BDU-da “Mediada uşaq hüquqlarının qorunması” mövzusunda seminar keçirilib

Tarix: 12:44 23.04.2025
Audiovizual Şura Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində “Mediada uşaq hüquqlarının qorunması” mövzusunda növbəti interaktiv seminar təşkil edib.
Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev və Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı fakültənin tələbələri ilə görüşüblər.
Tədbirdə uşaq hüquqlarının mediada qorunmasının vacibliyindən danışılıb. BDU-nun kafedra müdiri Aynur Nəsirova audiovizual media və onun tənzimləməsi məsələlərinə tələbələrin göstərdiyi maraqdan söhbət açıb. Taleh Quliyev təqdimatında uşaqların zərərli informasiyalardan qorunması, onların mediada təhlükəsizliyinin təmin edilməsi və bu məsələdə jurnalistlərin məsuliyyəti barədə fikirlərini bölüşüb. O, həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin televiziya və radio yayımı üzrə tənzimləyici orqanlarının Forumunun (BRAF) “Media xidmətlərində uşaqların müdafiəsi” mövzusunda 11-ci Toplantısına dair yekunları barədə danışıb. Eyni zamanda fakültə rəhbərliyinə yaradılan şəraitə görə təşəkkürünü bildirib.
Ayxan Sadıqlı öz çıxışında bildirib ki, uşaq hüquqları məsələsi keçmişdən bu günə aktuallığını qoruyan mövzudur. O, qeyd edib ki, uşaq hüquqlarının qorunması ilə bağlı Azərbaycanda ilk ciddi hüquqi əsaslar 1998-ci ildə, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş qanunlarla qoyulub.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.