"Konqonun azadlıq uğrunda mübarizəsində Azərbaycandan aldığı töhfəni nəzərə alsaq…"-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 21:31 04.04.2024

Aprelin 4-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Konqo Respublikasının prezidenti Deni Sassu-Nqesso mətbuata bəyanatlarla çıxış ediblər. 

 

Konqo prezidenti Deni Sassu-Nqessonun Azərbaycana səfəri hər iki ölkə üçün hansı imkanları yaradacaq?

 

Bu barədə “İnformator.az”a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov bildirir ki, bəzi dövlətlər ayrı dövlətlərin səfərləri zamanı fərqli yanaşma tərzi ortaya qoyurlar:

 

“Amma Azərbaycan üçün Konqo və ya Afrikanın digər dövlətləri hansı dərəcədə əhəmiyyətə malikdirsə, dünyanın digər dövlətləri də eyni əhəmiyyətə malikdir. Çünki biz BMT-nin üzvü olan dövlətləri, yəni beynəlxalq hüququn subyektlərini hamısını bərabər qəbul edirik. Biz gücündən, inkişafından və ya digər göstəricilərindən asılı olmayaraq bütün dövlətlərin ərazi bütövlüyünə, suvenerliyinə, müstəqilliyinə hörmət edirik. Və Konqo da o dövlətlərdən biridir. Konqo ilə Azərbaycan arasındakı münasibətlər Qoşulmama Hərəkatı çərçivəsində çox yüksək səviyyədə inkişaf edib. Azərbaycan 2019-cı ildən 2023-ci ilin sonuna qədər dünyanın BMT-dən sonra ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına rəhbərlik etdi. 120 dövlət, 25 dövlət və təşkilatı müşahidəçi qismində birləşdirən Qoşulmama Hərəkatına Prezident İlham Əliyev uğurla sədrlik etdi. Və bu sədrlik dönəmində Azərbaycan bir sıra uğurlu layihələrə imza atdı. Qoşulmama Hərəkatı çərçivəsində hərəkatının gənclər təşkilatı, qadınlar platforması, parlament şəbəkəsi, Bakı təşəbbüs qrupunun yaradılması istiqamətində Azərbaycanın addımları unudulmazdır. Bakı təşəbbüs qrupunun yaradılması ilə Fransanın müstəmləkiçilik siyasətinin neokolonialist mərhələsindən əziyyət çəkən, bütün hüquqları tapdalanan Konqo və digər dövlətlərin hüquqlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması uğrunda addımlar atılıb. Bakı təşəbbüs qrupu Fransanın neokolonialist siyasətinə son qoyuması istiqamətində tədbirlər keçirdib. Sentyabrda BMT-nin Baş Qərargahı-Nyu-Yorkda, noyabrda Bakı, dekabrda BMT-nin İsveçrə ofisində tədbirlərin keçirilməsi Fransa və onun timsalında neokolonialist siyasətdən yana olan dövlətlərin qanunsuzluğuna qarşı kompaniyadır”. 

 

Müsahibin sözlərinə görə, Konqo dövləti də Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən dövlət olub:

 

“Əslində Azərbaycanın bu addımları həmin dövlətləri, o cümlədən Konqo dövlətini bir dəyər uğrunda mübarizədə birləşdirir. Bu faktı da diqqətə çatdırım ki, bu ilin fevral ayında Moskva şəhərində millətlərin azadlığı uğrunda beynəlxalq form keçirilib. Formda Konqo nümayəndələri Fransanın onlara qarşı müstəmləçilik siyasətini davam etdirmək niyyətində olduğunu bildiriblər. Onlar sülhdən, insan azadlıqlarından dən vuran Fransa kimi dövlətlərin qanuna zidd addımlarına ilə mübarizə çərçivəsində birləşiblər. Məhz bu amillərlə Konqonun apardığı mübarizədə Azərbaycandan aldığı töhfəni nəzərə alsaq, Azərbaycana səfərinin onlar üçün nə dərəcədə əhəmiyyətli olduğunu anlamaq olar. Xüsusilə də 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycanın nüfuzu dünyada gündən-günə artmaqdadır. Afrika, Latın Amerikası, Cənub-Şərqi Asiyadan və digər regionlardan Azərbaycanla əməkdaşlıq etmək, qarşılıqlı səfərlər təşkil etmək istəyən dövlət rəhbərlərinin sayı daim artır. Bu da Prezident İlham Əliyevin siyasi lider olaraq Cənubi Qafqazla bağlı dünya səviyyəsində apardığı uğurlu diplomatiyanın, xarici siyasətin məntiqi nəticəsidir. Bir dövlət nə qədər qalib gəlirsə, yürütdüyü siyəsət təntənə qazanırsa, atdığı addımlar nə dərəcədə beynəlxalq səviyyədə dəstəklənirsə o dövlətin ətrafında birləşmək istəyən dövlətlərin və siyasi liderlərin sayı o qədər artır”. 

 

 

Gülnisə Əfkari