Müharibədən sonra Qəzza zolağı necə idarə olunacaq? -AÇIQLAMA
Bölmə: Siyasət › ,Tarix: 22:59 27.03.2024
Hərbi əməliyyatlar başa çatdıqdan sonra Qəzza zolağı İsrail və ya Fələstinin HƏMAS hərəkatı tərəfindən deyil, yerli alternativ hakimiyyət orqanları tərəfindən idarə olunacaq.
Bu barədə İsrailin müdafiə naziri Yoav Qallant açıqlama edib.
O ABŞ-də səfərdə olan Y.Qallant bildirib ki, indiki müharibə bitdikdən sonra Qəzza zolağını idarə edəcək yerli alternativ yaradılmalıdır.
"İnformator.az"a açıqlamasında bu məsələyə münasibət bildirən siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Ramid Hüseynov deyir ki, İsrail-HƏMAS müharibəsinə tərəflərdən heç birinin güzəştə getmək istəməməsi mübarizənin gərgin olaraq qalmasına və qeyri-müəyyən müddətə qədər davam etməsinə gətirib çıxarar.
"Görünən odur ki, proses tərəflərdən birinin məğlub olması və ya mübarizə aparmaq imkanlarının tam məhdud olmasına qədər davam edə bilər.
Ona görə də düşünürəm ki, problemin qısa zamanda və daha konstruktiv formada həlli üçün beynəlxalq güclərin, təşkilatların müdaxiləsi tələb olunur. Bu təkcə müharibənin həlli üçün deyil, postmüharibədə dövründə vəziyyətin tənzimlənməsi, Qəzza zolağının idarə edilməsi, müvəqqəvi alternativ hakimiyyətin yaradılması və müəyyən müddətə qədər fəaliyyət göstərməsi üçün vacibdir".
Nəzrin Mirzəyeva