Söz verirsən, yoxsa söz deyirsən?

Bölmə: Sosial › ,
Tarix: 23:10 05.07.2024

Var olduğumuz andan etibarən yeni-yeni informasiyalar əldə edir, sahib olduğumuz bəyaz vərəqdə müxtəlif yazılar yazmağa başlayırıq. 

 

Öncə hərflər əlavə edirik, sonra bu hərflər hecalara, ardınca sözlərə, ən sonda isə cümlələrə çevrilir. 

 

Hər bir cümlənin öz gücü olur. Onlara güc veririk, lakin onların nə baxımdan güclü olduğunu sonradan anlayırıq. Bədbin düşüncələrimiz varlığımızı sorğulamamıza səbəb olarkən xoş olanlar özümüzlə qürur duymamıza səbəb olur. 

 

Sonra o ifadələr yavaş-yavaş, yaş ötdükcə özünü fərqli şəkillərdə bəlli etməyə başlayır. Necə ki, rəsm çəkdiyimizdə rənglərin izi əlimizdə bir müddət qalır, bu düşüncələr də bizi boya izlərinə bürünmüş əl kimi təqib edir. 

 

Fərqli anlarda fərqli sözlər deyilir, yaxud deyilməli sözlər yox sayılır, rənglər bir-birinə qarışır. İnsan hansı rəngdən, hansı sözlərdən istifadə edəcəyini qərarlaşdırmadıqca daha çox qərarsızlıq yaşayır. 

 

Sözlər deyilir, sözlər verilir, sözlər səmada uçuşur. Kimiləri xoşbəxtlik göz yaşlarına səbəb olur, kimiləri ağlaşmalara. Rənglər o qədər qüdrətli olur ki rəsmdə, hər nə qədər fərqli görünsələr, rəsm də bir o qədər gözəlləşir.

 

Lakin bəzi zamanlarda gözəl görünən rəsmlərin altında elə bir rəsm qalır ki, həmin rəsmi silmədən yeni rəsmi çəkmək faydasız gəlir, verilib tutulmayan sözlər misalı. 

 

Deyilən kəlmələr yalandırsa, nə qədər gözəl olduğunun heç bir əhəmiyyəti yoxdur, çünki yalan üzərində inşa edilən münasibətlər kimi onlar da keçici və üzücü xatırlanır. 

 

Öncə rəsmi silin, sonra yeni rəsmi çəkin. Çəkə bilməyəcəyiniz rəsmə görə rəngləri korlamayın, zamanı itirməyin

 

Söz verirsən, yoxsa söz deyirsən? İndi özün qərar ver.

 

Aydan Qasımova 



Bölmədən digər xəbərlər
Gənclər üçün təlimlər təşkil edildi-Özəl
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.