Rusiya sülhməramlıları bölgəni tərk edir-Nə baş verir?
Bölmə: Siyasət › ,Tarix: 22:23 17.04.2024
Bu gün Rusiya sülhməramlılarının bir hissəsinin Qarabağı tərk etməsini əks etdirən görüntüləri yayılıb.
Bu mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Rusiya sülhməramlılarının Qarabağ bölgəsində yerləşməsi 10 noyabr 3 tərəfli bəyanata əsasən həyata keçirilir:
"Bu bəyanatda qeyd olunur ki, onların bölgədə qalmaq müddəti 5 ildir. Müddətin bitməsinə 6 ay qalmış tərəflər etiraz etməsə, müddət 5 il uzadılır. 2023-ci ilin 19-20 sentyabrında həyata keçirilən antiterror əməliyyatları nəticəsində Qarabağda terrorçu xunta rejiminin varlığına son qoyuldu. Bundan sonra bölgədə yaşan erməni əhalisi Qarabağı tərk etdi. Antiterror əməliyyatından sonra Rusiya sülhməramlılarının bölgədə yaratdığı 25 nəzarət postundan 15-i fəaliyyətini dayandırdı. Hal-hazırda bölgəni tərk edən qüvvə Kəlbəcər rayonunun Xudavəng məbədini qorayan Rusiya hərbçiləridir"
Politoloqun sözlərinə görə, Rusiya sülhməramlılarının bölgədə qalması üçün 2025-ci ilin noyabrına kimi vaxt var.
"Rusiyanın qüvvələrın bölgədə qalması gələcəkdə hərbi baza statusunun verilməsi kimi istəkləri vardır. Amma şərtlər dəyişib, hal-hazırda sülhməramlıların orada görəcəyi bir iş olmasa da, son dövrlər bir qismi ərazilərin minalardan təmizlənməsi izlərinə cəlb olunublar. Bu məsələ iki dövlət arasında müzakirə və həll olunmalı məsələdir. Bu gün sülhməramlıların bir hissəsinin bölgədən çıxması onların tamamilə bölgəni tərk etməsi anlamına gəlmir. 3 tərəfli bəyanatda qeyd olunan müddətin sonuna qədər sülhməramlıları orada görəcik".
Asiman Hafizqızı