“Gürcüstandakı proseslər Qərb-Rusiya qarşıdurmasının təzahürüdür…-Aytən Qurbanlı

Bölmə: Siyasət › ,
Tarix: 22:19 16.05.2024

Avropa İttifaqı xarici agentlər haqqında qanunun qüvvəyə minəcəyi təqdirdə Gürcüstanın üzvlük ərizəsini dondurmağa hazırlaşır

 

Bu barədə "Financial Times" yazıb.
Nəşr 3 avropalı rəsmiyə istinadən yazır ki, ölkə 2023-cü ilin dekabrında namizəd statusu alıb. Bundan əvvəl ölkə prezidenti Salome Zurabişvili qanuna veto qoyacağını bildirsə də, hakim partiyanın onu ləğv etmək üçün kifayət qədər səsi var.

Namizədliyini yaxın zamanda alsa da, bunu tez zamanda itirməyi Gürcüstan hökuməti necə qarşılayacaq ?

Qanun Gürcüstan-Avropa İttifaqı münasibətinə hansı təsir göstərəcək ?

 

Politoloq Aytən Qurbanlı mövzuyla bağlı açıqlamasında bildirir ki, Gürcüstan daxilindəki gərginliklər yalnız bu qanun layihəsi ətrafında yaranmış ziddiyyətlərin ortaya çıxması ilə kifayətlənməyəcək:



“Gürcüstanda baş verən proseslər Cənubi Qafqazda Qərb-Rusiya qarşıdurmasının növbəti təzahürləridir. Hakim  “Gürcü Arzusu” partiyasının parlamentdə üstün mövqeyə sahib olması prezidentin bu qanun layihəsini veto hüququndan istifadə ehtimalını da əhəmiyyətsiz edir”.



Politoloq qeyd edir ki, belə olan halda Gürcüstanın Avropa İttifaqına üzvlüyü məsələsinə dair mümkün ehtimallar da ciddi şübhə altına düşə bilər.

 

“İstisnasız olaraq onu qeyd etmək lazımdır ki, bu qanun layihəsi Gürcüstan-Avropa İttifaqı münasibətlərinə mənfi təsir göstərəcək. Həmçinin mövcud şəraitdə Gürcüstanın Avropaya inteqrasiya ilə bağlı hədəfləri hakimiyyət daxili ziddiyyətlərdən irəli gələn reallıqlarla üst-üstə düşmür. Ona görə də düşünürəm ki, Gürcüstan daxilindəki gərginliklər sadəcə bu qanun layihəsi ətrafında yaranmış ziddiyyətlərin ortaya çıxması ilə kifayətlənməyəcək”.

 





Azər Abuşov