Gözlənilən addım: Bakı dünyanın "İdman Paytaxtı" seçildi -RƏYLƏR

Bölmə: İdman › ,
Tarix: 18:03 07.05.2024

Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakı şəhərini 2026-cı il üçün dünyanın “İdman Paytaxtı” seçib.

 

Mövzu ilə əlaqədar “informator.az”a açıqlamasında Gənclər və İdman Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Mehdiyev bildirir ki, Bakının namizədliyi üçün bütün sənədlər, eləcə də “namizədlik kitabı” (Bid Book) hazırlanaraq beynəlxalq təşkilata öncədən göndərilib:

 

“Kommissiya üzvləri aprel ayında Bakıya səfər edərək paytaxtımızın idman potensialı ilə yaxından maraqlanıblar. Bakı son illərdə bir sıra nüfuzlu və mötəbər beynəlxalq yarışlara ev sahibliyi edir. Son illərdə ölkəmizdə müasir standartlara uyğun möhtəşəm idman qurğuları da inşa edilib. Həmçinin paytaxtımızda əhalinin idmana cəlb edilməsi yönündə atılan addımlar da Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının bu qərarı qəbul etməsində həlledici amillərdən olub.

Hazırda dünyanın “İdman paytaxtı” Bolqarıstanın paytaxtı Sofiya şəhəridir. Gələn il üçün isə Monako bu statusu daşıyacaq. Gələn ilin sonunda Belçikanın Brüssel şəhərində, Avropa Parlamentində Bakı şəhərinin dünyanın “İdman Paytaxtı” olaraq rəsmi təqdimatı keçiriləcək. 2026-cı il ərzində dünyanın “İdman Paytaxtı” olacaq Bakıda müxtəlif yarışların, o cümlədən tədbirlərin təşkili nəzərdə tutulur”.

 

Mövzuya idman blogeri Elmar Rza da fikir bildirib. Onun sözlərinə görə, bu, Bakı şəhəri üçün önəmli bir hadisədir:

 

“Əslində Avropa Oyunları, İslamiada, Formula-1, futbol üzrə Avropa Liqasının finalı kimi nüfuzlu idman yarışlarına ev sahibliyi etmiş şəhərimizin "İdman Paytaxtı" seçilməsi gözlənilən addımdır. Həmçinin çoxsaylı idman infrastrukturu ilə seçilən Bakının bu məsul adı uğurla daşıyacağı şübhə doğurmur. Ölkəmizdə idmanın kütləviliyinin artırılması, eləcə də sağlam həyat tərzinin təbliği istiqamətində də bir çox fəaliyyətlər icra olunur. Buna misal olaraq yaxın günlərdə baş tutmuş "Bakı marafonu"nu göstərmək olar. “Küləyə qalib gəl" şüarı ilə keçirilən və artıq ənənə halını almış yarışa bu il 18 mindən çox iştirakçı qatılıb. Bu da paytaxt əhalisinin idmana olan marağının göstəricisidir. Bildiyimiz kimi gələn ilin sonunda Brüsseldə - Avropa Parlamentində Bakı şəhərinin dünyanın "İdman Paytaxtı" olaraq rəsmi təqdimat mərasimi keçiriləcək. Bundan sonra Bakıda hansı idman tədbirlərinin keçiriləcəyi müəyyənləşəcək. Paytaxtımız yenə yüksək standartlara cavab verən fəaliyyətlərlə yenə idman azarkeşlərini sevindirəcək”. 

 

Gülnisə Əfkari