Ukraynaya “Taurus” verə bilərik-Merz

Tarix: 21:37 29.05.2025
Almaniya “Taurus” uzaqmənzilli qanadlı raketlərini Ukraynaya verə bilər, bunu Almaniya kansleri Fridrix Merz ZDF kanalına açıqlamasında deyib. Əlbəttə, bu, mümkündür”, - Merz bildirib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, bu cür vədlər son 3 ildə dəfələrlə Ukraynaya verilib:
"Bu cür vədlər son 3 ildə dəfələrlə Ukraynaya verilib. Amma həyata keçməyib, bir sözlə havadan asılı qalıb. Hesab edirəm ki, belə açıqlamalar Ukraynanı ümidləndirməyə hesablanıb. Məqsəd savaşın bir qədər də uzanma istəyidir. Çünki, burada qazanan ancaq və ancaq Qərb dünyasıdır. Deyərdim ki, müharibə başlayandan indiyə qədər ən çox yalan vədlər Kiyevə verən alman hökuməti olub. Bundan əvvəlki xanım kansler də tez-tez bu cür vədlər verirdi. Nəticəsi göz önündədir. Avropa ölkələri görür ki, savaş ləng şəkildə olsa da, Rusiyanın xeyrinə gedir. Həm də Avropa ölkələrindən gözlənildiyi kimi müharibənin bitirilməsi üçün əsas söz sahiblərindən birinə Amerika çevrilib. Onun üçün də “mən də burada varam” mesajı verilir. Düşünürəm ki, bunların heç bir əhəmiyyəti yoxdur. Artıq Rusiya-Ukrayna savaşı durmadan sona yaxınlaşmaqdadır”.
Siyasi şərhçi burada bir məsələyə də xüsusi diqqət çəkib:
“Diqqət edin, kansler “Taurus” uzaqmənzilli qanadlı raketlərini Ukraynaya verə bilərik” deyir, yəni verəcəyik demir. Bu da ikibaşlı açıqlamadan başqa bir şey deyil. Mənim fikirlərimə gəlincə, deyə bilərəm ki, bundan sonra Ukraynaya Avropadan heç bir dəstək gəlməyəcək, maddi dəstək ancaq gələ bilər ki, belə dəstəklər də bu cür böyük savaşlarda elə də həlledici rol oynamır. İndiyə qədər Ukraynaya belə maddi dəstək az verilməyib. Nəticə göz önündədir. Kanslerin ikili oyun oynayan daha bir açıqlaması da ukraynalı hərbçilərə raketlərlə işləmək üçün keçirilə biləcək təlimin uzun vaxt aparacağı ilə bağlıdır. O vaxta qədər Ukrayna savaşı apara biləcəkmi? Baxın, burada əsas sual da budur. Mənə qalsa, xeyr, apara bilməyəcək. Ukrayna xalqı cəngavər xalq olduğunu son 3 ildə göstərdi. Amma bir yerə qədər dirənə bilər. Çünki, güclər nisbəti arasında dağla təpə qədər fərq var. Burada bir məsələ də var. Avropa rus qazından asılıdır. Ən çox asılı olan ölkələrin başında Almaniya da gəlir. Yəni Almaniya Rusiya ilə bu qədər Ukraynaya görə üz-üzə gəlməz. Ümumiyyətlə, son 3 ildəki savaş onu göstərdi ki, Avropa insanı, Avropa ölkəsi hansısa bir dövlətə görə savaşın içərisinə girməz, insanın başqa yerdə vuruşmasına razı olmaz. Sadəcə tarix boyu olduğu kimi, yenə də qızışdırmaqla, ölkələri, xalqları bir-birinə qarşı qoymaqla, savaşa sürükləməklə məşğuldurlar. Son iki slavyan xalqının da üz-üzə gəlməsi dediklərimizə bariz sübutdur”.
Qəmər Kazımzadə