"Ermənistan sülhə doğru ciddi addımlar atmaq niyyətindədir.."

Bölmə: Siyasət › ,
Tarix: 21:09 19.04.2024

Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib.

 

Görüş zamanı delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

 

İclasda qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, Tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.

 

Mövzu ilə bağlı Millət vəkili Fazil Mustafa "informator.az"a açıqlamsında bildirib ki, kəndlərin qaytarılması ölkə başçısının nə qədər dəqiq bir strategiyaya sahib olduğunu göstərir. Bununla yanaşı olaraq Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması bizim diplomatiyamizin uğrundan xəbər verir:

 

"Biz bu uğuru davam etdirməliyik. Ermənistan artıq regionda Azərbaycanın yaratdığı yeni reallıqlara barışmağın zəruri olduğunu başa düşür və anlayır ki, bu məsələdə dirəniş göstərmək olmaz. Biz görürük ki, Ermənistan sülhə doğru ciddi addımlar atmaq niyyətindədir. Əlbəttə ki, bu tendesiya davam edərsə, yaxşı mənada böyük dəyişliklər ola bilər. Böyük sülh müqaviləsi imzalana bilər".

 

 

Vüqar Alışov