Novruzdan qazanc: Bayram ərəfəsində turist axını hansı səviyyədə idi?-RƏYLƏR

Bölmə: İqtisadiyyat › ,
Tarix: 22:34 28.03.2024

Pandemiyadan öncə Novruz ərəfəsində Azərbaycana o qədər turist axın edirdi ki, şəhərin hansı ərazisinə çıxırdınsa, əcnəbilərə rast gəlirdin. Pandemiyanın təsiri vəziyyət xeyli dəyişdi, hətta bir müddət ölkədə turist barmaqla sayılacaq qədər az idi. Bəs bu il nəticə necədir? Karonavirusa görə itirdiklərimizi bərpa edə bildikmi? 

 

Əvvəlki illərlə müqayisədə bu dəfə Novruz ərəfəsində Bakıda və bölgələrdə əməlli başlı canlanma müşahidə edilirdi. Xaricdən Azərbaycana üz tutan turistlərin sayındakı artım nəzərə çarpırdı.

 

Turizm eksperti Ceyhun Aşurov bildirib ki, əgər Bakı ilə regionları müqayisə etsək, regionların dolu olduğunu gördük və müşahidələrə görə təxminən 95% otellər dolu idi:

 

"Regionlarda və bunların da daha böyük qismi, demək olar ki əksəriyyəti bizim yerli vətəndaşlardır. Ölkəyə bildiyimiz kimi Körfəz ölkələrindən, müsəlman ölkələrindən gələnlərin sayı çoxdu bu ildə, biz bu trendi müşahidə edirik"

 

Ölkəyə daxil olan turistlərin sayındakı artımı Turizm bürosu da təsdiqləyir. Turizm Bürosunun departament direktoru Nicat Abbaslının sözlərinə görə, fevral ayına baxsaq, 175 minə yaxın ölkəyə əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib:

 

"Bu əvvəlki ilin fevral ayı ilə müqayisədə 54% artım deməkdir. Ancaq xüsusi ilə qeyd etmək istəyirik ki, cari ilin fevral ayında pandemiyadan əvvəlki dövürlə də müqayisə etsək artım müşahidə olunur. Buna bir növ uğur da demək olar".

 

Amma nəzərə almaq lazımdır ki, hələ quru sərhədləri bərpa olunmayıb. Yəni hazırkı artım dinamikası yalnız hava yolları vasitəsi ilə əldə edilən nəticələrdir. İqtisadçı ekspert Rəşad Həsənov qeyd edib ki, 2019-cu ildə ölkəyə səfər edən hər 100 turistdən təxminən 40-ı hava nəqliyyatından istifadə edirdi, 60-ı quru nəqliyyatından istifadə edirdi:

 

"Gürcüstandan Azərbaycana gələn hər 100 turistdən 93-ü məhz quru nəqliyyatından istifadə edir. İrandan Azərbaycana gələn hər 100 turistdən 82-i quru nəqliyyatından istifadə edir. Müvafiq göstərici Rusiya ilə münasibətdə 74 idi. Yəni çox böyük rəqəmlərdir. Əlbəttə, bunların iqtisadiyyata təsiri odur ki, hesab edin təxminən 500 min gürcü turist itirilib. Orta hesabla bir gürcü turist Azərbaycanda 400-500 dollar xərcləyir, bu o deməkdir ki, təxminən burda 200 milyon dollardan artıq bir vəsait itkisindən söhbət gedir. Buna görə də quru sərhədlərinin bağlı qalması Azərbaycan iqtisadiyyatına turizm aspektindən ciddi zərər verir".

 

Hazırda Turizm sahəsi üzrə mütəxəssislər bu zərəri quru sərhədləri açılmadan həll etməyin yollarını axtarır.