"İran "kökə və qamçı" siyasətini davam etdirəcək"-POLİTOLOQDAN ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 21:31 27.05.2024

Bildiyimiz kimi, İran İslam Respublikasında növbədən kənar prezident seçkiləri keçiriləcək.


Bəs yeni təşkil olunan hökumətin qonşu dövlətlərlə münasibətləri necə olacaq ?

 


Azərbaycanla münasibətlərdə hansısa dəyişikliklər olacaqmı ?


Mövzu ilə bağlı "informator.az"a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, İran Azərbaycan münasibətləri, İranda yeni hökumət formalaşana qədər baş verən proseslərdən aslıdır:


"İran prezidentinin qəzaya uğraması, birbaşa olaraq şübhələri Azərbaycana çəkdi. Bu prosesdən istifadə etmək niyyətində olan bəzi güclər var. Hansı ki, İranla Azərbaycan arasında münasibətlərin normallaşmasını istəmirlər. Bu birbaşa təxribat deyil. Sadəcə olaraq hazırkı vəziyyətdən istifadə etmək istəyən güclər var.

 

Bu məntiqlə yanaşsaq, bundan sonrakı proseslərdə həmin qüvvələr çalışacaqlar ki, şübhələri Azərbaycana çəksinlər və İranda hakimiyyətə gələcək gücə inandırmağa çalışacaqlar ki, bunu Azərbaycan edib. Məqsəd növbəti hakimiyyətin Azərbaycanla münasibətlərin normallaşmasına əngəl olmaqdır, istəyirlər ki, hazırda olan vəziyyətdən daha pis bir vəziyyət yaratsınlar. Amma İranla Azərbaycan arasında olan münasibətlərin indikindən daha pisləşəcəyini düşünmürəm. Nəzərə almaq lazımdır ki, hər iki dövlət qonşu dövlətlərdir. Eyni dinə sitayiş edən dövlətlərdir. Hər iki dövlətin Cənubi Qafqazda ortaq maraqları var. Hətta istisna deyil ki, aramızda olan bəzi anlaşılmazlıqlar aradan qalxsın. Buna nümunə olaraq elə Zəngəzur məsələsini göstərmək olar. Proseslərin necə inkişaf edəcəyi İranda yeni hökumət formalaşana qədər baş verən hadisələrdən aslıdır.

 

Kənan Novruzov İran Ermənistan münasibətləri məsələsinə də aydınlıq gətirib.

 

"Hakimiyyət çalışacaq ki, Ermənistanla olan münasibətləri qorusun. İran region ölkəsi olsa da, birbaşa Cənubi Qafqaz ölkəsi deyil, buna görədə İran Ermənistan vasitəsilə regiondakı təsir imkanlarını qoruya bilər. Azərbaycan güclü tərəfdir, ona diktə etmək çətindir. İranın Gürcüstana təsir imkanı yoxdur. Həmçinin Gürcüstan hazırda regional konfliktdən uzaqdır. Amma Ermənistana təsir daha rahatdır. Regionun ən zəif bənddir. İran hakimiyyəti çalışacaq ki,"kökə və qamçı" siyasətini yeritsin.

 

Növbəti hakimiyyət Ermənistana açıq dəstək verəcəyini düşünmürəm. Düşünürəm ki, Ermənistan və Azərbaycan arasında balanslı siyasət yeridər".

 

 

Vüqar ALIŞOV