"Universitetlərə dəqiq hədəf kimi baxılmır"-Elmin Nuri
Bölmə: Sosial › ,Tarix: 16:44 03.06.2024
"Hazırda bizdə ali təhsil müəssisələrinə qəbul olanların əksəriyyəti hər hansı bir ixtisas üzrə yetkin kadr olmağı düşünmür. O sadəcə "mən universitetə daxil olmalıyam" deyə ali məktəbə qəbul olur. Belə uşaqların, onların müəllim və valideynləri üçün universitetin, ixtisasın qəti fərqi yoxdur. Bir valideyn qəti fərqində olmayacaq ki, onun övladı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq ixtisasına qəbul olub və yaxud da Azərbaycan Texniki Universitetinin Meteoroloji ixtisasına qəbul olub. O sadəcə kənarda, ətrafında övladı universitetde oxuyur hiss ilə yaşayacaq. Bu halda biz universitetdən nə gözləyə bilərik? Əlbəttə, heç bir şey gözləyə bilmərik. Çünki biz universitetin missiyasının nə olduğunu bilmir, bu missiyanın əsasında hərəkət etmirik". Bu sözləri "İnformator.az"-a açıqlamasında təhsil üzrə ekspert Elmin Nuri bildirib.
Ekspert universitetin əsl missiyasını dərk edən valideyn, müəllim, abituriyenlərin olduğunu da qeyd edib.
"Universitetə baxış tərzini dəyişən, universitetin əsas missiyasının ona nə qazandıracağını düşünən valideyn, müəllim hətta abituriyentlərimiz də var. İldən ilə bu say artmaqdadır. Amma həddindən artıq problemlər bu istiqamətdə öz həllini gözləməkdədir. Bu təəssüfdoğurucu bir şeydir. Bunun üçün universitetlerin karyera bələdçiliyini, istiqamətini abituriyent və tələbələr üçün müəyyənləşdirməlidir".
E.Nuri, həmçinin, bildirib ki:
"Təhsil pillələri var ki, ümumi orta təhsil, ali təhsil pilləsi-bunlar yuxarı qalxdıqca dəyişir. Bunların hər birinin özünməxsus funksiyası var. İnsanın şəxsiyyət kimi formalaşması, onda həyati-tətbiq bacarıqlarının aşkarlanması, inkişaf etdirilməsi, cəmiyyətə bir şəxsiyyət olaraq hazırlanması, fərddən şəxsiyyətə doğru müəyyən metodlar əsasında yetişdirilməsi ümumi orta təhsil pilləsinin üzərinə düşür. Təəssüf ki, bizdə ümumi orta təhsil pilləsinin yeganə və əsas funksiyası şagirdin ali təhsil müəssisəsinə hazırlığı ilə yekunlaşır. Uşaq niyə məktəbə gedir? Oxusun və universitetə daxil olsun. Bu yanlış bir yanaşmadır. Ali təhsil pilləsinə gəldikdə isə bu müəssisələrin əsas funksiyası məktəbdə şəxsiyyət elementlərini öyrənmiş və yaxud da nisbətən, çox az dərəcədə öyrənmiş şəxslərin müəyyən ixtisasla bağlı əmək bazarına kadr kimi formalaşdırılmasıdır. Ali təhsil müəssisəsinin bir funksiyası da akademik karyera imkanını yaratmasıdır. Ali təhsil müəssisələrinə gələnlərin böyük əksəriyyəti yalnız istehsalatda-əmək bazarında özlərinə yer tapmaq üçün gələnlərdir".
Ekspert bir sıra universitetləri sadalayıb ki, məhz bu ali təhsil müəssisələri cəmiyyət üçün hazır kadrlar yetişdirir.
"Hazırda universitetlerimizin bir çoxunda karyera mərkəzləri var. Bu universitetlər daxilində hava və su kimi vacib olan bir qurumdur. Əksəriyyətində çox formal və işləksiz vəziyyətdə fəaliyyət göstərilir. Hazırda karyerə mərkəzləri daha çox on, on birinci sinifdə oxuyan şagirdlər üçün keçirilib, təşkil olunmalıdır. Çünki onlar hansı ixtisası seçdiklərini, niyə seçdiklərini, nəyi və niyə oxuyacaqlarını dəqiq bilsinlər. Bu çox böyük bir problemdir. Hazırda biz universitetlərdən çox şey gözləyə bilmirik. Çünki biz universitetlərə dəqiq hədəf kimi baxmırıq. Bizə yalnız universitetin özü lazımdır. Onun ixtisası, həmin ixtisasın tədris olunması, əmək bazarında tutduğu yeri, istehsalatda işlə təmin olunma faizi və s. kimi suallar bizi düşündürmür. Bizim barmaqla sayılan universitetlərimiz var ki, bunlar əmək bazarına real kadrlar göndərirlər. Bu universitetlər Bakı Ali Neft Məktəbi, ADA, UNEC-dir. Təbii ki, digər universitetlərin qəti haqqına girmək istəmirəm. Hər universitetin cəmiyyətə ötürdüyü çoxsaylı kadrlar var. Mən sırf hədəflənmənin daha doğru olduğu yerlərə toxunsam bu sadaladığım universitetlərin adlarını qeyd edə bilərəm".
Çinarə Muradova
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.