Paşinyan: Sülh Prosesi Uğursuz Olub, Müharibə Qaçılmaz Ola Bilər

Tarix: 21:03 12.03.2025
Ermənistanın ‘’Hraparak’’ nəşri yazır ki, Paşinyan qapalı iclas keçirib. İclasda Azərbaycanla sülh müqaviləsindən danışıb və sülh prosesinin nəticə vermədiyini bildirib. O deyib ki, Bakı nə iddialardan, nə də dəhliz tələbindən əl çəkir, razılaşmasaq, müharibə qaçılmaz olacaq. O, ictimaiyyəti məlumatlandırmağı tapşırıb. Qeyd etmək lazımdır ki, Paşinyan hökumətinin üzvləri son vaxtlar Zəngəzur bölgəsinə gedərək əhalini müharibə ilə qorxudur. Nəşr iddia edir ki, Paşinyan Zəngəzur dəhlizinin açılmasından başqa yolu olmadığına görə əhalini müharibə ilə qorxudur. ‘’Caliber.az’’ isə iddia edir ki, Ermənistan aprel ayında Azərbaycanla müharibəyə hazırlaşır.
Mövzu ilə bağlı ‘’informator.az’’a açıqlamasında siyasi şərhçi Sahil Kərimli bildirib ki, bütün dünya yaxşı bilir ki, biz də görürük ki, Cənubi Qafqazda sülh və əmin-amanlığa yeganə qənim olan ölkə Ermənistandır:
"Bu gün Ermənistan siyasi manipulyasiyalar edərək beynəlxalq ictimaiyyətə özünü sülhün tərəfdarı olması kimi göstərməyə çalışsada, əsl həqiqət ortadadır. Bütün dünya yaxşı bilir ki, biz də görürük ki, Cənubi Qafqazda sülh və əmin-amanlığa yeganə qənim olan ölkə Ermənistandır. Ermənistan beynəlxalq qüvvələrin, Avropa və qərb dairələrinin təzyiqi və təsiri altında Azərbaycanla sülh müqaviləsini imzalamaq istəmir. Bununla da, yenidən bölgədə yeni müharibə ocağının yaranmasına şərait yaradır. Bu gün Ermənistan baş naziri Nikol Paşinyan qapalı iclasda çıxışı zamanı bu cür bəyanatlar səsləndirərək məsuliyyəti öz üzərindən atmağa çalışır və bildirmək istəyir ki, guya Ermənistan sülhə razıdır, Azərbaycan buna mane olur. Azərbaycanın tələbləri haqlıdır, Azərbaycan Zəngəzur dəhlizinin açılmasını tələb edir. Amma müharibə ocağı yaratmaq istəyən Ermənistandır. Çünki Ermənistan dayanmadan kütləvi şəkildə silahlandırılır və bu silahlar ağır silahlardır. Bu da onu göstərir ki, Ermənistan Azərbaycanla yeni müharibəyə hazırlaşır. Bu gün sülh müqaviləsini imzalamaqdan yayınmaqla bu ehtimalı daha da gücləndirir. Təbii ki, əgər Ermənistan sülhdən yayınsa, Azərbaycanın haqlı tələblərini yerinə yetirməsə və bununla yanaşı, hərbi təxribatlara əl atarsa müharibə qaçılmaz olacaqdır. Çünki Azərbaycanın səbrinin həddi var. Əgər Ermənistan könüllü şəkildə sülhə gəlməsə, məcburi şəkildə gətiriləcəkdir. Əgər yenə hərbi təxribatlar törədərsə, Azərbaycana qarşı hücum planı hazırlayarsa, Azərbaycan ordusunun cavabı olduqca sarsıdıcı olacaq. Hətta deyərdim ki, bir neçə saat içərisində Ermənistanın bütün ordusu darmadağın ediləcəkdir. Buna heç kimin şübhəsi yoxdur və heç də olmasın".