Tələbələrinin sevimlisi

Bölmə: MEDİA › Media-Yubiley › ,
Tarix: 12:58 10.05.2017

 Kənan Novruzov

BDU-nun jurnalistika fakültəsinin birinci kurs tələbəsi

Həmişə demişəm, bir sahə üzrə mütəxəssis olmaq hələ müəllim olmaq demək deyil. Müəllim eyni zamanda metodikanı yaxşı bilməli, tələbələrinin psixologiyasına, ayrı-ayrı fərdi xarakterlərinə bələd olmalı, onlara konkret fənni sevdirməyi bacarmalıdır. Belə müəllimlərdən biri də təhsil aldığım BDU-nun jurnalistika fakültəsinin RTV(radio və televiziya) kafedrasının müəllimi Əli Hacıyevdir. Əli müəllimi yanvar ayından tanıyıram. Amma haqqında hələ çox əvvəldən-bu fakültəyə qəbul olmamışdan öncə eşitmişəm. Belə ki, əməkdaşlıq elədiyim “Olimpiya dünyası” qəzetinin bir neçə müxbirinin təhsil müddəti Əli müəllimin dekan müavini olduğu dövrə təsadüf edib. Yay aylarında, tələbə adı qazandığım müəyyənləşdikdən sonra həmin jurnalistlər tez-tez mənə deyirdilər ki, fakültədə bacarıqlı, savadlı müəllimlərlə tanış olacaqsan ki, onlardan biri də özünün mehribanlığı, mülayim təbiəti ilə seçilən və həmişə tələbələrinə hər bir sahədə kömək əli uzatmağa hazır olan Əli Hacıyevdir. Bəli, doğrudan da, onunla şəxsən tanışlıqdan sonra bu deyilənlərin təsdiqini tapdım. Dərsə böyük həvəslə gəlir və eyni həvəslə də fənnini tədris edir, bizi maraqlandıran bütün suallara ətraflı cavab verməyə çalışır...Yaxşı xatırlayıram, bir müddət əvvəl qrup yoldaşlarımızdan biri məndən üçüncü çəkiliş metodunun nə olduğunu soruşmuşdu, mən də dərhal “Facebook”da bu barədə Əli müəllimə müraciət etmişdim. Müəllimimiz səhəri gün, məni görən kimi, elə dəhlizdəcə sualıma o qədər həvəslə cavab vermişdi ki...
Əli müəllim haqda daha çox danışa bilərəm. Amma elə bir cümlə ilə bütün söylədiklərimi və deyə biləcəklərimi ümumiləşdirim: o, əsl müəllimin bütün keyfiyyətlərini özündə daşıyan bir insandır.
Bu gün müəllimimizin ad günüdür, növbəti yaşına qədəm qoydu. Onu bütün jk-037 qrupu adından səmimi qəlbdən təbrik edir, cansağlığı və pedaqoji fəaliyyətində uğurlar arzulayıram. Heç, şübhəsiz ki, Əli müəllim dekan müavini kimi məzunlarının hafizəsində xoş xatirələrlə qaldığı kimi, hələ uzun illər tələbələri ilə dost münasibətilə onların da yaddaşında əbədi qalacaq.