Paytaxtda ödənişli xidmətlərin dəyəri 11 % artıb

Tarix: 10:54 29.05.2025
Bu ilin yanvar-mart aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2 milyard 134,5 milyon manat olub.
"İnformator.az" “Report”a istinadən xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2024-cü ilin ilk rübü ilə müqayisədə real ifadədə 11 % çoxdur.
Hüquqi şəxslər əhaliyə 1 milyard 778,8 milyon manatlıq xidmət göstərib. Bu da xidmətlərin ümumi dəyərinin 83,3 %-ni təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,4 % artaraq 3 milyard 334,7 milyon manat olub. Hüquqi şəxslər əhaliyə 2 milyard 530,4 milyon manatlıq xidmət göstərib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,9 %-ini təşkil edib.