Azərbaycanla ABŞ arasında iqtisadi-ticari əlaqələr müzakirə olunub

Tarix: 23:39 29.05.2025
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns ilə görüşüb.
Bildirilib ki, tərəflər iqtisadi-ticari əlaqələrin inkişaf istiqamətlərini müzakirə ediblər.
"Azərbaycanın Avropa və Mərkəzi Asiya ölkələri arasında regional mərkəz kimi strateji mövqeyi, Orta Dəhliz layihəsinin perspektivləri, investisiya, enerji infrastrukturu və sənaye sahələrində birgə təşəbbüslər barədə fikirlərimizi bölüşdük", – M. Cabbarov qeyd edib.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan Orta Dəhlizdə əhəmiyyətli rola malikdir:
“Azərbaycanın Orta Dəhlizdəki rolu olduqca önəmlidir. Çünki Orta Dəhlizin əsas marşrutu məhz Azərbaycan üzərindən keçəcək. Yəni, Azərbaycan Orta Dəhlizin əsas nəqliyyat-kommunikasiya infrastrukturunun təminatçısı rolunda çıxış edəcək. Bu baxımdan Azərbaycan Orta Dəhliz üçün strateji əhəmiyyət daşıyan ölkədir.
Eyni zamanda, bu dəhlizin daha effektiv işləməsi üçün Zəngəzur dəhlizinin açılması da olduqca vacibdir. Çünki Zəngəzur dəhlizi daha qısa və səmərəli nəqliyyat-kommunikasiya marşrutunun təmin olunması baxımından böyük əhəmiyyətə malikdir. Ümumiyyətlə, həm Azərbaycan, həm də bütövlükdə Cənubi Qafqaz Orta Dəhliz üçün strateji məkandır. Bu, Avropanın Asiya ilə birləşdirilməsində xüsusi rol oynaya biləcək nəqliyyat-kommunikasiya infrastrukturu deməkdir.
O ki qaldı Azərbaycan və ABŞ arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə, təbii ki, bu hər iki ölkənin milli maraqları baxımından böyük önəm daşıyır. İqtisadi-ticari əlaqələrdə dərinləşmə yaxın və orta perspektivdə Azərbaycan və ABŞ arasındakı siyasi tərəfdaşlığa da xüsusi təsir göstərə bilər. Hazırda ABŞ Azərbaycanın rolunu ciddi qəbul etməyə başlayıb. Azərbaycanın beynəlxalq aləmdə artan rolu və mövqelərinin güclənməsi ABŞ-nin də diqqətini cəlb edib.
Bu baxımdan Tramp administrasiyası dövründə Azərbaycan–ABŞ münasibətlərinin tamamilə fərqli keyfiyyət qazanacağı istisna deyil. Bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ehtimalı da var. Bunun üçün bütün perspektiv imkanlar və resurslar mövcuddur. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Bayden administrasiyası dövründə ciddi şəkildə pozulmuş münasibətlərin Tramp administrasiyası dövründə bərpa olunacağına və inkişaf etdiriləcəyinə ümid bəsləyir.
Bu baxımdan iqtisadi-ticari münasibətlərin siyasi proseslərə və siyasi əməkdaşlığa da birbaşa təsir göstərəcəyi qətiyyən istisna deyil".
Politoloq əlavə edib ki, ABŞ-nin dünyanın bir çox regionlarında, o cümlədən Cənubi Qafqazda xüsusi maraqları mövcuddur:
“Təbii ki, ABŞ-nin dünyanın müxtəlif bölgələrində, o cümlədən Cənubi Qafqazda xüsusi maraqları var. Bu maraqlar iqtisadiyyat və ticarət sahələrini də əhatə edir. Ancaq ABŞ-nin əsas maraqları enerji təhlükəsizliyi və hərbi təhlükəsizlik sahələrinə yönəlib.
Cənubi Qafqaz qlobal miqyasda önəmli region sayıldığından ABŞ burada təsir imkanlarına malik olmaqda, habelə bu regionla bağlı strateji hədəflərin reallaşdırılması üçün resurslara sahib olmaqda maraqlıdır. Bu məqsədlə Azərbaycan ABŞ-nin regional maraqları baxımından böyük önəm daşıya biləcək ölkədir.
Çünki Bayden administrasiyası dövründə əsas diqqət Ermənistana yönəlmişdi və artıq sübut olunub ki, Ermənistan nə ABŞ-nin, nə də Avropa İttifaqının Cənubi Qafqaz siyasətindəki hədəflərini təmin edəcək resurs və imkanlara malik deyil. Lakin Ermənistandan fərqli olaraq, Azərbaycan bu istiqamətdə geniş imkanlara malikdir və bu baxımdan Tramp administrasiyası üçün Azərbaycan Cənubi Qafqazda ən effektiv və sərfəli tərəfdaş ola bilər.
Görünür ki, yaxın gələcəkdə də bu istiqamətdə ABŞ-nin Azərbaycana diqqəti artmaqda davam edəcək. Çünki ABŞ-nin Cənubi Qafqazda həm geo-iqtisadi, həm geo-strateji, həm də geo-politik maraqları mövcuddur və bu maraqların təmin olunması üçün Azərbaycan kimi güclü dövlətlə strateji tərəfdaşlıq münasibətləri qurmaq vacibdir".
Lalə Qurbanlı