4 iyul yalnız Amerikanın müstəqillik günü deyil-Aydan Qasımova yazır...
Bölmə: Sosial › ,Tarix: 16:00 04.07.2024
İyulun 4-ü mənim üçün çox fərqli günlərdən biridir. Xeyr, xeyr bunun Amerikanın müstəqillik günü olması ilə əlaqəsi yoxdur, onlarda belə bir günün var olduğunu da bu yazını yazmaq üçün etdiyim kiçik araşdırmada gördüm.
Bu günü fərqli hesab edirəm, çünki 4 iyul çox sevdiyim mahnı olan "Fourth of July" ("İyulun 4-ü) mahnısının adıdır.
Musiqini dinlədiyimizdə çox qəribə hisslər yaşayırıq. Üzümüzdə təbəssüm varsa itiririk, yaxud gülümsəməyə davam ediriksə də, bu xoşbəxt olmamızdan irəli gəlmir. Qəmlənirik, ağlayırıq, lakin niyə ağladığımızı özümüz də anlamırıq, ta ki mahnının anlamını dərk edənə qədər...
Bu mahnını müəllif Sufjan Stevens anasının ölümündən təsirlənərək yaradıb. Dinlədikdə qəlbimizdə alovlanan acının səbəbi də ya içimizdə, ya da real həyatda öldüyünü anladığımız mövhumlardır.
Ölüm sadəcə nəfəs kəsintisi, birinin ruhunun dünyanı tərk edib bədəninin müvəqqəti olaraq Dünya üzərində qalması deyil çünki. İnsanoğlu axmaq olmağı bacardığı kimi, ağıllı düşünməyi də çox yaxşı bacardığından "Ümidlərim öldü", "Sevgim öldü" və buna bənzər metafor, ifadələrdən istifadə edir.
İnsan hər nə qədər reallıqla yaşasa, düşüncələri ilə hərəkət etsə belə, duyğular danılmaz faktordur. "Duyğu" dediyimizdə özümüzü qəribə hiss etməmizin səbəbi də bundan irəli gəlir, çünki biz insanıq, həqiqətən insan olan hiss edə bilir.
Hisslərimiz özünü yazılarda, rəsmlərdə və başqa yerlərdə, fərqli yollarla göstərir. Elə yazılar var ki, yazılmır. Ya yaza bilmirik, ya da yazmaq istəmirik. Elə rəsmlər də var ki, hiss edirik, ancaq çəkə bilmirik. Əslində, bu yalnız yazılara, ya da rəsmlərə aid deyil, həyatımızın hər hansı anında etmək istəyib etmədiyimiz çox şey ola bilir.
Yaşadığımız zaman dilimində insanlar adətən duyğularından bəhs etmir, bacardıqları qədər "güclü" görünməyə çalışırlar. Hətta bəzən özlərini o qədər çətinə salırlar ki, sehrli kəlmələrdən, nəzakət ifadələrindən qaçırlar, çünki duyğular ortaya çıxarsa, "mükəmməl" görünməməkdən qorxurlar. Təbii ki, bu hər kəsə aid deyil... Dediklərim insandan insana dəyişir, lakin bu kimi halların da var olduğunu bilmək lazımdır.
Məncə, mükəmməllik insanoğlunun nə qədər çalışsa da, bacara bilməyəcəyi xüsusiyyətdir. Hekayələrdə belə "mükəmməl" xarakterlərlə qarşılaşa bilmirik, çünki onlar da insan düşüncəsinin yetirmələridir.
Bu fikrimlə razılaşmırsınızsa, inanın, fikrimi düzgün hesab edəcəklər də vardır.
Uzun sözün qısası, hər duyğunu yaşamağı bacarmaq, lakin yerində hiss etməyi də bilmək vacibdir. Yersiz duyğusallıq çox zaman əsəb gətirir, yersiz hər şeyin qıcıqlandırıcı olduğu kimi.
Hiss etməkdən də, etməməkdən də qorxmayaq. "İnside out" dakı kimi duyğularımızın önəmini dərk edək. Nə də olsa, ölüm də ən son deyil, biz son olduğunu düşündüyümüzdə belə yeni cığırlar yaranır.
Hiss etməkdən, yaşamaqdan çəkinməyəcəyiniz günlər ümidi ilə...
Aydan Qasımova
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.