"Çin Tayvanı öz nəzarəti altına almasa..."-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 23:08 29.03.2024

"Çin Tayvanla güc yolu ilə birləşmək istəmir". Bu sözləri ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun deyib.

 

ABŞ generalının fikirlərini "informator.az"a şərh edən politoloq Azad Məsiyev bildirib ki, ABŞ öz imperatorluğunu qorumaq üçün bütün vasitələri məqbul hesab edir və demokratiya ilə edə bilmədiyini xaos yaradaraq edir:

 

"Amerika imperatorluğunun qarşısını ala biləcək dünyada iki dövlət var: Rusiya və Çin. Bu baxımdan Birləşmiş Ştatlar bu hər iki dövləti düşmən elan edib. O bu addımı Rusiyanın hərbi gücündən çəkinərək,Çini isə iqtisadi təhlükə hesab edərək atıb. 

 

Tayvan-Çin münasibətlərinə gəlincə isə uzun illərdir, bu mövzuda heç bir problem yaranmayıb. Dünyada gedən geosiyasi proseslərə nəzər yetirdikdə isə görürük ki, ABŞ öz hakimiyyətini demokratiya ideyası altında birləşdirərək, digər dövlətləri işğal edib, təsir dairəsinə salmaqla idarə edir. Hansı dövlət üçün bu ideya işə yaramırsa, bu zaman müəyyən gərginliklər yaradaraq öz təsir gücünü ortaya qoyur. Belə ki, Ermənistan-Azərbaycan münaqişələrini,Türkiyə ilə Yunanıstan, Fələstin-İsrail məsələlərini alovlandıranlardan biri də məhz ABŞ idi. İndi isə bu Tayvan-Çin münasibətlərində özünü göstərir. Belə bir şəraitdə vəziyyətdən istifadə edərək, münaqişə yaradıb onun fonunda Çinə təsir etmək istəyir. Bunu isə Çin rəsmiləri dövlət səviyyəsində anlayır və bu baxımdan adekvat tədbirlər görülür".

 

Politoloqun sözlərinə görə, Çin Tayvanı öz nəzarəti altına almasa, Tayvan ABŞ-ın hərbi birləşmələrinin təsirinə düşərək, gələcəkdə Çin üçün təhlükə bazası olacaq. 

 

Aytac Kərimova