Qızların təhsil mübarizəsi... Nərgiz Çərkəzqızı'nın hekayəsi

Bölmə: Sosial › ,
Tarix: 11:37 26.06.2024

"Oğlanlar özləri imkan tapıb oxuya bilər, amma qızları oxutmaq lazımdır… Bir qız bir anadır, övladlarının müəllimidir…". Zeynalabdin Tağıyevin "Qızlar" gimnaziyasını açarkən söylədiyi bu sözlər zaman dəyişsə də, hələ də aktualdır. Eyni qalan reallıqlar və münasibətlər var çünki…. 

 

Təhsilini davam etdirmək üçün çox ağır yollardan keçən fədakar xanım - Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq jurnalistika şöbəsinin müdiri baş müəllim Nərgiz Çərkəzqızı həyat hekayəsini "informator.az"la bölüşüb. 

 

“Söhbət 1992-ci ildən gedir. I Qarabağ müharibəsinin başladığı dövr, böhran, qıtlıq, biz çox çətin mərhələlərdən keçdik. Çörəyin tapılmadığı, işığın, qazın olmadığı vaxtlar idi. Həmin an hələ də gözümün önündədir. Elə olurdu ki, məktəbə ac gedirdim. Qardaşlarım və atam səhər saat 5-də çörək növbəsinə gedirdilər ki, evə çörək alıb gətirə bilsinlər. Bəzən olurdu ki, çatmırdı, onlar əliboş evə qayıdırdılar”. Müsahibimin atası Çərkəz Qurbanlı ziyalı, dilçi alim, ulu Öndər Heydər Əliyevin şəxsi tərcüməçisi olub. Nərgiz xanım deyir ki, vətənpərvər, millətini sevən biri olan atası onları da bu cür böyüdüb. “Qardaşım Birinci Qarabağ müharibəsində şəhid olub. Atam o vaxt universitetdə prorektor vəzifəsində çalışırdı. Mənə dedi ki, Anadolu liseylərinə şagird aparacaqlar, qızım, get özünü yoxla. Bakıda yerləşən 7 nömrəli məktəbdə imtahan götürülürdü. Ora gedərək bilet çəkib şifahi imtahanda iştirak etdim. Düzdür, imtahanlara hazırlaşmışdım, vaxtlarını bilirdim. Orada aparılan qeydlərdən məlumatsızam. Bütün fənlərdən imtahan verdim. Evə gələndən bir müddət sonra atam gəlib dedi ki, qızım, səni göndərirəm. Dedim: "Ata, hara"? Dedi ki, Türkiyəyə. "Xeyirdir"? - deyə soruşdum. Atam dedi ki, Qazi Anadolu liseyinə qəbul olmusan. İmtahan nəticələrin yüksəkdir. Dedim axı bu sınaq müddətidir? Atam dedi ki, qızım, sənə dedim ki, gedirsən. Biraz duruxub baxdım”. Həmin an Nərgiz xanımın qardaşı hələ şəhid olmamışdı… Bacısının ölkə xaricinə göndərilməsinə də ilk etiraz qardaşından gəlmişdi… “O, dedi ki, ay ata, ilin-günün bu vaxtında qızı hara göndərirsən”?

 

Amma çox insanın Türkiyənin harda yerləşdiyini bilmədiyi bir vaxtda Azərbaycandan Türkiyəyə təhsil almaq üçün göndərilən ilk şagird qrupunun içərisində Nərgiz Çərkəzqızı da olub. “Atam israrla getməyimi, öz ayaqlarımın üzərində durmağımı təkid etdi. Dedi ki, mən çoban oğlu idim, Qərbi Azərbaycandan gəlib burada Dillər Universitetinə qəbul oldum. Bu səviyyəyə özüm çatdım, alimlik dərəcəsi aldım. Atam dedi ki, sabah heç kim söyləyə bilməz ki, Çərkəz müəllim öz qızına, oğluna köməklik etdi”. Vətəndən ayrı düşdüyü ilk illərdə müsahibim hətta atasının onu çox istəmədiyini, ondan bezdiyini belə düşünüb. “Türkiyədə getdiyim vaxt 15 yaşım var idi. İlk gündən çətinliklərim başladı. Düşünün ki, yanımda valideyn yox idi, yataqxana şəraitində qalırdım. Türk dilini bilmirdim, 1 il bizə türk dilini tam mənimsəmək üçün təməl baza olaraq bu dili öyrətdilər. 3 il liseydə oxudum, yoldaşlarımdan bir qədər geri qaldım”. 

 

Məzun olandan sonra atası Nərgizə Türkiyə universitetlərindən birinə qəbul alması xəbəri verəndə o artıq Vətənə dönməyə israr etməyib. “Universitetə hazırlaşanda bir qədər çətin oldu. Beynimə qoymuşdum ki, kəsilməyib universitetə girməliyəm. Kəsilsəm, ailəmin üzünə baxa bilməzdim. Səhərə qədər oxu zalında pəncərəni açıq qoyub soyuq havada oxuyurduq ki, yuxu tutmasın”. Sənədlərini verərək YÖS imtahanı ilə Ankara Universitetində "İletişim", yəni Jurnalistika fakültəsinə qəbul olub. “Tələbə vaxtı imtahanlardan sonra sevincimi bölüşməyə heç kimi tapmırdım. İndiki kimi telefonlar, sosial şəbəkələr yox idi. Telefon kartları olsa da, onunla fikrimi tam çatdıra bilmirdin, vaxt az olurdu”. Bu hissləri təkcə sevinəndə yaşamayıb müsahibim. Müəllimlərin heç bir güzəştə getməməsi, xarici tələblərə məhəl qoymamaları, irqi, dini ayrı-seçkilər, solçular, sağçılar – sadalananların hər biri ona problem yaradırdı. “Bəziləri bizi qəbul etmirdilər. Bir qədər qorxurduq. Türkiyədə xaos var idi. O dövrdə mitinqlər keçirilirdi. Bəzi vaxtlarda ac qalırdım, universitetdən çıxanda avtobus tapılmırdı, piyada gəlirdim. Sevincli günlərim çox oldu. Çətin dövrlərdən də keçdik. O dövrdə 15 yaşlı qızın Türkiyəyə gedib təhsil alması asan olmadı.

 

Atasının “vaxt gələcək, sən məni başa düşəcəksən və ruhuma dua oxuyacaqsan” sözləri ilə təsəlli tapan Nərgiz xanım həqiqətən də atasının ruhuna hər gün dua oxuduğunu deyir. 

Türkiyədə təhsil aldığı dövrdə ailəsi qardaşının Qarabağ döyüşlərində şəhid olmasını Nərgizdən gizlədib. Biliblər ki, təhsilini yarımçıq qoyaraq Vətənə qayıdacaq Xəbəri yay tətilində Azərbaycana qayıdan zaman hava limanında anasını görəndə bilib. “Atam mənə hər bir aydan bir məktub yazırdı və məktubların birində demişdi ki, qardaşın döyüşə gedib. Anamı hava limanında görəndə bu barədə soruşdum. Atam cavab verdi ki, müharibə vəziyyətidir. Mənə anamın xəstə olduğunu dedi. Dedim ki, bu hal xəstəliyin əlaməti deyil. Anamın saçında bir dənə qara tük yox idi. Atam inadla qardaşıma heç nə olmadığını dedi”. Nərgiz xanım xatırlayır ki, qardaşının şəhid olduğu zaman evə zəng etdiyində bibisi anasını xəstə olduğunu, telefonla danışa bilmədiyini demişdi. Halbuki həmin gün qardaşının şəhadətə qovuşmasından 7 gün keçirmiş. 

 

Artıq Nərgiz qərarını elə hava limanındaca vermişdi. Türkiyəyə qayıdıb təhsilini davam etdirməyəcək, anasını tək qoymayacaq, onun yanında qalacaq… “Xahiş etdim ki, məni Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə transfer etsinlər. Anamın özünə gəlməsi xeyli vaxt aldı. Bakıda BDU-nun bakalavr, magistratura pillələrini bitirdim. İkinci ixtisasım Dillər Universitetində ingilis dili üzrə oldu”. Bu gün isə Nərgiz Çərkəzqızı doktorantura pilləsi üzrə təhsilini davam etdirir. Həm Jurnalistika, həm ingilis dili üzrə tədris aparır. 

 

Nərgiz Çərkəzqızı qızların təhsilinə önəm verilməsi, medianın bu mövzunu daim gündəmdə saxlamasını vacib amil adlandırır. Onun sözlərinə görə, bu mövzu H.Zərdabinin "Əkinçi" qəzetindən gəlir. “Təhsilsiz qız uşağının yetişdirdiyi övlad da o cür olacaq. Uşaqlar daha çox anaların verdiyi tərbiyəni götürür. Bəzi qadınlarımızın ali təhsili olsa da, onları işləməyə qoymurlar. Boşanma hadisələrinin də bir səbəbi buradan qaynaqlanır. Yekunda qadınlar körpə ilə ortalıqda qalırlar, əziyyət çəkirlər. Qadınların təhsil alması, maarifləndirilməsi vacib mövzudur”.

 

Bir təhsilverən kimi Azərbaycan Dillər Univeristetinin Beynəlxalq jurnalistika şöbəsinin müdiri baş müəllim Nərgiz Çərkəzqızı qızlara qarşı ayrıcalıq etdiyini gizlətmir. Səbəbini isə qızların millətə, vətənə sağlam, əmək bazarına savadlı övladlar yetişdirmələri üçün təhsilin vacibliyi ilə izah edir. “2 il öncə bir qız tələbəmin valideyni- atası gəlib qızının təhsilini donduracağını bildirdi. Səbəbini soruşanda bir çox fikir dedi. Ata ilə danışanda məlum oldu ki, ortada tam fərqli bir səbəb var. Ata fəhlədir, ananın da səhhətində problemlər var”. Nərgiz xanım ərizəyə imza atmayıb. Ata nə qədər müraciət etsə də, bunun mümkün olmadığını bildirib. Ciddi problem varsa, əl-ələ verib tələbəni problemdən xilas etməyin təklif edib. Ata və qızı ilə dəfələrlə maarifləndirici söhbətlər aparıb. Yekunda ata Nərgiz müəllimə təşəkkür edərək, nə yaxşı ki onun sözünə qulaq asdığını bildirib. Artıq həmin tələbə məzun yerli televiziya kanallarının birində çalışır. Nərgiz Çərkəzqızı cəmiyyətə bir ali savadlı xanım qazandırması ilə fəxr edir.

 

 Təhsilin İnkişafı Fondunun, Azərbaycan Mətbuat Şurasının və “Azərbaycan müəllimi” qəzetinin “Qızların təhsilinə dəstək” müsabiqəsinə təqdim olunur

 

Aynur Babayeva 



Bölmədən digər xəbərlər
Gənclər üçün təlimlər təşkil edildi-Özəl
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.