5 MART- BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN GÜNÜ

Bölmə: İdman › ,
Tarix: 20:25 05.03.2025

 

 

 

Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər ilin bu günü Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir.

 

Ölkəmizdə Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması isə təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.

 

 

İdman sahəsində əsl yüksəliş dövrünü yaşayan Azərbaycanda mükəmməl idman infrastrukturu yaradılıb. Bütün bunlar ölkəmizi beynəlxalq nüfuzlu yarışların keçirilməsi üçün əlverişli məkana çevirib. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı tezliklə öz müsbət nəticəsini vermişdir.İdman yarışlarının təşkilində böyük təcrübəyə malik olan Azərbaycanda hər il beynəlxalq və yerli turnirlər keçirilir. Gimnastika üzrə Dünya Kuboku, Formula 1 üzrə Azərbaycan Qran-Prisi, bədii gimnastika üzrə Avropa çempionatı, taekvondo üzrə böyüklər arasında dünya çempionatı, şahmat üzrə kişilər və qadınlar arasında Dünya Kuboku, atıcılıq üzrə dünya çempionatı, çövkən üzrə dünya çempionatı, hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı kimi nüfuzlu yarışlar ölkəmizin qüsursuz təşkilatçılıq bacarığını bütün dünyaya nümayiş etdirib.Beynəlxalq yarışlarda qazanılan qələbələr və medallar isə Azərbaycanın idman ölkəsi olduğunu bir daha təsdiqləyib. 

 

Bütün bu uğurlar Azərbaycanda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi sayəsində əldə olunub. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük nailiyyətlərin qazanılacağına güclü zəmin formalaşdırır. Bununla da “Sağlam bədəndə sağlam ruh olar” prinsipinə söykənərək demək olar ki, Azərbaycan sağlam gəncliyi və sağlam gələcəyi olan bir dövlətdir.

 

Məryəm Zaliyeva