İşçi və işəgötürən münasibətləri- yaranan problemlər və həlli yolları

Tarix: 22:23 02.12.2024
İşçi və işəgötürən arasındakı mövcud münasibətlər etik davranış qaydaları, əmək münasibətləri və qarşılıqlı öhdəliklər üzərində qurulan mühüm məsələdir.
Bəs işçi və işəgötürən arasında baş verən fərdi əmək mübahisələri necə həll olunmalıdır?
Bu barədə hüquqşünas Günay Abbasova “İnformator.az”a açıqlamasında bildirib ki, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci işə uyğun olaraq, fərdi əmək mübahisələri mediasiya ilə həll oluna bilər:
“ Belə ki, fərdi mübahisələrə bağlı məhkəməyə müraciət edilməmişdən əvvəl tərəflərin “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirakı tələb olunur. Mediator tərəflərə mübahisənin həlli ilə bağlı təkliflər verir. Mediasiya prosesi barışığın əldə edilməsi ilə nəticələnmədikdə isə onlar mübahisənin həlli üçün məhkəməyə müraciət edə bilərlər. İşçi və işəgötürən münasibətlərinin qarşılıqlı etimad, bərabərlik, loyallıq, empatiya və ən əsası qanuni tələblər üzərində qurulması mümkün münaqişələrin baş vermə ehtimalını azaldan əsas faktordur. Biz işəgötürəni işçinin rifah və motivasiyasının, peşəkarlıq səviyyəsinin yüksəldilməsində bilavasitə məsul şəxs hesab edə bilərik. İşgüzar əlaqələrdə bu cür sabitlik güclü işçi-işəgötürən münasibətinin qurulmasına və işəgötürənin daha sadiq işçi kütləsi qazanmasına imkan yaradır”.
Hüquqşünasın sözlərinə görə, işçilər arasında ayrı-seçkiliyə yol verilməməsi, işçilərə qərəzsiz davranılması işçi hüquqlarının təməl daşıdır:
“İşçilərin irq, yaş, din, əlillik və cinsi oriyentasiya kimi faktorlara görə ayrı-seçkilikdən müdafiəsi onların bərabər imkanlarını təmin etməklə onların əməyə olan maraqlarının artırmasına rəvac verir. İşəgötürənlər performans təhlili, vəzifə dəyişikliyi və maaş artımları ilə bağlı qaydalarını təkmil və yenilikləri mütəmadi izləyən işçi siyasətlərinə uyğun aparmalıdırlar. İşçi və işəgötürən arasındakı geniş spektrli məsələlər, o cümlədən iş mühitinin fundamental prinsipləri və işçilərin hüquqları əmək qanunvericiliyinin tələblərinə və məşğulluq siyasəti və insan resurslarının inkişafı üzrə beynəlxalq əmək standartlarını müəyyən edən Beynəlxalq Əmək Təşkilatının “Əmək sahəsində təməl prinsiplər və hüquqlar və onların reallaşdırılması mexanizmi haqqında” Bəyannaməsinə əsaslanmalıdır”.
Nərmin Həşimova