"Dinc nüvə enerjisinin inkişafı” fonunda yeni qarşıdurma-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 16:16 06.04.2024

"ABŞ Ermənistanda dinc nüvə enerjisinin inkişafı üzərində işləyir".

 

Bu sözlər Brüsseldə ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün yekunlarına dair bəyanatda yer alıb. Bəyanatda yayımlanan fikir bir çox suallar doğurub.

 

Bu barədə "İnformator.az"a açıqlama verən politoloq Yusif Bağırzadə qeyd edib ki, bəyanat Ermənistanda olan Metsamor Atom Elektrik Stansiyası ilə bağlıdır:

 

"Məlumdur ki, bu atom stansiyasının istehsal etdiyi enerji Ermənistanın elektrik ehtiyacının 40 faizindən çoxunu təşkil edir. Ermənistanın Atom Elektrik Stansiyasının (AES) texniki qulluğu və yanacaq təchizatı 100 faiz Rusiyanın “Rosatom” şirkətindən asılıdır. Ermənistan əsaslı təmirlərdən sonra bu stansiyanın 2036-cı ilə qədər də istismar edilə biləcəyini bildirib.

Başqa sözlə mövcud AES Rusiyaya Ermənistanın enerji təhlükəsizliyinə nəzarət etmək imkanı verir. Bu nəzarət həm də təzyiq etmək imkanları deməkdir".

 

Politoloqun sözlərinə görə, ABŞ bu istiqamətdə Ermənistanın Rusiyadan asılılığını azaltmaq üçün dinc nüvə enerjisinin inkişafı ilə bağlı yeni layihələr icra etmək istəyir:

 

"Belə olan halda isə Ermənistana nüvə enerjsi ilə bağlı yeni imkanlar təqdim olunmalıdır və ABŞ da məhz o imkanlarla bağlı Ermənistanla danışıqlar aparır. Bundan cəmi bir neçə gün əvvəl, yəni martın 21-də Paşinyan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin və Belçika hökumətinin təşkil etdiyi ilk Nüvə Enerjisi Sammitində çıxış edərkən nüvə enerjisini ölkəsinin enerji təhlükəsizliyinin təməl daşı adlandırdığınl və Metsamor AES-in ölkənin suverenliyini simvolizə etdiyini deyərək AES-in istismar müddətinin uzadılmasını təsdiq etdiyini bildirdiyini nəzərə alsaq, indi Metsamoru istismar müddəti səbəbilə bağlamaq mümkün olmayacaq. 

O zaman ortada iki yol var: Ya ABŞ Ermənistan üçün yeni AES tikir, ya da Ermənistanı Metsamor AES-in idarəçiliyini onlara verməyə məcbur edir. Yeni AES-in tikintisi uzun müddət və milyardlarla dollar vəsait deməkdir. Ermənistanın isə belə maliyyə imkanarı yoxdur. Heç bir başqa ölkə də, nə ABŞ nə Avropa İttifaqı belə maliyyəni ayırmaq fikrində deyil. 

Bütün bunlar onu deməyə əsas verir ki, biz tezliklə Ermənistanda “dinc nüvə enerjisinin inkişafı” fonunda yeni qarşıdurmaya şahidlik edəcəyik".

 

 

Banuçiçək Kalbalıyeva