"Ermənistan-Azərbaycan münaqişəsinin mövcud olmasında təkcə Ermənistan maraqlı deyil"-Tural İrfan

Bölmə: Siyasət › ,
Tarix: 22:26 23.04.2024

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik".

 

Bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında deyib.

 

Mövzunu "informator.az"a şərh edən politoloq Tural İrfan qeyd edib ki, indiyə qədər Ermənistan - Azərbaycan münaqişəsinin mövcud olmasında təkcə Ermənistan maraqlı olmayıb:

 

"Qərb, əsasən də Fransa mütəmadi olaraq Ermənistanı Türkiyə və Azərbaycana qarşı təhrik edib. Ümumiyyətlə Ermənistan adlı dövlətin yaranma ideologiyasının mahiyyəti Türkiyə və Azərbaycan üçün problem yaratmaq olub. Bu layihəni çəkənlərdən biri də Fransadır. Yunanıstan da Türkiyəyə qarşı düşmən mövqeyini gizlətmir. Məlumdur ki, Hindistan ilə Pakistanın Kəşmir problemi var. Azərbaycanın Pakistanın yanındadır. Adları çəkilən üç dövlətin Ermənistanı silahlandırması öz maraqlana görədir, Ermənistanın xeyrinə deyil. Çünki regionda və dünyada vəziyyət əvvəlindən tam fərqlidir. Odur ki, Fransa, Hindistan, Yunanıstan, İran Ermənistanı silahlandırmağa davam etməklə gərginliyi və ümumi silahlanmanı atırırlar. Regionda gərginliyə gətirib çıxara biləcək bu işlərdə regiona aidiyyatı olmayan dövlətlərin əli ilə görülürsə, bunu yalnız mənfi qiymətləndirmək olar". 

 

Azərbaycanın da bunun qarşısında silahlanmasını vacib sayan politoloq bildirib ki, dövlətimiz Türkiyə və Pakistanla hərbi əlaqələri daha da sıxlaşdırmalıdır:

 

"Ermənistanı bu dövlətlərin silahlandırması axırda Ermənistanın ümumiyyətlə dövlət kimi yox olmasına qədər gətirib çıxaracaq. O silahlar onlara heç bir kömək ola bilməz. Onlar üçün sülhdən başqa çıxış yolu yoxdur. Türkiyə əvvəlki Türkiyə deyil, həmçinin Azərbaycan da. Rusiyanın münasibəti də Ermənistan ilə son dövrdə qəti kəskinləşən istiqamətdə davam edir. Ermənistan artıq Rusiyanın da ayağına dolaşmağa başlayır. Odur ki, Rusiya istənilən situasiyada inkişaf edən əlaqələrinə rəğmən Türkiyə və Azərbaycanın mövqeyinə şərik olacaq, nəinki ona xəyanət etmiş Ermənistanın.

Müharibənin olacağını zənn etmirəm. 

 

Çünki Ermənistanı hər nə qədər silahlandırsalar belə Azərbaycan, Türkiyə və Pakistan birliyi qarşısında, Azərbaycanın qüdrətli, qalib ordusu qarşısında tab gətirə bilməz və bu da Ermənistanla yanaşı ona silah verən dövlətlərin də məğlubiyyəti demək olar".

 

 

Banuçiçək Kalbalıyeva