"Terrorizmdən dolayı istifadə dövlətlərin özlərinə problem yaradır"-AÇIQLAMA

Bölmə: Siyasət › ,
Tarix: 22:54 27.03.2024

"Müasir terrorizm isə təkcə siyasi məqsədə çatmaq deyil, həm də ayrıseçkilik etmədən zorakılığın artan tezliyi və miqyası ilə xarakterizə olunur".

 

Bu sözləri "informator.az" a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Ramid Hüseynov söyləyib:

 

" Terror hücumlarının qurbanları adətən fərdi xüsusiyyətlərinə görə xüsusi seçilmişlər deyil, bəzən səhv zamanda yanlış yerdə olan “təsadüfi” şəxslər də ola bilir. Bu qurbanlar üçüncü tərəf aktorlarına təsir etmək üçün hazırlanmış alət kimi xidmət edir. Məhz qismən bu gözlənilməzlik və qurban seçiminin təsadüfi elementi terrorizmə müasir gücünü verir, habelə, terrorizmin fokusunun bu təkamülü fərdi terrordan kütləvi qətl və psixoloji müharibə ölçüsünə keçidi əks etdirir".

 

Siyasi analitik beynəlxalq terorizmin genişlənməsinin səbəblərindən də danışıb:

 


"Beynəlxalq terrorizmin genişlənməsinin səbəblərinə gəldikdə bunu daha çox terrorizmlə mübarizə siyasətinin formalaşdırılması və həyata keçirilməsində dövlətlərin vahid bir platformadan çıxış etməsi və vahid yanaşmanın tətbiq olunmasının təmin olunmasındakı problemlərlə izah etmək olar. Terrorçulara verilən dövlət dəstəyi, birbaşa himayədarlıq, qeyri-leqal maliyyələşdirmə və xüsusilə də onlardan dövlətlərə və təşkilatlara qarşı siyasi, iqtisadi və hərbi təsir aləti olaraq istifadə edilməsi də onun inkişafında böyük rol oynayır. Beləki, İŞİD, HƏMAS, Taliban və digər terrorçu təşkilatların son illərdəki fəaliyyətinə diqqət yetirdikdə bunu açıq-aşkar görmək olur. Xüsusilə İsrail-HƏMAS müharibəsi və Moskvada terror aktı son dövrün ən bariz nümunəsidir.
Baxmayaraq ki, dövlətlər onlarla hər hansı bir əlaqənin mövcudluğunun qeyri-mümkün olduğunu sübut etməyə çalışsalar da amma proseslər bunun əksini göstərir. Yəni terrorçu təşkilatların qısa zamanda ən müasir silahlara malik olmaqla mütəşəkkil qruplar şəklində dövlətlərin ordularına qarşı uzun müddət mübarizə apara bilmələri ciddi suallar doğurur.
Buradan belə başa dümək olur ki, “himayəçi dövlətlər”in özləri etiraf etməsələr belə bu gün böyük dilemma qarşısında qaldıqlarını yaxşı bilirlər. Terrorçular üzərində qalibiyyətin mümkünsüzlüyünü görərək, tez bir zamanda aparılmış müharibələrin sona çatmasına çalışırlar".

 

 

Nəzrin Mirzəyeva