"İrəvandakı etiraz aksiyaları nəticəsiz qalacaq"-Politoloq açıqlama verdi

Bölmə: Siyasət › ,
Tarix: 13:29 27.05.2024

İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyası zamanı saxlanılanların sayı 240 nəfərə çatıb.

 

 

"Ermənistanda dünən keçirilən mitinq iki həftə öncəki mitinqdən heç nə ilə fərqlənmədi. Burada da eyni iddialar səsləndirildi". Bu sözləri keçirilən aksiyalar ilə bağlı "İnformator.az"-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

 

Politoloq hər iki aksiyanı müqayisə edərək bildirib:
"Dünənki aksiyada hakimiyyət uğrunda mübarizədə keşişin özünün baş nazirlik məsələsi konkretləşdi. Həmçinin, hökümətə "ultimatum" verildi. 9 mayda keçirilən etiraz aksiyasında keşiş Ermənistanın baş naziri Nikol Paşinyana bir saat ərzində istefa verməyi tələb etmişdi. Bu tələb, yəqin ki, N.Paşinyan tərəfindən rişxəndlə qarşılandı. Bu gün səhərdən İrəvanda başlanan yolbağlama cəhdlərinə qarşı polisin aldığı tədbirlər onu göstərir ki, Baqrat Qalstanyan onu irəliyə sürüb arxasında duran qüvvələrin sifarişlərini yerinə yetirir. Hakimiyyəti zorla dəyişməyə cəhd edir. Bu cəhdin uğurlu olması isə, məncə, mümkün olmayacaq. Hətta dünən özünün baş nazirlik ilə bağlı səsləndirdiyi fikirlər belə qanuna zidd əməldir. Ermənistan konstitutisiyası ikili vətəndaşlığı olan şəxslərə baş nazir olmağa icazə vermir. Hətta baş nazir olmaq istəyən şəxs vətəndaşlığın birindən imtina etsə belə o dörd il daha gözləməlidir. Bu baxımdan həm mitinq iştirakçıların sayı, həm də irəli sürülən tələblər baxımından ümumi vəziyyətə diqqət etdikdə bu etiraz aksiyalarının hansısa nəticəyə gətirib çıxaracağı imkansız görünür".

 

Çinarə Muradova