Dünya III Dünya müharibəsi ilə üz-üzədir-ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 22:42 29.03.2024
Fransanın Milli Birlik Partiyası Ukraynada münaqişə bitdikdən sonra ölkənin NATO-nun vahid komandanlığından çıxa biləcəyini ehtimal edir. Bu fikri Fransanın ifrat sağçı lideri Cordan Bardella səsləndirib.
Siyasətçi qeyd edib ki, onun partiyası ölkədə 2027-ci ilə təyin edilmiş növbəti prezident seçkisində seçiləcəyi təqdirdə NATO-dan çıxmaqla bağlı mövqeyini qoruyub-saxlayacaq.
Fransa NATO-dan çıxarsa, NATO dövlətlərinin Fransaya olan münasibət hansı çərçivədə dəyişə bilər? Komandanlıqdan çıxmasının əsas səbəbləri nələrdir ?
Mövzuyla bağlı “İnformator.az”a açıqlamasında politoloq Ramiyə Məmmədova qeyd edir ki, Şarl De Qollun dövründən NATO Fransaya lazımi yardımı etməməsi səbəbilə siyasətçilər NATO-dan ayrılmağı bildiriblər:
“Fransanın NATO ilə münasibəti uzun müddətdir ki, soyuqlaşmağa doğru gedir. Çünki Fransa son zamanlarda öz şəxsi maraqları üzərindən yeriməyə başlayıb. Fransa Avropa Birliyinin müstəqil dövləti olaraq müstəqil siyasət yürütməyinin səbəbi, məhz, ABŞ-ın hegemoniyasından çıxmaqdır. Eyni hal NATO ilə da baş verir. Fransanın Rusiya ilə hər zaman çox yaxşı münasibətləri var, NATO ilə Rusiya arasındakı mübarizə Fransanın siyasətinə uyğun gəlmir. Eyni hal 1966-cı ildə Şarl De Qollun vaxtında da baş verib. Şarl De Qoll NATO-dan çıxmağı və NATO-nun heç bir təlimlərində iştirak etməmək haqqında qanun qəbul etdi. NATO-dan tamamailə çıxa bilməsə də, onun heç bir təlimlərində iştirak etmədi. 2009-cu ildə Fransa NATO-nun təlimlərində iştirakına davam etdi”.
Politoloq əlavə edir ki, Fransa NATO-nun öz dövlətlərinə iqtisadi və siyasi zərər verdiyini düşünür:
“Çünki De Qollun dövründən də NATO Fransaya lazımı yardımı etməməsi səbəbilə siyasətçilər NATO-dan ayrılmağı bildiriblər. Digər tərəfdən NATO-nun Rusiya ilə III Dünya müharibəsi çıxaracağını düşünür. Təbii ki, NATO-un bugünkü yeritdiyi siyasət III Dünya müharibəsinə gətirib çıxara bilər”.
Azər Abuşov