"Ermənistan bu kəndləri qaytarmasa..."-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 22:27 29.03.2024

"Dövlətimiz qərarlıdır ki, Azərbaycanın bir qarış da olsun torpağı işğalda qalmamalıdır. Odur ki, həm Qazaxın 7 kəndi, həm də Sədərək rayonunun Kərki kəndi azad edilənə qədər mübarizə davam edəcək". 

 

Bu sözləri "informator.az"a açıqlamasında politoloq Tural İrfan söyləyib. Onun sözlərinə görə, Ermənistan baş naziri müharibə istəmədiyini təzahür etdirir:

 

"Hətta çıxışlarının birində Ermənistan ictimaiyyətinə elan edib ki, əgər bu kəndləri qaytarmasalar, Azərbaycan ordusu İrəvana qədər gəlib çıxa bilər. Mahiyyəti etibarı ilə onlar Azərbaycanın haqlı mövqeyi qarşısında bu kəndlərin bizə məxsus olmasını etiraf edirlər və qaytarmağa da meyllidirlər. Sadəcə, sakit təslim etmək istəmirlər. Hətta bəziləri baş nazirə müharibə ilə qaytarmağı tövsiyə edir.

 

Bunlara rəğmən müharibə Ermənistan üçün ölüm hökmü olar. Bunu Paşinyan gözəl anlayır və ona görə çalışır ki, müharibəsiz həll olunsun, ancaq öz nüfuzunun düşməsindən də narahatdır. Azərbaycan qalib tərəf kimi narahat deyil və haqlı olduğunu hər zaman bəyan edir. Azərbaycan ordusunun istənilən işğaldakı ərazini bir neçə saat ərzində azad etmək qüdrəti var. Yeni müharibəyə hər nə qədər Fransa kimi xarici dövlətlər Ermənistanı təhrik etsələr də Nikol Paşinyan gözəl bilir ki, revanşist məqsədli qüvvələrin niyyətləri xoş heç nə vəd etmir".

 

Politoloq vurğulayıb ki, bütün bunlara rəğmən əgər Ermənistan bu kəndləri qaytarmasa, təxribata cəhd etsə, antiterror əməliyyatının olması da istisna deyil.

 

Mayıl Sultanov