Real olmayan sevgi insana psixoloji əziyyətdən başqa heçnə vermir-Psixoloqdan AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 23:16 25.11.2024

"Platonik sevgi insanın tanımadığı, görmədiyi yalnız xəyalında canlandırdığı başqa bir insanı öz qəlbində ilahiləşdirməsidir". 

 

Bu sözləri "informator.az"a açıqlamasında psixoloq Gülnar Orucova deyib. Onun sözlərinə görə, platonik sevgi ən çox yeniyetməlik dövründə baş verən bir haldır:

 

"Bu sevgi realda mövcud olmayan, həyata keçməyən yalnız xəyal olaraq qalan sevgidir. Təbii ki, insanın öz qəlbində ilahiləşdirdiyi  sevgi onu çox zaman məyus edir, incidir, hətta tədbir görülmədiyi zaman həmin insanı intihara belə sürükləyə bilir. Ümumiyyətlə,  bu hal ilə daha çox  real həyatda sevgiyə möhtac qalan ,ailə istiliyi görməyən, sevgi duyğusunu hiss etməyən insanlar qarşılaşır".

 

Psixoloq bəzən yaşlıların da platonik sevgi ilə rastlaşdığını bildirib:

 

"Bəzən yaşlılarda da belə hallara rast gəlmək mümkündür. Belə ki bu ən çox təklikdən, tənhalıqdan irəli gəlir. Heç bir zaman sevgi hiss etməmiş, xoş söz eşitməmiş bir insan başqa birindən  xoş söz eşitdiyi zaman dərhal aldanır və sevgini həmin insanda tapdığını hiss edir. Bəzi hallarda insanlar seriallarda gördüyü real olmayan sevginin axtarışına çıxır. Bu zaman onlar da bu hall ilə üz-üzə qalırlar".

 

"Bu hallarla rastlaşan zaman isə  insanlar dərhal mütəxəsislərə müraciət etməlidirlər",- deyə o, fikirlərini yekunlaşdırıb.

 

Məryəm Zaliyeva