Azərbaycan və Ermənistan Fransanın siyasi marağında:-Politoloq AÇIQLADI

Bölmə: Siyasət › ,
Tarix: 23:25 13.05.2024

Fransa mayın 10 və 11-də Almatıda  Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların növbəti raundunun keçirməsini alqışlayır.

Bu barədə Fransa Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəs Azərbaycan və Ermənistan arasında baş verən görüşlər, siyasi vəziyyət Fransanın maraqlarında hansı təsiri bağışlayır?

 

Məsələ ilə bağlı politoloq Aytən Qurbanova "informator.az"a açıqlama verib. O bildirib ki, Fransanın Cənubi Qafqaz siyasətində Azərbaycanı hədəfə alan kifayət qədər məkrli və qərəzli çıxışlar artıq ənənəvi xarater aldığı üçün belə bəyanatlar təbii olaraq şübhə yaradır.

 

"İstisnasız olaraq qeyd etmək lazımdır ki, bu bəyanatın arxa pərdəsində səmimiyyət axtarmaq sadəlövh yanaşma olardı. Ancaq Fransanın  artıq post-müharibə dövrünün reallıqları ilə barışmaq ərəfəsində olduğunu da mütləq şəkildə qeyd etmək lazımdır. Necə ki, daha öncə keçmiş ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya və ABŞ-ın timsalında biz bunun şahidi olduq".

 

Politoloq qeyd edib ki, artıq Fransa da Cənubi Qafqazda Azərbaycanın maraqlarına zidd addımlar ata bilməyəcəyini çox yaxşı başa düşür.

 

"Ona görə də 10 may 2024-cü il tarixində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilmiş görüşün nəticələrinə dair rəsmi Parisin mövqeyi gözlənilən idi. Çünki Fransa Cənubi Qafqazdakı və ümumilikdə Türk dünyasındakı maraqlarının birbaşa olaraq Azərbaycan ilə münasibətlərin inkişaf dinamikasından asılı olduğunu bilir və Azərbaycanın ərazi bütövlüyünə və təhlükəsizliyinə təhdid yarada biləcək addımlardan çəkinməyin labüdlüyünü çox gözəl anlayır.

Həmçinin Qazaxıstanın tərəflər arsında görüçün keçirilməsi üçün öz təşkilatçılığını təklif etməsinə münasibətdə Fransanın sərgilədiyi “sükut” mövqeyi də buna bariz nümunədir. Cənab Prezident 28 fevral 2024-cü il tarixində Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bəyan etdiyi kimi: “Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür hərəkət etməlidirlər. Əks təqdirdə vəziyyət onların planlaşdırdığı kimi olmayacaq".

 

 

Mayıl Soltanov