təlimlər keçirdi və Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib. Bu il isə “Zvartnots” hava limanından rus sərhədçilərinin çıxarılması qərarının verilməsi də eyni siyasət xəttinin bir hissəsi idi. Bu günlərdə isə Ermənistanda bankların əksəriyyəti martın 30-dan Rusiyanın "Mir" ödəniş sisteminin kartlarının qəbulunu dayandırması barədə xəbər onu deməyə əsas verir ki, Ermənistan Rusiyaya qarşı beynəlxalq sanksiyaları tətbiq edən ölkələrlə münasibətlərə xələl gətirməmək üçün onlara əməl edir. Çünki Ermənistan Avropa İttifaqına və Qərbin digər təsistlarına üzv olmaq və ondan faydalanmaq istəyir. Ona görədir ki, Avropa Parlamentində Ermənistanın Aİ-yə üzvlük imkanlarının müzakirəsini təklif edən qətnamə də qəbul olunub. Bu da o anlama gəlir ki, Ermənistan Avropa ölkələrinin diqtəsi ilə davranmasa, istədiyinə nail olmaycaq, həmçinin münasibətləri korlayacaq. Demək ki, Qərb İrəvanı Rusiyaya qarşı sanksiyalara qoşulmağa vadar edir, başqa sözlə, Ermənistan bu öhdəlikləri üzərinə götürüb.
İrəvan da anlayır ki, Avropa İttifaqı Ermənistanı Rusiyaya qarşı sanksiyalara əməl etməməsi, sanksiyalar rejimini pozması ilə bağlı ittiham edə bilər.
Bütün bunlara baxmayaraq, hələ ki Rusiya səbirli davranaraq müəyyən xəbərdarlıqlarla kifayətlənir.
Ümumiyyətlə, Ermənistanın Rusiyadan tam azad olması Moskvanın Ukraynada hərbi cəhətdən məğlub olduğu halda reallaşa bilər. 2008-ci ildə Gürcüstan və 2022-ci ildə isə Ukrayna Rusiya hücumunun şahidi olduğu kimi, Ermənistan da bu baxımdan istisna deyil".
Zəhra Həsənova