"Ukrayna xalqı münaqişənin dayandırılmasını istəyirsə, yeni hakim seçməlidir"-Azad Məsiyev

Bölmə: Siyasət › ,
Tarix: 22:06 27.05.2024

"Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibəni faktiki cəbhə xəttində “dondurmağa” hazırdır".
Bu barədə “Reuters” Rusiya prezidentinə yaxın 4 mənbəyə istinadən yazıb.
Qeyd olunub ki, Vladimir Putin hazırkı cəbhə xəttini tanıyan atəşkəslə bağlı danışıqlar yolu ilə qonşu dövlətə qarşı təcavüzü dayandırmağahazırdır.

Deyilənlər hansı dərəcədə doğrudur? Putin savaşı dayandırmaq niyyətindədir ?

Hazırki cəbhədə müharibə dayanarsa, iki dövlət arasında sülh ola bilərmi?


Məsələylə bağlı “informator.az”a fikirlərini bildirən politoloq Azad Məsiyev bildirir ki, hər bir halda müharibədən ziyan çəkən Ukrayna olacaq:

 


“Ukrayna ərazisində gedən döyüş bir nəticədir. Bu nəticəni doğuran səbəb var. Əgər nəticəni aradan qaldırmaq istəsək, mütləq ki, onu doğuran səbəblərə aydınlıq gətirilməli və aradan qaldırılmalıdır. Münaqişənin əsas səbəblərindən biri Ukraynanın NATO-ya inteqrasiyası olub. ABŞ açıq şəkildə Ukraynanı Rusiyaya qarşı müharibəyə təhrik etdi və nəticə olaraq bu münaqişə baş verdi”.

 



Politoloq qeyd edir ki, Rusiya - NATO savaşında faktiki olaraq NATO məğlubiyyətə uğramaqdadır.

 

“Artıq Ukrayna ərazisində Ukraynayla Rusiya savaşı yox, NATO ilə Rusiya savaşı gedir.
Sadəcə Ukrayna bu savaşın poliqonuna çevrilib. İstənilən halda nəticədə ziyan çəkən Ukrayna olacaq.
Rusiya ilə Ukrayna arasındakı savaşın dayandırlması üçün yeni bir siyasi situasiya yaranmalıdır. Bu münaqişədə Qərbin planı ondan ibarətdir ki, Rusiya sanksiyalara məruz qalmaqla yanaşı, onu iqtisadi cəhətdən zəiflədib ixtişaş yaratmaqdır. Əksinə, bu gün Rusiya iqtisadi cəhətdən irəliləyir. Nəticə etibarilə iqtisadi cəhətdən ziyan Ukrayna ilə yanaşı Avropaya dəyir”.

 



Müsahib bildirir ki, Rusiya - Ukrayna münaqişəsi dayanarsa, dünyada siyasi-iqtisadi sabitlik yaranar.

 

“Başda ABŞ olmaqla Qərb bu münaqişənin dayandırlmasında maraqlı deyil və hadisələri daha da gərginləşdirir. Zelenski nə qədər ki, hakimiyyətdədir Rusiyayla Ukrayna arasında danışıqlar real görünmür. Artıq Zelenskinin hakimiyyət dövrü sona çatıb. Ukrayna xalqı bu münaqişənin dayandırılmasını istəyirsə, yeni bir hakim seçməlidir”.

 

 


Azər Abuşov