Rəqəmsal dövrün çağırışı: Nəsillər arasında artan fərqlər..
Bölmə: Sosial › ,Tarix: 21:55 25.11.2024
"Qloballaşma prosesinin sürətlənməsi, informasiya texnologiyalarının inkişafı və ən ucqar bölgələrdə belə dünya hadisələri barədə məlumatın əlçatanlığı yeni düşüncə tərzinin formalaşmasına şərait yaradıb".
Bu sözləri "informator.az"a açıqlamasında psixoloq Fuad Əsədov söyləyib. Ekspert müasir dövrdə nəsillərarası konfliktlərin əvvəlki dövrlərə nisbətən daha qabarıq görünməsindən də bəhs edib:
"21-ci əsrin gəlişi ilə əlaqədar internetin və sosial medianın həyatımıza müdaxiləsi ilə bərabər fərqli nəsillər arasında çox böyük uçurumlar yarandı. Əslində, gənc və yaşlı nəsillər arasında hər zaman müəyyən fikir ayrılıqları və dünyagörüşü fərqlilikləri mövcud olub. Lakin müasir dövrdə bu fərqlər daha kəskin və qlobal miqyasda nəzərə çarpan bir hala gəlib".
Fuad Əsədovun sözlərinə görə, artıq gənc və yaşlı nəsil bir-birindən çox fərqlənir:
"Bunun nəticəsində gənc və yaşlı nəsillər arasındakı fərqlər yalnız ümumi həyat tərzində deyil, həmçinin əxlaq, mədəniyyət, moda, doğruluq və davranış kriteriyaları kimi fundamental mövzularda da özünü göstərir. Burada bir qədər də məsuliyyət yaşlı nəslin üzərinə düşür. Onlar anlamalıdırlar ki, artıq dövr dəyişib və bu dəyişiklikləri toleransla qəbul etməlidirlər".
Fatimə Abdulrəhimli