OXŞAR TALELİ RƏFİQƏLƏR

Tarix: 21:49 20.05.2025
Məmmədquluzadə(Cavanşir) Həmidə xanım Əhməd bəy qızı və Şahtaxtlı (Ağalarova) Səkinə Allahyar qızı. 20-ci yüzilliyin əvvəllərində Azərbaycanın ilk maarifçi, xeyriyyəçi qadınlarından olan bu iki kübar xanımı bir çox oxşar cəhətlər, xüsusən də eyni tale yaşamaları birləşdirirdi.
Hərbi podpolkovnik İbrahim bəy Davatdarovla ailə həyatı quran Həmidə xanım həyatda ilk zərbəni çox tez alır. 1902-ci ildə döyüşlərin birində ömür yoldaşı İbrahim bəy vəfat edir. Həmidə xanım iki uşaqla Kəhrizliyə, ata evinə qayıdır...
19-cu yüzilliyin sonu, 20-ci yüzilliyin əvvəlləri Tiflis zadəganları arasında “Sofiya xanım” kimi tanınan Ağalarova Səkinə Allahyar qızı 1885-ci ildə dövrün tanınan jurnalisti, alimi, ictimai xadimi İsa Sultan Şahtaxtlı ilə ailə qurur. Bu izdivacdan altı qız övladı dünyaya gəlir. Leylabanu, Nazlıbanu, Fatmabanu, Adiləbanu, Cəmiləbanu. Altıncı qız dünyaya gələndən bir neçə gün sonra Səkinə xanım taleyin amansız zərbəsi ilə üz-üzə qalır. Gənc, ailəcanlı, mehriban ömür-gün yoldaşı İsa Sultan vəfat edir. Bu amansız itki Səkinə xanımı taleyin ağır zərbələrinə məruz qoyur. Hələ 30 yaşı olmayan Səkinə xanım qızları ilə birlikdə (böyüyü səkkiz yaşında idi) üz tutur Tiflisə...
...Həmidə xanımla Səkinə xanım ilk dəfə Qarsda görüşüblər. Hər ikisinin həyat yoldaşı eyni vaxtda orada qulluq edib. Həmidə xanımın əri İbrahim bəy Davatdarov rus ordusunun podpolkovniki idi. Səkinə xanımın əri İsa Sultan Şahtaxtlı isə Qars şəhər idarəsinin sədri, Qars vilayət rəisi yanında xüsusi tapşırıqlar üzrə məmur, Qars vilayəti hərbi qubernatorun dəftərxanasında xüsusi tapşırıqlar üzrə baş məmur, Qafqaz ordusu və Qafqaz hərbi dairəsində xüsusi tapşırıqlar üzrə baş məmur vəzifələrində çalışıb. Ailəvi olan bu dostluq sonralar hər iki xanım tərəfindən davam etdirilib. Çox gənc yaşında həyatın belə ağır zərbəsini alan bu xanımlar nəinki həyatda ayaq üstə durmağı bacarıb, hətta öz övladlarından başqa digər imkansız ailələrin övladlarının təhsil alması, cəmiyyətdə yer tutması üçün də əllərindən gələni əsirgəməyiblər.
Belə ki, Həmidə xanım Kəhrizlidə qız məktəbi açıb, qadınlar üçün toxuculuq sexi yaradıb, “Molla Nəsrəddin” jurnalının çapına maddi dəstək verib və s.
1910-cu ildə Səkinə-Sofiya xanımın təşəbbüsü ilə ilk dəfə olaraq Tiflisdə Müsəlman Qadınları Xeyriyyə Cəmiyyəti yaradılıb və bu cəmiyyətin xətti ilə müsəlman qızları məktəblərə cəlb edilib, təhsilə yiyələnib. Bütün bunları həyata keçirməklə Sofiya xanım sevimli, mərhum ömür-gün yoldaşının fikirlərinin və əməllərinin davamçısına çevrildi. O, çox cətinliklərlə rastlaşsa da, qızlarını İsa Sultanın arzuladığı kimi böyütdü. Qızlarına nəinki Tiflisdə təhsil verməklə kifayətləndi, hətta iki qızı Leylabanu və Adiləbanunun Peterburqda, İsveçrədə ali təhsil almasına şərait yaratdı.
...Qarsda ilk dəfə görüşüb yaxın rəfiqə olan Həmidə xanımla Səkinə xanım illər sonra Tiflisdə görüşürlər. Bu haqda Həmidə xanım xatirələrində yazırdı: “Sentyabrın sonlarında qızım Minanı Tiflis Qızlar İnistitutuna aparmışdım. O, bu inistitutun pansioneri idi. Biz Tiflisdə İsa Sultan Şahtaxtlının dul zövcəsi, təhsilli müsəlman qadın, mənim rəfiqəm Sofiya xanım Şahtaxtlının evində yerləşmişdik. Sofiya xanımın da iki qızı –Fatmabanu və Nazlıbanu bu inistitutda oxuyurdu”.
Daha sonra Həmidə xanımın xatirələrindən bəlli olur ki, o, atası Əhməd bəy Cavanşirin tərcümələrini çap etmək fikrində olduğunu Sofiya xanıma bildirdikdə o, Mirzə Cəlili evinə dəvət edir. Bu ilk görüşü Həmidə xanım belə xatırlayırdı: “Oktyabrın 13-də axşamçağı Mirzə Cəlil dostu və həmkarı Ömər Faiq əfəndi Nemanzadə ilə birlikdə gəldi. Mirzə Cəlil arıq, bəstədən bir azca hündür boylu idi. Səliqə ilə geyinmişdi. O, hədsiz ciddi idi, üzü heç gülmürdü... Mirzə Cəlilin dostu şair Faiq əfəndi isə əksinə çox canlı və söhbətcil adam idi. Mən Mirzə Cəlilə atamın əlyazmalarını verdim və xahiş etdim ki, onları çap etsin.
Bu görüşdə Mirzə Cəlilin üzv olduğu və katib kimi çalışdığı Müsəlman Xeyriyyə Cəmiyyətindən söz düşəndə o, bizdən soruşdu: “Niyə siz, ziyalı müsəlman qadınları birləşib özünüzün xeyriyyə cəmiyyətinizi yaratmırsınız?”.
Həmidə xanımla Səkinə xanım Mirzə Cəlilin bu təklifini bəyənir və elə səhərisi günü bu məqsədlə Tiflisdə yaşayan tanınmış müsəlman ailələri ilə görüşürlər. Onlar ilk olaraq Mirzə Fətəli Axundzadənin qızı Nisə və nəvəsi Mələksima xanımla məsləhətləşirlər və Tiflis Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyətinin nizamnaməsini hazırlayaraq işə başlayırlar. Bu işlərin həyata keçməsində əsas ağırlıq Sofiya xanımın üzərinə düşür. Çünki Həmidə xanım tez bir zamanda Kəhrizliyə qayıdır. 1906-cı il may ayında Həmidə xanım qızı Minanı görmək məqsədilə yenidən Tiflisə gəlir. Tiflisdə Sofiya xanımın evində bir daha Mirzə Cəlillə görüşür. Bu görüş zamanı Həmidə xanım Mirzə Cəlildən xahiş edir ki, Əhməd bəyin kitabının satışından gələn məbləğin müsəlman qız məktəbinə çatacağını jurnalda xəbər versin.
1906-cı ilin sonlarında Həmidə xanım Tiflisdən Sofiya xanımdan məktub alır. Məktubda Sofiya xanım Mirzə Cəlilin adından onunla ailə qurmasını təklif edir. İlk dəfə Həmidə xanım bu təklifə rədd cavabı verir.
Sonradan Mirzə Cəlillə Həmidə xanımın ailə qurmasında Sofiya xanımın çox böyük köməkliyi olur. Bu izdivacdan razı qalan Həmidə xanım və Mirzə Cəlil bunun üçün Sofiya xanıma hər an öz minnətdarlığını bildirirlər. Bunu Həmidə xanım “Mirzə Cəlil haqqında xatirələrim” adlı kitabında bir neçə dəfə qeyd edib.
Qadının bir əşya kimi alınıb-satıldığı zamanda Sofiya xanım tək başına yalnız öz altı qızını oxutmaqla kifayətlənməyiblər. O, Tiflisdə Qadın Xeyriyyə Cəmiyyəti yaradaraq müsəlman qadınlarının, qızlarının maariflənmə-sində fəal iştirak etdi və 1917-ci ilə kimi Cəmiyyəti çətin də olsa yaşatdı. Bununla da Azərbaycan qadınlarının maariflənməsində, inkişaf və tərəqqi etməsində mühüm rol oynadı.
Unutmayaq ki, Avropada ilk təhsil alan Leylabanu xanım Səkinə xanımın böyük qızı idi. Avropada ilk ginekoloq təhsili alan Adiləbanu xanım sonralar öz xatirələrində onların oxuması üçün anası Səkinə xanımın necə böyük cətinliklərlə üz-üzə qaldığını bildirirdi. “Hər birimiz gimnaziya və univerisitet təhsili aldıq. Anamız bizim oxumağımız üçün çox çətinliklər çəkirdi. Amma heç ruhdan düşmürdü. Çox iradəli və ziyalı bir qadın idi. Nəinki bizim, hətta qohum-qonşu qızlarının da oxuması üçün əlindən gələni edərdi. Tiflis Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyətinin ən fəal üzvü idi”. Sofiya xanım, Həmidə xanım kimi anaların həyatı, ömür yolu, ailələrinin, övladlarının xoşbəxtliyi uğrunda çəkdikləri cəfalar örnəkdir bugünki gənc analarımıza.
Qərənfil Dünyaminqızı