“Eksponatlara yanaşma estetik deyil, etik məsələdir”

Tarix: 21:06 21.04.2025
Muzey sadəcə keçmişin qalıqlarını saxlayan bir yer deyil, həm də yaddaşın gələcəyə ötürülməsi üçün yaradılmış bir mədəniyyət məkanıdır. Muzeylər, cəmiyyətlərin kimliyini, estetik düşüncəsini, tarixi inkişafını və mənəvi sərvətlərini gələcək nəsillərə çatdıran arxivlərdir desək, mübaliğə etmiş olmarıq. Onların əsas funksiyası isə eksponatların mühafizəsi və nümayişidir.
Mövzu ilə bağlı sənətşünas Sədaqət Əliyeva “İnformator.az”a açıqlamasında bildirib ki, muzeylərdə nümayiş etdirilən eksponatlar konkret bir maddi obyekt olsa da, yalnız fiziki baxımdan qiymətli deyil:
“Onlar tarixdən gələn bir məlumat daşıyıcısı, mənəvi dəyər və kollektiv yaddaşın bir hissəsidir. Bu baxımdan eksponatlara həm maddi, həm də mənəvi məsuliyyətlə yanaşmaq tələb olunur. Onlar yalnız bir əşya deyil, həm də bir dövrün, bir xalqın, bir şəxsiyyətin səsini, nəfəsini, ruhunu içində daşıyan canlı varlıq kimi qorunmalıdır. Məhz buna görə də eksponatların qorunması təkcə texniki proses deyil, eyni zamanda dərin mədəni və etik məsələ hesab edilməlidir.
Muzeylərdə eksponatların qorunması üçün müxtəlif tədbirlər görülür. Kağız, parça, taxta, dəri kimi orqanik materiallardan hazırlanmış əşyalar xüsusi temperatur və rütubət şəraitində saxlanılır. UV şüalarından qorunmaq üçün filtrli işıqlandırma, iqlim nəzarəti, toz və zərərvericilərə qarşı sistemlər tətbiq olunur. Beynəlxalq təcrübəyə nəzər salsaq, Antverpendə yerləşən Kral İncəsənət Muzeyində (KMSKA) bərpa emalatxanasında şəffaf şüşə arakəsmə sistemi qurulub ki, ziyarətçilər bərpa prosesini canlı şəkildə izləyə bilsinlər. Bu, həm şəffaflıq, həm də ictimai maarifləndirmə baxımından vacib bir addımdır. Eksponat yalnız qorunmur – o, həm də danışır, yaşadığı proseslərlə insanla bağ qurur”.
Ekspert qeyd edib ki, Azərbaycan muzeylərində də bu sahədə müsbət təşəbbüslər mövcuddur:
“Xüsusilə Xalça Muzeyində bərpa şöbəsinin fəaliyyəti və emalatxanaların texniki təchizatı müasir tələblərə cavab verir. Bu muzeydə nümayiş etdirilən əşyaların – xalçaların, tekstil materiallarının – korroziyaya və çürüməyə daha tez məruz qalan materiallar olduğunu nəzərə alsaq, onların qorunması üçün yaradılmış şərait mükəmmələ yaxın hesab oluna bilər. Həmçinin Milli İncəsənət Muzeyində də eksponatların qorunması sahəsində bərpa və saxlanc işləri illərdir ki, müəyyən sistemə salınıb və mütəxəssislər tərəfindən yüksək səviyyədə aparılır. Lakin, sözsüz ki, ümumi mənzərəyə baxdıqda – xüsusən də yalnız Bakıdakı böyük muzeyləri yox, bölgələrdəki diyarşünaslıq və ev muzeylərini nəzərə alsaq – bir sıra texniki və struktur problemlər hələ də qalmaqdadır. Hətta paytaxtda yerləşən iri muzeylər belə bəzən istər iqlim nəzarəti sistemlərində, istər ekspozisiya işığında, istərsə də bərpa avadanlıqlarında çətinliklər yaşayır. Bu problemlər daha kiçik muzeylərdə və qalereyalarda daha qabarıq şəkildə özünü göstərir”.
Sənətşünasın sözlərinə görə, diqqət edilməli olan əsas məsələlərdən biri də savadlı və bu sahəyə həssaslıqla yanaşan kadrların yetişdirilməsi və mövcudluğudur:
“Yalnız müasir texniki avadanlıqların olması ilə iş bitmir. Eksponatla doğru şəkildə davranmaq üçün həm ekspozisiya şöbələrində, həm ekskursiya aparıcıları və zal nəzarətçiləri arasında, həm də saxlanc və bərpa şöbələrində çalışan bütün əməkdaşlar dərin məsuliyyət daşıyır. Eksponatlar yalnız mədəniyyətin bir obyekti deyil, eyni zamanda canlı orqanizm kimidirlər. Onlara gələcəkdən baxıldıqda da “canlı” görünmələri üçün bu gün onlara göstərilən münasibət həddindən artıq həssas və peşəkar olmalıdır.
Eksponatın məhvə məruz qalması – istər yanlış işıq, istər rütubət, istərsə də diqqətsiz münasibət səbəbindən – mədəniyyətə qarşı bir cinayət qədər ciddi qəbul olunmalıdır. Şübhəsiz, bu sahədə çalışan savadlı və fədakar muzey işçiləri ölkəmizdə mövcuddur. Onların sayəsində bu sistem hələ də yaşamaqdadır. Lakin ümumi olaraq bu, hər zaman daha artıq diqqət və qayğı tələb edən sahədir. Çünki biz yalnız keçmişi qorumaqla gələcəyi yarada bilərik”.
Ən çətin saxlanılan eksponatlar haqqında isə sənətşünas Sədaqət Əliyeva bildirib ki, həmin eksponatlar, bəlkə də, ən çox “danışan”lardır — parça, kağız, taxta, dəri və digər orqanik materiallardan hazırlanmış əsərlər:
“Onlar zamanla nəfəs alır, bəzən susur, bəzən isə parçalanmağa başlayır. Bu eksponatlar bəzən yalnız öz varlığı ilə deyil, daşıdığı qoxu, yaddaş və izlərlə də yaşamağa çalışır. Məsələn, qədim bir milli libas – min illərin tozunu, nənələrin əllərinin izini daşıyır. Onu sadəcə vitrinə qoymaqla qorumaq mümkün deyil. Parçanı hava və işıqdan qorumaq, zaman-zaman “dinləndirmək”, əgər lazımdırsa, bərpa etmək vacibdir.
Kağız isə – bəlkə də, tarixin ən narahat şahididir – həm rütubətdən, həm istilikdən, həm də bəzən insandan qorunmalıdır. Dünya praktikasında – məsələn, Vatikanda saxlanılan qədim əlyazmalar yalnız robotlaşdırılmış iqlim otaqlarında saxlanılır. Hətta bəzilərinə insan əli toxuna bilmir, yalnız robotlar tərəfindən səhifələr çevrilir. Bizdə isə – bəzən eksponatın əhəmiyyəti qədər onun “yer problemi” daha çox nəzərə alınır. Saxlanclar hələ də bir çox muzeydə “arxa otaq” məntiqi ilə işləyir. Halbuki, saxlanc muzeyin ürəyidir. Orada nəfəs darlığı olmamalı, hər eksponat öz tarixiylə birlikdə yaşamalıdır”.
“Yekun olaraq bildirmək istərdim ki, eksponatlara yanaşma — estetik deyil, etik məsələdir. Onlara bir vitrindəki əşya kimi yox, bir canlıya olduğu kimi yanaşmaq lazımdır. Əgər bir rəsmin qarşısında dayanıb dərin duyğular hiss edirsinizsə, deməli, o yaşayır, deməli, onu yaşatmaq da bizim borcumuzdur.
Azərbaycanda bu sahədə atılan addımlar var – amma onlar hələ də ilk addımlardır. Bizim muzeylərdə ekspozisiyalar bəzən dekorativ məqsədlərlə qurulur, amma eksponatın nəfəsi, ehtiyacı, yeri nəzərə alınmır. Eləcə də saxlanc sahəsi bəzən ya sıxlıq, ya rütubət, ya da sadəcə diqqətsizliklə əhatələnir. Dünya muzeyləri təcrübəsini öyrənmək, amma onu kor-koranə deyil, öz şəraitimizə uyğunlaşdıraraq tətbiq etmək vacibdir. Çünki hər eksponat – istər Bizans dövrünə aid bir ikon olsun, istərsə də Qarabağ xalçası – eyni səviyyədə yaşamağa haqqı olan yaddaş daşıyıcısıdır. Bir eksponatı qorumaq, əslində, yaddaşı qorumaq deməkdir. Bu səbəbdən də eksponatların qorunması sadəcə texniki proses deyil – mənəvi məsuliyyətdir!”
Türkanə Meşədiyeva