Fələstini rəsmən tanıyan ölkələrin sayı artacaq? -Politoloqdan AÇIQLAMA

Bölmə: Siyasət › ,
Tarix: 21:35 22.05.2024

"Fələstinin qlobal siyasətdəki rolu regional sabitlik, insan haqları və beynəlxalq hüququn tətbiqi kimi bir çox sahələrdə müzakirə mövzusu olmaqda davam edir. İsrailin aylarla davam edən hücumları nəticəsində Qəzzada qarşıdurmaların şiddəti artdıqca, bütün dünyada Fələstin Dövlətinin tanınması çağırışları yenidən gündəmə gəlib".

 


Bu sözləri "informator.az"a açıqlamasında politoloq Züriyə Qarayeva  Norveçin Fələstini rəsmən tanımasıyla bağlı qeyd edib.
Politoloq başqa hansı ölkələrin bu addımı atacağı barədə danışıb:

 

"Norveç, İrlandiya və İspaniya Fələstini dövlət olaraq tanıyacaqlarını açıqlayıblar. Qərbin tanınması ilə bağlı qərarlar İsrailin qlobal siyasətdə manevr imkanlarını daraldacaq. Şimali Avropa ölkəsi Norveç mayın 28-də Fələstini rəsmən tanıyacaq. Sonra İrlandiya və İspaniya Fələstini dövlət kimi tanıyacaqlarını açıqladılar. İrlandiyanın baş naziri, "Bu mövzuda önümüzdəki həftələrdə addımlar atmağı planlaşdırırıq" dedi. İspaniyanın baş naziri Pedro Sançes mayın 28-də Fələstin dövlətini rəsmən tanıyacaqlarını açıqlayıb. Malta və Sloveniya kimi ölkələr də “uyğun şərait yarandıqda” Fələstini tanımağa hazır olduqlarını bəyan ediblər. Bu, Fələstin Dövlətinin beynəlxalq səviyyədə daha çox tanınmasını təmin edəcək mühüm addım hesab olunur".

 



Siyasi analitik deyir ki, bu vəziyyət Qərb dövlətlərinə təzyiq göstərə bilər.

 


" Fələstinin dövlət kimi tanınması İsrailin qlobal siyasətdə manevr imkanlarını daraldacaq. Başda ABŞ kimi ölkələrə təzyiq göstərə biləcək. Bu addım həm də  Fələstinin qlobal siyasətdəki rolunu qaynar və dinamik bir mövzu olaraq saxlamağa davam edəcək. Fələstinin beynəlxalq səviyyədə tanınması İsrail-Fələstin münaqişəsinin həlli istiqamətində mühüm addım hesab edilsə də, prosesin mürəkkəbliyi və müxtəlif siyasi, iqtisadi və təhlükəsizlik amilləri səbəbindən hələ də çoxlu qeyri-müəyyənliklər mövcuddur. Görünən odur ki, Fələstinin statusu və tanınması, xüsusilə iki dövlətli həll və regional sabitlik baxımından beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə davam edən mühüm məsələ kimi gündəmdə qalacaq.
Nəhayət, BMT Baş Assambleyası Fələstinin BMT-yə üzvlüyünün BMT TŞ-də yenidən müzakirə edilməsini və müşahidəçi statusuna malik Fələstinə bəzi əlavə hüquqlar verilməsini tələb edən qətnamə layihəsini qəbul edib. Sözügedən qərar Fələstinə BMT-yə tam üzvlük haqqı verməsə də, bir çox BMT üzvünün dəstəyini göstərdiyi üçün vacibdir. BMT-nin 193 üzvündən 139-u Fələstin dövlətini tanıyıb. Bu, Fələstinin artan beynəlxalq qəbulunu əks etdirən mühüm mənzərədir".

 


Züriyə Qarayeva sonda vurğulayıb ki, bundan sonra Qərbdə Fələstin Dövlətini tanıyan ölkələrin sayının artacağı gözlənilir.

 

 


Nəzrin Mirzəyeva