Qəlb Qırılması: Duyğuların Sınağında Həyatın Yenidən Formalaşması

Bölmə: ,
Tarix: 23:12 20.12.2024

Qəlb qırılması, insanların emosional tarazlığını pozaraq düşüncələrində və davranışlarında fərqli dəyişikliklərə səbəb olur. Bu zaman yaranan hisslər və formalaşan vərdişlər insanın həyatına dərindən təsir edə bilər.

 

Mövzu ilə bağlı Psixoloq Nizami Orucov "İnformator.az" a müsahibəsində danışıb.

 

Psixoloq bildirir ki, qəlb qırılması zamanı əsasən iztirab, qorxu və qəzəb ön plana çıxır:

"İztirab insanın gözləntilərinin qarşılanmaması nəticəsində yaranan boşluq hissindən qaynaqlanır.Qorxu bundan sonra insanlara necə güvənəcəyimiz və bizi gələcəkdə nələrin gözlədiyi ilə bağlı qeyri-müəyyənlikdən irəli gəlir.Qəzəb isə qarşı tərəfin verdiyi zərər və gözləntiləri boşa çıxarması ilə formalaşır. Bu emosiyaların intensivliyi bəzi insanlarda kəskin reaksiya verməyə, hətta bəzən şiddətə və cinayətə belə meyl etməyə səbəb ola bilər".

 

Psixoloq vurğulayır ki, qəlb qırılması zamanı insanın özünə və başqalarına olan düşüncələrində dəyişikliklər baş verir:

“Özümüzdə mən sevilməyə, dəyər görməyə layiq deyiləmmi?, Məndə yanlış oldu deyəmi bunu yaşadım? Kimi özünə dəyər və yanaşmanın aşağı düşməsi müşahidə edilə bilər. Hansıki, bu düşüncələr əsl real və doğru olan deyildir. Çünki o an yüksək emosionallıq nəticəsində bu düşüncələr avtomatik olaraq ağlımıza gəlir və əsassız olur. O düşüncələrin müvəqqəti olduğunu bilməli və sağlam düşüncənin zamanla oturacağını dərk etmək lazımdır. Başqaları haqqında isə artıq heç kimə güvənməyəcəm, bu qədər rahat həyatıma daxil etməyəcəm kimi düşünərək ətrafla aramıza ciddi sərhədlər qoya bilərik. Səbəbi isə özümüzü müdafiə etmək, qorumaqdır. Eyni acını bir daha yaşamamaq üçündür".

 

Davranışlar və gündəlik həyatdakı təsirlər.

Qəlb qırılmasının gündəlik həyata təsirinə toxunan Nizami Orucov, bu dövrdə insanların daha səthi və qısa davranışlar nümayiş etdirdiyini bildirir:

 

"Ətrafı cəzalandırmaq məqsədilə mənalı əlaqələrdən qaçma tendensiyası artar, eyni zamanda ruh düşkünlüyü və halsızlıq müşahidə olunar. Bu ağır emosional prosesdən keçərkən, insanlara özlərinəsəbirli və anlayışlı yanaşmağı, emosiyalarının zamanla normallaşacağına inanmağı tövsiyə edirəm".

 

Mənfi təcrübələrin insanların dəyərini azaltmadığını vurğulayan mütəxəssis, hiss və emosiyaların insan həyatının ayrılmaz hissəsi olduğunu bir daha xatırladır:

 

"Acı və sevinc hissləri insan üçündür. Qəlb qırılması yaşamaq bizə ziyan vurmaq üçün deyil, bizi həyatımızda daha dərin mənalar kəşf etməyə yönəldə bilər".

 

Xanım Ağamalıyeva