Sevgi olan yerdə isə uğur əldə etmək də olur
Bölmə: MEDİA › Media-Yubiley › ,Tarix: 20:35 30.04.2015
Nurlan Səlim, BDU Jurnalistika fakültəsi, II kurs tələbəsi
Ümumi olaraq fəaliyyət göstərdiyiniz illər ərzindəki işlərinizdən danışardınız.
-Öncəliklə, onu qeyd etmək istəyirəm ki, Bakı Dövlət Universiteti (BDU) Mətbuat və informasiya şöbəsinin 15 illik yubileyini qeyd edirik. Mətbuat və informasiya şöbəsi universitetin digər struktur bölmələrinə 2000-ci ilin mayından etibarən qoşulub. Bizim rektorumuz Təhsil Nazirliyi qarşısında universitetdə əldə olunan yenilikləri, universitet həyatının işıqlandırılması baxımından belə bir şöbənin yaranması haqqında vəsatət qaldırıb və Nazirliyin müsbət rəyindən sonra Mətbuat və informasiya şöbəsi fəaliyyətə başlayıb.
Ötən illər ərzində biz 15 illik bir yolu qət etmişik. Bu illər ərzində mətbuatla münasibətlər qurmağa, universitet həyatında baş vermiş hadisələri ictimailəşdirmək, operativ işləmək prinsiplərini qarşımıza əsas məqsəd kimi qoymuşuq. Düzdür, müəyyən vaxtlarda mətbuatla əməkdaşlığımız zəif, müəyyən vaxtlarda isə güclü olub, amma ötən 15 ili mən qənaətbəxş bilirəm. Məndən əvvəlki mətbuat xidməti rəhbərləri-Aynur Bəşirli, Qafar Çaxmaxlı və Şərəf Cəlilinin dönəmində mətbuat xidməti mətbuatla iş birliyinə üstünlük verib. Hər dövrün öz tələbləri var. Biz fəaliyyətə başlayarkən çox az sayda xəbər agentlikləri var idi, sosial şəbəkələr yox idi. Bu baxımdan biz mövcud KİV-lə əlaqələrimizi qururduq, amma bu gün həmin imkanlar bir qədər də artıb və genişlənib. Biz davamlı olaraq sosial şəbəkələrdəki-Facebook, Twitter-dəki səhifələrimizdən xəbərlər paylaşırıq, YouTube-a videomateriallarımızı yerləşdiririk, eyni zamanda bütün xəbər agentlikləri, informasiya resursları ilə əlaqə saxlayırıq ki, bu da işimizin davamlı olaraq işimizin yayımlanmasına, effektiv nəticələrə gətirib çıxarmasına səbəb olur.
Ümumiyyətlə, 15 illik işi qənaətbəxş hesab edirəm.
Sosial mediada vaxtaşırı keçirilən monitorinqlərdəki qalibiyyətinizdə kollektivinizin rolundan bəhs edərdiniz.
-Təbii ki, hər bir şöbənin uğuru onun yaxşı işçi heyətindən ibarətdir. Bu baxımdan mətbuat xi
dmətində mən də daxil olmaqla işləyən altı nəfər işçi ilə fəaliyyət göstəririk və bizim işçilərimizin hər biri New media(Yeni media)nın incəliklərini çox yaxşı bilir, informasiya texnologiyaları ilə işləməyə bacarır. Məlumatlarımızı bütün günü jurnalistlərə göndərməklə yanaşı sosial şəbəkələr vasitəsilə öz təbliğatımızı qururuq. Twitter-də hesabımız, Facebook-da səhifəmiz var, YouTube-da açdığımız kanalda BDU-da keçirilən tədbirlərdən ibarət videoməlumatları da yerləşdiririk. İndiyə kimi buraya 300-dən çox video yerləşdirmişik və davamı da gəlir.
Reytinqi müəyyənləşdirən müxtəlif şirkətlər, media ekspertləri, müxtəlif saytlar, jurnalist təşkilatları var və çox sevindirici haldır ki, son beş ildə ali məktəblər arasında keçirilən sorğularda “İlin mətbuat xidməti” adına layiq görülürük. Mən 15 illik fəaliyyətimizi ümumiləşdirəndə bu nəticəyə gəldim ki, bu illər ərzində KİV BDU-ya çox isti münasibət bəsləyib, informasiya dəstəyi edib, hər an yanımızda olub. Bu nəticəyə görə biz şöbə olaraq “BDU 15 il mətbuat aynasında” adlı üç dildə bir kitab da hazırlayıb nəşr edə bildik.
Sorğular vaxtı dəyərli jurnalistlər, media ekspertləri bizim sosial şəbəkədəki fəaliyyətimizi görürlər, fəaliyyətimizi qiymətləndirirlər və sonda biz qalib oluruq. “Media Consulting and Service” şirkətinin 2014-cü il nəticəsinə baxsaq, biz ilboyu liderliyimizi əldən verməmişik. Xəbərlərimizin yayımına görə digər universitetləri böyük fərqlə qabaqlamışıq. Bizim Təhsil Nazirliyimizin ali məktəb mətbuat xidməti rəhbərləri üçün Fevral ayından Facebook səhifəsi fəaliyyət göstərir və həmin səhifənin Fevral-Mart aylarının qalibi də bizim şöbədir.
Biz bütün bu uğurlara yaxşı kollektiv nəticəsində nail olmuşuq. Kollektivimiz-Məryəm Abdullayeva, Xəyalə Qulamova, Nərminə Əsədova, Fatima Dursunova, Lətif Mustafayev kimi peşəkar işçilərimiz var və bu işçi heyəti ilə həm də universitetin, şöbəmizin və universitetin 17 fakültəsinin hər birinin saytını nəzarətdə saxlayırıq və yenilənməsi işini görürük. Monitorinqlərdə qalib olmağımızın səbəbi isə işimizə olan heyranlıq və onu sevməyimizdir. Sevgi olan yerdə isə uğur əldə etmək də olur.
15 il öncəki mətbuat xidmətinin bugünkü mətbuat xidmətindən hansı fərlqəri var?
-Bu fərqlər təbii ki, çoxdur. Biz indi daha operativik. Tərkib olaraq eyni insanlarıq, dəyişən informasiya texnologiyaları, xəbər çevikliyidir. 15 il öncə fəaliyyətə məhdud sayda qəzet, telekanal və informasiya agentliyi ilə başlamışdıqsa, bu gün onların sayı kifayət qədər artıb. Eyni zamanda sosial şəbəkələr hər birimizin xəbər ünvanına çevrilib, istədiyimiz məlumatı sosial şəbəkələr vasitəsilə ictimailəşdirə bilirik.
İlk illərdə fəaliyyətimiz bəlkə də zəif görünə bilər, amma biz dövrün tələblərinə uyğun olaraq fəaliyyət göstərmişik. Son illər daha çox aktiv olmağımızın səbəbi isə texnologiyaların sürətlənməsi, sosial şəbəkələrin populyarlaşması və bizim də təbliğatımızı bu şəbəkələr üzərində qurmağımızdan irəli gəlir.
Artıq 15 ildir bu şöbədə iş təcrübəm var, şöbənin işinin formalaşmasının, müəyyən uğurlar əldə etməsinin şahidi olmuşam və zaman-zaman biz o işləri formalaşdırmışıq ki, bugünkü uğurumuzun təməlində mətbuat xidmətimizin 15 illik fəaliyyəti dayanıb.
Mediadakı aktivliyiniz xidmətin fəaliyyətinə hansı təsirlər göstərir?
-Bizim mətbuat xidmətimizdəki aktivliyimiz mediadakı aktivliyimizə təsir göstərir. Mətbuat xidmətinin işçiləri olaraq başa düşürük ki, iş saatının bitməsi bizim üçün önəmli deyil. İş vaxtı saat 17-də bitir, amma bizim işimiz 20-də, 21-də, 22-də də bitə bilər. Yəni, iş bunu tələb edirsə, biz işimizin başında olmalıyıq. Əgər bir müəssisənin PR-ı bizə həvalə edilibsə, biz onun öhdəsindən gəlməyi bacarmalıyıq. Mən onun tərəfdarı deyiləm ki, hansısa şöbədə oturaraq vaxt keçirəsən. Artıq dünya da o dünya deyil. Əməyi qiymətləndirən qurumlar, insanlar var və hansı mətbuat xidmətinin yaxşı, hansının zəif işlədiyinin qənaətindədirlər.
Bu gün siz bir jurnalist olaraq mənə sual verirsinizsə ki, aktvsiniz, əlbəttə, bu mənim üçün xoşdur, görünən odur ki, fəaliyyətimizə kənardan qiymət verilir. Biz bu qiymətdən ruhlanmırıq, işimizin məsuliyyətini hər zaman üzərimizdə hiss edirik. Gün ərzində biz, şəxsən mən özümü bir şöbə müdiri kimi yox, xəbər dalınca qaçan jurnalist kimi hiss edirəm.
Mətbuat katibi olmağın məsuliyyəti nələrdir?
-Bu məsuliyyətlər çoxdur. Mətbuat katibi ünsiyyətcil olmalı, hər kəslə öz dilində danışmağı bacarmalı, səbirli və dözümlü olmalı və jurnalistlərin arasında fərq qoymadan onları informasiya ilə təmin etməlidir. Əgər bütün bu kateqoriyaları əlində cəmləşdirib işləyirsənsə, təbii ki, bu bir mətbuat kaitibi olaraq məsuliyyətindən irəli gəlir.
Mətbuat katibi olaraq hansısa bir müəssisə haqqında verdiyin informasiya ilə müəssisənin imicinə ciddi xələl gətirə bilərsən. Mətbuat katibi həm də araşdırmaçılıq qabiliyyətinə malik olmalıdır. Ona görə də informasiya düşünülmüş şəkildə hazırlanmalı, bu şəkildə ötürülməli və məlumatı hazırlayarkən dərhal hər hansı bir məsələyə münasibət yox, onun içərisinə daxil olub, təhlil edib mətbuata ötürmək lazımdır.
Pərvanə xanım, siz həmçinin müəllimsiniz. İki peşəni eyni anda idarə etmək sizin üçün problem yaradır? Bu haqda danışardınız.
-Mən hər dəfə bir fikri təkrar edirəm ki, işim üç növbədən ibarətdir: Mətbuat və informasiya şöbəsində PR işləri ilə, fakültədə pedaqoji fəaliyyətlə, evdə də uşaqların təlim-tərbiyəsi ilə məşğul oluram. Təbii ki, bunların hamısı eyni anda etmək çətindir, amma hələ ki, cavan, enerjili, bütün bunların öhdəsindən gəlmək imkanındayam. Çalışıram ki, bütün bu işləri eyni səviyyədə apara, hər üçünə diqqət ayıra bilim. Bu gün bu baxımdan problemim yoxdur və düşünürəm də ki, problem ola bilməz. Əsas sevgidir, o olan yerdə bütün uğurlardan bəhs etmək olar. Bir sözlə, sevgi, istək bütün uğurların açarıdır və o açar hələ ki, mənim əlimdədir.