Leyla Əliyeva şeirlərində nə bədbindir, nə də nikbin
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//201504/3581664_u.jpg)
Tarix: 14:43 27.04.2015
"Leyla Əliyevann insanın ruhunu oxşayan şerlərini sifarişlə tərcümə etmək mümkün deyil."
Mahir Qabiloğlu Prezident İlham Əlıiyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirlərini Azərbaycan dilinə tərcümə edən yeganə tərcüməçi sayıla bilər. Onunla İnformator.az saytı üçün apardığımız söhbət də məhz bu tərcümələrlə bağlıdır.
Mahir müəllim ilk olaraq sizi jurnalist kimi tanımışıq. AzTV, “Space” televiziyalarında, “Xalq qəzeti”ndə informasiya üzrə redaktor, şöbə müdiri, baş redaktorun müavini olmusunuz. Növbəti mərhələdə isə “Atam Qabilin qəribə əhvalatları” kitabı və “Atam Qabilin o dünyadan Teymur Əhmədova məktubu” yazısı ilə publisistika sahəsinə qədəm qoydunuz. Publisistikaya bir bədiilik gətirdiniz. Daha sonra isə “Ərmən – Şuşanikin sevgisi” hekayəsini yazıb, bədii ədəbiyyata gəldiniz. İlk hekayəniz olmasına baxmayaraq, çox uğurlu addım oldu. Azərbaycanla yanaşı, Türkiyə və Ermənistan mətbuatında da çap edildi. Sizi artıq jurnalist, publisist-yazıçı kimi tanıyırıq, öz oxucu dairəniz var. Və nəhayət tərcümə. Özü də şeir tərcüməsi. Sualım birbaşa olacaq. Niyə məhz Prezidetin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirlərini tərcümə edirsiniz? Bu bir sifarişdir, yoxsa içinizdən gələn bir istək?
-İcazənizlə sualınıza ətraflı cavab verim. Mən 1983-1990-cı illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alanda tərcümə sahəsinə həvəsim böyük idi. Yaradıcılıq sahəsində ilk addımım da məhz Vasili Şukşinin “İmtahan” hekayəsinin tərcüməsi olmuşdu. Atam da bu yöndə yaradıcılıqla məşğul olmağıma etiraz etmirdi. Tərcümə-hekayəm hazır olandan sonra atamın xahişiylə o dövrün məşhur tərcüməçilərindən olan Mehdi Mirkişiyev nəzərdən keçirdi. Və xırda redaktədən sonra, üstünü imzaladı. Buna o vaxt imza yox, rezolyutsiya deyirdiər. Yəni ki, Mehdi müəllim qol çəkibsə, qəzet, ya jurnal bunu çap edə bilər. 18 yaşım vardı. Qəzetlərin heç qapısını da tanımırdım. Əlbəttə ki, atamın səyi nəticəsində bu tərcüməm 1985-ci ildə iyulun 5-də “Azərbaycan müəllimi” qəzetində çap olundu. Onda əsgəri xidmətdəydim. 24 rubl 60 qəpik qonorarı və qəzeti əsgərliyə göndərmişdilər. Onu deyim ki, çox əziyyət çəkdim bir hekayəni tərcümə edib bitirənəcən. Və özümə söz verdim ki, bir daha tərcümə etməyəcəyəm.
Amma əsgərlikdən qayıdandan sonra 4-cü kursda oxuyanda fakültədə tərcümə kursu açdılar. Gözümün qorxmasına baxmayaraq həvəsim yenə məni tərcümə qrupuna yönəltdi. Müəllimimiz də professor Bayram Tahirbəyov oldu. Onu da iki aydan sonra indiki Slavyan Universitetinə rektor təyin etdiklərinə görə, yerini fransız dilindən professional tərcüməçi Şamil Zaman tutdu. Atam “Azərbaycan” jurnalında olanda onun Jül Verndən tərcümə etdiyi “Klod Qö” hekayəsini çap eləmişdi. O da bunun əvəzini qaytarırmış kimi, başladı mənimlə individual məşğul olmağa. Fyodorov adlı bir yazıçının “Sərhədçi” hekayəsini tərcümə etdim. Və bu hekayə “Ulduz” jurnalında çap olundu. O-bu dedim ki, bir də tərcümə eləməyəcəyəm. Amma...
Mən şair oğlu olsam da nəsri şeirdən daha çox sevirəm. Oxumaqdan, öyrənməkdən xoşum gəlsə də, şeir əzbərləmək və ya kiminsə şeirini qiymətləndirmək gücündə deyiləm. Amma atamın poeziyasını və şeir qiymətləndirmə meyarlarını bir filoloq kimi yaxşı öyrənmişdim. Gələk sizin suala. 2014-cü ilin mart ayı idi. Saytların birində “Gedim bir az ağlayım” adlı başlıq nəzərimi çəkdi. Açdım. Gördüm ki, məqalə yox, rus dilində yazılmış şeirdir və Leyla xanım Əliyevaya aiddir. Oxudum. Yaman tutdu məni. Rusca təhsil almasam da şeir o qədər anlaşıqlı, sadə dildə, təsirli yazılmışdı ki, ruhumu oxşadı. Daha dəqiq desək Leyla xanım sanki mənim içimdən keçənləri də nəzmə çəkmişdi. 25 ildən sonra ürəyimdə yenə tərcüməçilik istəyi yarandı. Şeiri Azərbaycanca səsləndirmək istədim. Düzünü desəm tərcüməsi artıq beynimdə hazır idi. Amma duruxdum. Axı bu şeirdir, mən isə şair deyiləm. Bu vaxtadək tərcümə elədiklərim isə yalnız hekayə olub. İkincisi isə, Leyla xanım, təkcə şairə deyil, həm də Heydər Əliyev kimi Prezidentimizin nəvəsi, indiki Prezidentimiz İlham Əliyevin qızıdır.
Müəyyən suallar qarşımı kəsdi: Tərcümə etsəm yüksək səviyyədə alınarmı? Alınsa cəmiyyət və müəllif buna necə reaksiya verəcək? Tərcüməçi kimi müəllifin ruhunu tuta, hisslərini tam ifadə edə biləcəyəmmi? Amma şeir məni o qədər almışdı ki, bütün bu sualları kölgədə qoydu. Və tərcümə etdim. Daha doğrusu iki ay beynimdə gəzdirdiyim bir tərcüməni kağıza köçürdüm.
Tərcümə Modern.az saytında ictimailəşəndən, müsbət rəylər alandan sonra bildim ki, bu sahədə ilkə imza atmışam. Ən əsası isə müəllifin və oxucuların reaksiyası müsbət olmuşdu.
GEDİM BİR AZ AĞLAYIM
Gedim bir az ağlayım,
Elə-belə... astaca.
Ürəyimi gizlədim yastığımın altında.
Pəncərəni açaraq
Kövrəlmiş ürəyimi
Bəlkə həyətə atım?!
Həyatın ağuşuna?!
Yox, yaxşısı budur ki,
Gedim bir az ağlayım,
Elə-belə... astaca.
Kimsə duyuq düşməsin
Kədərimdən, qəmimdən,
Durub yol alım bağa
Astaca ağlamağa...
Götürüm ürəyimi
Atım çoşan ümmana –
Dalğaların qoynuna.
Heç dinə də bilməsin -
“Niyə sığmır sinəmə?”
Gah tufan, gah da rüzgar
Apardıqca uzağa...
Yox! Yaxşısı budur ki,
Qoy dirrikdə basdırım,
Dirilib çiçək olsun.
Ya da ki, bala tutum,
Acısın unutdurum.
Özümü aldatsam da,
Qoy ruhu ovundurum,
Acısın unutdurum.
Ya dostları çağırım
Axşam vaxtı mən şama -
Şərab içək doyunca.
Könlümü də versinlər,
Büllur qabda ortaya,
Dostlar ondan dadsınlar,
Dadıb, gəlsinlər cana.
Budur, orda uşaqlar
Atılırlar-düşürlər.
Bəlkə topları yoxdu?
Qoy verim ürəyimi,
Qovsunlar yorulunca...
Yox!
Artıq kədərlənmək yox!
Ürəyin dediyiylə
Oturmaq yox, durmaq yox!
Atım onu bazarda,
Ya da sizə verəcəm,
Elə-belə, bədava.
Gecənin sükutunda
Ürəyimlə tənhayam.
Yağış yağır, islanır
Çətir tutmuram ona
Qoy incisin...
Nə qədər
oyun açıb başıma...
Hərdən üsyana qalxıb
Həm Günəşə, həm Aya
Hayqırıram: “Götürün,
Verdim onu Allaha!”
Amma qərar vermədim,
Neyçin qərar vermədim,
Bu geniş ürəyimi
Sənə bağışlamağa?!
“Bu bir sifarşidir, yoxsa içinizdən gələn bir istəkdir?” sualınıza bir də qayıdım. Əlbəttə ki, içimdən gələn bir istəkdir. Sifarişlə bu cür gözəl şeiri, Leyla xanımın insanın ruhunu oxşayan digər şeirlərini də tərcümə etmək mümkün deyil. Gərək bu poeziyanın içinə girib, onu yaşayasan.
- Tərcümələrinizə heç irad tutan olubmu? Yəni digər sizin kimi peşəkar tərcüməçilərdən söhbət gedir.
Leyla xanım Əliyevanın instaqram səhifəsində, şəxsi veb-saytında yerləşdirdiyi şeirləri oxuyanda, ruhuma hansı yaxındırsa onu seçib dilimizə çevirirəm. O ki, qaldı “irad tutan...” İrad tutan olmayıb. Məni istəyən insanlar zəng edib “bu sözü belə yox, bu cür versəydin daha yaxşı olardı” deyiblər. Mən də onların fikirlərinə hörmətlə yanaşıb, məqbul saydıqlarımı düzəltmişəm. Amma bir-iki dəfə həmkarlarımın “Bu işi mən başlamışam, Mahir Qabiloğlu da sağ olsun davam etdirir” sözləri qulağıma dəyib. Sonra məlum olub ki, kimsə bir-iki şeir tərcümə edib, amma çapa verməyib, arxivində saxlayıb. Mən çap etdirəndən sonra ürəklənib ki, mən də varam. Bu gün artıq 45 tərcüməm Modern.az saytında Leyla xanım Əliyevanın səhifəsində oxucuların ixtiyarına verilib. Tərcümə müəllifliyi hüququ da tək məndə deyil. Tərcümə edirlər, qoy etsinlər. Yaradıcı insan kimi mən bunu ancaq alqışlaya bilərəm. Amma bu sahədə söhbət birincilikdən gedirsə... (Gülür)
- Leyla Əliyevanın şeirlərinin ruhu haqqında nə deyərdiniz? Nikbinlik, yoxsa bədbinlik? Hansı daha çoxdur?
Bu yaxında Leyla xanımın “Mənim şeirim” adlı növbəti şeirini tərcümə etmişəm. Orda belə fikirlər var.
Şeirimi çox sevirəm
Çünki qəlbin və ruhun
Saf-təmiz aynasıdır.
Kədərli olsam belə,
Onunla şad-xürrəməm.
Təklikdə olsam belə.
Tək deyiləm şeirimlə.
Leyla xanım şeirlərində nə bədbindir, nə də nikbin. Əlil insanlarla görüşə gedir, “Kor olmuşam” şeiri yaranır.
Adamlar! Kor olsam da,
sizlərdən biriyəm mən..!
Sonda kor da, gözlü də
Gedəcək bu dünyadan;
Ölümü qəbul edən
bəşər övladıyam mən.
Yaxşısı budur gəlin,
bir deyək, birgə gülək.
Çalışaq ki, zülmətdən,
işığı görə bilək,
İşığı bölə bilək...
Uşaq evlərində doğma anası tərəfindən atılmış körpələrə qayğı göstərir, “Ana, nə olar getmə” şeiri dünyaya gəlir.
Ana, nə olar, getmə!
Məni atıb, tərk etmə!
Təlatümlü həyata
Əbədiyyən qərq etmə.
Al isti qucağına,
Öp məni... Məni oxşa.
Göydə ulduzlar yansın
Bir ani baxışınla...
Heç dil də açmamışam,
Anacan,
mən körpəyəm,
Kitab nədir bilmirəm,
Dünyadan bixəbərəm.
Mən hələ çox körpəyəm,
Büdrəyirəm gəzəndə.
Sizi gözəl duyuram,
Həyatı bilməsəm də.
Mat qalmışam, can ana,
Ağlayırsan arabir
Bu qədər yalan olar?
Yaddaşıma yazıram,
Böyüdükcə açılar,
bu yalanlar faş olar...
Siz böyüklər həyatla
Oyun oynayan kimi
Gəlincik oynadıram,
Bu mən balan hələki...
Susmağı öyrənəcəm,
Əziz ana, susmağı!
Pünhanlıq, gizlilikdə
Ötəcəm hamıınızı...
Qorxmağı öyrənəcəm,
Qəm-kədər çəkməyi də...
Özgüvənim itəcək
Həyatın gərdişində...
Gün gələcək uşaqlığa,
“Əlvida ”deyəcəyəm.
Arzular da itəcək,
Uşaq vidalarımda.
Təkcə anam qalacaq
Şirin röyalarımda.
Qəsrlər tikməyəcəm,
Ömür, gün yetməz, deyə...
amma “heyf!” deyəcəm,
Bükülü bel, əsən əl
Gəncliyi arayanda
Qaranlıq küçələrdə...
Qocaldıqca,
gəzəcəm
qeyb olmuş körpəliyi.
Etiraf da edəcəm:
“Ürək belə istəmiş”!..
Əlbət, anlayacağam –
Zaman ötmüş, vaxt keçmiş...
Anacan, inan ki, mən,
Danışmağı bilsəydim,
bu fani dünyamızda
Necə yaşamaq lazım. –
Öyrənərdin sən həmən
Öz körpənin dilindən...
Ana, məni tərk etmə,
Sənə üz tuturam mən.
Eşit, inan və anla,
Səninlə nəfəs alır
Bu məsum, gözəl körpən...
Uşaq evinə gedir, “Məsum qızcığaz” şeirini yazır.
Heç cür fikrimdən çıxmır
Dərya dərinliyində
Qəm-qüssəyə qərq olan
Sənin ala gözlərin...
Təkcə sən şənlənmirdin -
Göz qoyurdum uzaqdan.
Balaca qızcığazım,
İnan ki, sənin üçün
Darıxıram o vaxtdan....
De, bu səkkiz yaşına,
Nələr görüb gəlmisən?
Zülm, qəzəb, tənələr?!
Söylə, ürəyindəki
İşığı kim söndürüb?
Ruhundakı rəngləri,
Naxışları pozmağa,
De, kim qıyıb, axı kim?..
Yəqin hər axşamüstü
Qəm-qüssəyə batırsan.
Görən, kimi anırsan?..
Bilirsənmi nələr var,
Sığındığın bu qalın
divarın o tayında?..
Böyük, əngin bir dünya...
Hər şey gözəldir orda...
Deyəsən inanmırsan?!
Möcüzəyə inamın
Silinib yaddaşından.
Əyninə keçirdiyin
Donu sevinc bilirsən.
Bu sevincdən doğulan
Ümid cücərtisini
İtirməyəsən deyə
Yanağına həkk olan
Şəffaf göz yaşlarıyla
Hamıdan gizlin-gizlin
Ovcunda gizlədirsən.
Yumanda gözlərini
İsti ocaq görürsən...
Musiqi eşidirsən,
Bir də... gülüş səsləri.
Diksinirsən...
Qapqara, buz gecəylə
Tez üstünü örtərək
Nəfəsini dondurub
Gecənin qorxusunda
Bax beləcə yatırsan,
Röyalara batırsan.
Yəqin ki, bayramlarda
Hədiyyə gözləmirsən...
Axı “ACI YALAN”dır
Həyatda ilk hədiyyən.
Amma gecə yarısı,
Ölü sükut çökəndə,
Ömründə duymadığın
Ananın lal səsini
Çağırırsan köməyə...
Fəqət, yaxşı bilirsən,
Onun səsi lal-dinməz.
O səs sənin səsinə,
Cavab verməyib! Verməz!..
Sən dünyaya gəlmisən
Tək-tənha qalmaq üçün.
Qəlbində buz qəlpəsi –
Əriməyi çox çətin.
Məsum uşaq baxışlı
Tənhalıq taleyindir!
Sən belə doğulmusan,
Dünyada tək olmaqçun...
Ey məsum qızcığazım,
O titrək əllərinlə
Elə hey oxşayırsan
O gözə görünməyən,
Səni daim hifz edən,
Ümid mələklərini.
Sığallayırsan zərif,
İpək lələklərini.
Mən inanmıram ki, bugünəcən və bu gündən sonra da böyük Heydər Əliyev haqqında kimsə Leyla xanım kimi şeir yaza bilsin.
- Hansı şeirdir?
“Ulduzlar pillə-pillə düzülsəydi səmaya”. Bu şeir öz əziz adamını itirmiş bütün insanlar üçün doğma və yaxındır. Leyla Əliyevanın poeziyasının böyüklüyü də məhz bundadır. Mən şəxsən bu şeiri oxuyanda elə təsəvvür edirəm ki, bu şeiri mən öz atam Qabil haqqında yazmışam. Leyla xanımın mövzu rəngarəngliyində hər bir oxucu özünü tapır.
ULDUZLAR PİLLƏ-PİLLƏ DÜZÜLSƏYDİ SƏMAYA
Ulduzlar pillə-pillə
Düzülsəydi səmaya.
Ay da nurun səpsəydi
Kəhkəşanlı yollara.
Birər-birər qalxardım,
Baş vurardım göylərə,
Səni oradan alıb,
Qaytarardım geriyə...
Külək qadir olsaydı,
Hissləri çatdırmağa,
Açaraq ürəyimi,
Verərdim tufanlara.
Coşardım, bağırardım,
Göyə, külli - aləmə.
Sən də duyardın yəqin, –
Darıxmışam mən necə...
Səsin yenə canlıdır,
Ürəkdədir o vaxtdan;
Ötən günləri, əlbət,
Sən də xatırlayırsan...
Çaylar çatdırsa mənə
Dediyin o sözlərdən
Bil ki, çox qiymətlidir
Min diləkdən, istəkdən...
Mən bilmirəm hardasan, –
Harda arayım səni?!.
Buludlara möhtacam,
Anlatsalar yerini...
Əlim əlinə dəysin,
Sığallayım, oxşayım.
Tək bu ana həsrətəm, –
Vüsalıma yetişim...
Yağış niyə ağlayır? –
Göz yaşı da bir ümman...
Bu suala cavabı,
Ala bilsəm yağmurdan
Ay da gələrdi dilə,
Söyləyərdi gizlicə –
Ruhun şaddır, yoxsa ki,
Gəzir göydə, eləcə?..
Yenə öncəki təki,
Qayğın mənə aşikar;
Uzaqda olsan belə,
Ruhun olur mənə yar...
Danışa bilsəydilər,
Uca dağlar, zirvələr,
Səni çox sevdiyimi
Həmən yetirərdilər.
Aramızda ağaclar,
Dönüb körpü olsaydı,
Ayaqyalın, başaçıq
gələrdim həmən
qaçıb;
Mən heç də hər hissimi
Sözə çevirəmmirəm,
Gülərdim, təbəssümüm
söyləyərdi:
– Sevirəm..!
Bir gün bir qalib gündüz,
Gecəni əsir alsa,
Günəş şəfəqləriylə,
Zülmətə işıq salsa...
Səni bağrıma basıb,
Bərk-bərk qucaqlayaram;
Nə olsa da, gözümdən
Uzağa buraxmaram...
Tək səndin mənə doğma
Bivəfa dünyamızda;
Xatirən əbədidir
Ürəyimdə, ruhumda...
Yenə də ümidliyəm
Bitməyəcək görüşə...
Mən buna inanıram
Ümman boyda sevgimlə...
-Bu şeirlərin ümumilikdə fəlsəfəsi nədir?
-Şeir insanı düşündürməlidir. Bircəciyini misal çəkim. “Hər kəsin öz sonu var”. Leyla xanım həyatı bir qatara bənzədir. Sərnişinləri isə biz insanlara. Bu qatar yol getdikcə zülmət tunelə də girir, işığa da çıxır. Amma sonda dayanır. Qatardakı sərnişinlər düşür, boşalan qatara yeni sərnişinlər minir. Leyla xanımın dünyaya, həyata baxışı qatarın timsalında çox gözəl və özəl ifadəsini tapıb.
HƏR KƏSİN ÖZ SONU VAR
Qatar, rels, bir də ki, yol,
Hamı deyir: - Yaxşı yol!
Taq-qa-tuq, çarxların səsi
Amma ki, eşidilmir,
Ürəklərin naləsi.
İnsanlar, talelər, müxtəlif qəlblər,
Onlar da çoxalır, uzandıqca yol.
O tələsmir, şütümür,
Tələsməyi faydasız.
İnsanlara vaxt verir
Yalvarışa, tövbəyə,
Ya da günah etməyə.
Vaxt ayırır, vaxt verir.
Tunel... zülmət, qaranlıq,
Ümidlər sönür bir an
O başdan gün görsənir
Dirilir sanki zaman.
Qatar yolunu seçib,
Gedir, elə ahəstə
Bizimçünsə yazılıb,
Hər gün, saat, saniyə
Qatar da amansızdır
Ömür kimi, gün kimi,
“Sonun ölümdür”- deyən
Bivəfa dünya kimi.
Düzdür, hamımız onun
Çəngindəyik bu səfər.
Amma ki, çox tənhayıq,
Ürəyimiz dərbədər.
Gözlərimiz yol çəkir,
Görən nəyi gözləyir?
Ağıl iztirab verir,
Şüur dinmir-danışmır.
Alına yazılana
Heç kim üsyana qalxmır.
Qatar, dayan, qulaq as,
İnsanların səsinə,
Ağrı-acılarına,
Acı göz yaşlarına.
Zamanın heç vaxtı yox,
Yenə saatın qurur,
Əqrəb yer dəyişdikcə
Bizi də zaman udur..
Stansiya görünür,
Sevinirik: - Çatmışıq!
Vaqon boşalır – dolur.
-Vaxt azdır! - əsəbindən
Bələdçi saçın yolur.
Qatarsa yola düşür.
Həyat kimi, ahəstə
Köhnələr yerin verir,
Yeni sərnişinlərə.
Yaxud da “Qu quşu”, “Pərvanə” şeirləri. Leyla xanım insanlara bu canlıların timsalında sevgi dərsi keçir.
Pərvanəm, sən isə uç!
Bilsən ki, öləcəksən
Lap külə dönəcəksən
Uç! Uç! Alovunu quc!
Məhəbbət misraları,
Hədiyyə et bizlərə
Əsl yaşamaq budur,
Yaysın bütün qəlblərə.
“Üç balıqçı və qızıl balıq” şeiri isə ayrıca bir məqalənin mövzusudur. Sadəcə cəmiyyətimizin bugünkü bəlası. Onu bu dərəcədə, bu səviyyədə açmaq hər şairə, yazıçıya qismət olmur.
- Şeir şairin xarakterini və həyatını açıb göstərə bilir?
Cəmiyyətdə tutduğun mövqedən asılı olmayaraq hamı, o cümlədən Leyla xanım Əliyeva da ilk növbədə insandır. Amma bir yaradıcı insan, şairə və rəssam kimi cəmiyyətə, insanlara baxışları onu digərlərindən fərqləndirir. Leyla xanım ruh adamıdır. Şeirlərində sevinc də var, kədər də... Amma məni ən çoxu bircə məqam çəkir. Və məni mənən onun poeziya dünyasına bağlayaraq bu şeirləri tərcümə etməyə ruhlandırır. “Ey insan, kimliyindən, cəmiyyətdə tutduğun mövqedən asılı olmayaraq birinci növbədə insanlığını göstərməlisən”.
- Mahir müəllim, tərcümələr kitab halında oxuculara nə vaxt təqdim olunacaq?
Çox gözəl sualdır. Bu sualdan Leyla xanımın daha bir xüsusiyyəti üzə çıxır. İndiyə qədər bir yerdə görmüsünüzmü ki, Leyla xanım özünü şairə adlandırsın?
- Xeyr.
Heç rus dilində yazdığı şeirlərini nəinki kitab halında, heç mətbuatda da yayınlamayıb. Saytlar, mətbuat, o cümlədən mən də bu şeirləri Leyla xanımın instaqram, veb-sayt səhifəsindən götürüb oxuculara təqdim edirik. Baxmayaraq ki, şəxsən mən onun ilk şeirini Xalq şairi Fikrət Qocanın Filarmoniyada keçirilən yubiley gecəsində eşitmişəm. Qabilin, Bəxtiyar Vahabzadənin iştirak etdiyi görüşdə babasına həsr etdiyi şeirini oxumuşdu. Heydər Əliyev də onun bu şeir yazmaq qabiliyyətindən böyük fəxrlə söz açırdı. Səhv etmirəmsə 1995-ci il idi - 10 yaşı vardı.
Leyla xanım Əliyeva çox təvazökar insandır və bu təvazökarlığı məni çox heyrətləndirir. Amma inanıram ki, sizin bu sualınıza qüvvət, oxucularının gözünü yolda qoymayacaq. Hər iki dildə şeirlər kitabıyla oxucularının intizarına son qoyacaq.
- Sağ olun müsahibəyə görə.
Siz sağ olun. Amma bu müsahibəyə heç oxşamadı. Bir poeziya söhbəti oldu. Saytınızda bu cür söhbətlər davamlı olsun. Mədəniyyətimizə, ədəbiyyatımıza, incəsənətimizə geniş yer ayırdığınıza görə təşəkkür.