Akademik Xudu Məmmədovun Ü.Hacıbəylinin ev-muzeyində ölümü-Nəsiman Yaqublunun yazısı
Bölmə: Sosial › ,Tarix: 11:11 08.07.2024
1988-ci ilin iyul-avqust aylarından Azərbaycan Xalq Cəbhəsi yaradılması ideyası ətrafında müzakirələr gedirdi. İlk toplantılar Bakı Şəhər Partiya Komitəsinin Tətil əleyhinə ayırdığı yerdə, şəhərin mərkəzində Nəsiminin heykəlinin yanındakı o qədər də rahat olmayan bir otaqda gedirdi (Vidadi küçəsi-125). Bu söhbətlər çox qızğın olurdu, vacib problemlər, onların həlli yolları müzakirə edilirdi.
Toplantılara gələnlərin sayı getdikcə çoxalırdı və mövcud darısqal otaqda iclasların keçirilməsi mümkün olmurdu.
Zərdüşt Əlizadənin dostu - Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun müəllimi Rasim İmanov AZİMİ-nin (Azərbaycan İnşaat Mühəndisləri İnstitutu) müəllim və tələbələri üçün olan “Cəngi” musiqi - idman birliyinin zalında iclasların keçirilməsini təklif etdi. Həmin zalda 3 iclas planlaşdırıldı. Birinci iclasda tarix elminin problemləri müzakirə edilirdi: məruzəçilər Arif Yunusov və İsa Qəmbərov idi. Burada hər kəs öz fikrini əsaslandırırdı. Arif Yunusov İqrar Əliyevin və Ziya Bünyadovun əsaslandığı tarixə baxış konsepsiyasını əsas götürürdü. İ.Qəmbərov isə rəsmi Azərbaycan tarixinin türk amilini kiçiltməsi konsepsiyasını irəli sürürdü.
İkinci toplantıda iqtisadiyyat, planlaşdırma və respublikanın təsərrüfat hesabı problemi müzakirə edildi. Məruzəni Şərqşünaslıq İnstitutunun Türkologiya şöbəsinin əməkdaşı Altay Məmmədov etdi.
Hər iki toplantının sonunda ümumi bir fikir səslənirdi: bu işlərin görülməsinə Azərbaycan Kommunist Partiyası rəhbərliyi şərait yaratmırsa, onda biz Xalq Cəbhəsi yaratmalıyıq.
Üçüncü iclasda Z. Əlizadənin yazıb hazırladığı Azərbaycan Xalq Cəbhəsinin Proqramı müzakirə edilməli idi. Z.Əlizadə proqramın surətini Elmlər Akademiyasında çoxaltmış və müzakirə üçün paylamağı planlaşdırırdı. Lakin 1988-ci ilin oktyabrın 12-nə nəzərdə tutulmuş iclas baş tutmadı. Rasim İmanov bildirdi ki, AZİMİ-nin rektoru Bünyad Sərdarov “Cəngi” zalında iclas keçirməyi qadağan edib. O, bunu DTK-nın tələbi ilə edib. R. İmanov qeyd edib ki, o, Azərbaycanın Xalq rəssamı, heykəltəraş Ömər Eldarovun oğlu Müslüm Eldarovdan yer tapmasını xahiş edib. M. Eldarov isə yaxın münasibətdə olduğu, Ü. Hacıbəylinin Ev muzeyinin direktoru R. Xəlilovdan orada toplantı keçirilməsinə icazə istəyib (hətta bu toplantının bir banket olduğunu da qeyd edib ki, narahatlıq yaranmasın). R. Xəlilov Muzeyin zirzəmisində tədbirin keçirilməsinə razılıq verib (həmin yerdə filmlər də nümayiş etdirilirdi).
Oktyabrın 15-də Ü. Hacıbəylinin Ev muzeyində 37 yerlik zirzəmiyə 60-a qədər adam toplaşdı. İştirakçılar dəhlizdə, pilləkəndə, muzeyin həyətində dayanmışdılar. Toplaşanlar arasında akademik Xudu Məmmədov, rejissor Eldar Quliyev, pianoçu Fərhad Bədəlbəyli, Məhəmməd Hatəmi və digərləri var idi.
Z. Əlizadə AXC-nin proqramını bənd-bənd oxuyub iştirakçıların fikrini soruşurdu. Akademik Xudu Məmmədov çıxış edib adamları uzaqgörənliyə, ağıla əsaslanmağa, hər bir işi qanun çərçivəsində görməyə çağırdı, partiya və hökumətlə birgə işləmək yollarını aramağa dəvət etdi.
Müzakirələr getdiyi zaman Xudu müəllim əvvəl birisi ilə mübahisə etdi və sonra özünü pis hiss etməyə başladı (muzeyin zirzəmisində də insanlar çox toplaşdığından hava çox ağır idi). Tez bir anda o, krsloda əyləşmiş halda xırıldamağa başladı. Onu yuxarı qaldırıb xalçanın üstünə qoydular. Təcili Yardım maşını gələndə o, artıq keçinmişdi. Məlum olub ki, X. Məmmədov üç dəfə infarkt keçirib, bir gün əvvəl isə “Qayğı” cəmiyyətinin təsis konfransında əsəbiləşib.
Bu hadisədən sonra toplantı yarımçıq qaldı. Akademik X. Məmmədovu İkinci Fəxri Xiyabanda dəfn edildi.
Xudu Məmmədov (1927-1988)
Xudu Məmmədov 1927-ci il dekabrın 14-də Ağdam
rayonunun Mərzili kəndində anadan olmuşdur.Ağdamda orta məktəbi bitirən X. Məmmədov Azərbaycan Dövlət Universitetinin Geologiya-Coğrafiya fakültəsinin Geologiya şöbəsində təhsil alıb.
Azərbaycanlı kristalloqraf-alim 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülmüşdür.
O, 1957-ci ildən Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Əsas elmi işləri kristallokimya sahəsindədir.
X. Məmmədov 1976-cı ildən Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü olub.O, 250 elmi əsərin, 10 müəlliflik şəhadətnaməsi və 3 monoqrafiyanın müəllifidir. 1990-cı ildə X. Məmmədovu (ölümündən sonra) Azərbaycan Xalq Cəbhəsinin İdarə heyəti milli-azadlıq hərəkatındakı xidmətlərinə görə Məhəmməd Əmin Rəsulzadə mükafatına layiq görmüşdür.
X. Məmmədov 15 oktyabr 1988-ci ildə Bakıda vəfat etmişdir.
Milli naxışlar. Simmetriya nəzəriyyəsi. Xalqın oyanışı cəhdləri
Xudu Məmmədov 1954-cü ildə elmi müdafiə işini yekunlaşdırdıqdan sonra, milli azadlıq mübarizəsinə doğru meyllənməyə başladı. Onun elə 1950-ci illərin sonundan Bəxtiyar Vahabzadə, Nurəddin Rzayevlə bu istiqamətdə ciddi söhbətləri olurdu. Əsas çalışmaları milli kadrların rəsmi şəkildə dövlət strukturlarına yerləşdirilməsi idi. 1960-cı illərdə isə Azərbaycanın dövlət rəhbərliyində olan Şıxəli Qurbanovla əlaqələri formalaşdı.
Xudu müəllim kristalloqraf idi. Əslində sənətdə simmetriya nəzəriyyəsinə də o, ciddi töhfələr vermişdi. Sənət və simmetriya nəzəriyyəsinə əsaslanan böyük alim arxeoloji toplantılarda, tarixi abidələrdə türk mənşəyinin olduğunu əsaslarla sübut edirdi. Çünki, Orta əsrlərdəki tapıntılarda ərəb, fars təsirləri güclü idi. X. Məmmədov çoxlu sayda abidələrimizdə, məsələn Naxçıvandakı “Möminə Xatun” türbəsində “Allah” sözünün yazılmasına baxmayaraq, bu abidənin türk mənşəli olduğunu əsaslandırırdı. Onun Orxon-Yenisey abidələri ilə də bağlı maraqlı açıqlamaları var idi.
X. Məmmədov simmetriya nəzəriyyəsindən çıxış edərək, əsas nəzəriyyəni də irəli sürürdü: 1. Quruluş; 2. Ehtiyac. O, əsaslandırırdı ki, təbiətdə quruluşsuz heç nə yoxdur. Məsələn, suyun tərkibi H2-O-dur. Daşın tərkibi nədən ibarətdir və s. X. Məmmədov əsaslandırırdı ki, təbiətdəki bu “quruluş”u cəmiyyət həyatında öyrənmək və tətbiq etmək lazımdır.
“Ehtiyac” nəzəriyyəsinə əsaslanan alim yazırdı ki, insanın görməyə, duymağa, hiss etməyə ehtiyacı olduğu kimi, insanlar arasında münasibətlərin də olmasına ehtiyacı var. İnsanlar bir-birindən öyrənməli, anlaşmalıdır ki, cəmiyyətdə stabillik yaransın.
Xudu müəllim əslində bu təbliğatı ilə insanları türkçülüyə, yaddaşa, tarixə maraqlı etməyə çalışırdı. Həmin dövrdə isə “türkçülük” baxışları tam qadağan edilmişdi.
Xudu müəllimin 1970-ci illərdə Azərbaycan televiziyasında apardığı “Elm və sənət” verilişi tamaşaçıların böyük marağına səbəb olurdu. Hətta bir verilişdə simmetriya nəzəriyyəsini əsas gətirərək, kağıza yazılmış “Xalq” sözünün, həm də tərsinə olaraq “Qalx” kimi oxunduğunu söyləmişdi: yəni Xalq - Qalx! (Ayağa qalx, mübarizəyə qalx mənasında).
XUDU MƏMMƏDOV - “XUDU NAXIŞ” KLUBU
Klubun üzvlərindən olan tanınmış tarixçi alim, professor Mahmud İsmayılovun təşəbbüsü ilə 1984-cü ildə Azərbaycanda ilk dəfə xalqımızın etnogenezis problemlərinə həsr edilmiş elmi seminar keçirildi. Seminarda məşhur tarixçi alim, professor S. Əliyarlı, etnoqraf Q. Qeybullayev, arxeoloq R. Göyüşov, antropoloq R. Qasımova və digər elm xadimləri iştirak edirdilər.
Bu, o dövr üçün ciddi bir tədbir idi. Sovet hökumətinin müəyyən dairələrində bu tədbir narahatlıq doğurmuşdu. Bu “narahatlığın” ifadəsi olaraq Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunun direktoru akademik İqrar Əliyev Moskva Mətbuatında çıxış edərək, seminar iştirakçılarını “pantürkist”, “millətçi burjua cərəyanının üzvləri” adlandırmışdı.
Xudu naxış klubunun üzvü olan Ənvər Börüsoyun xatırlamaları:1974-cü ildə Ə. Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyurdum. Hörmətli müəllimlərimdən biri olan Lətif Feyzullayev məni apardı İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakultəsində bir toplantıya. Hər həftənin 5-ci günləri saat 15:00-dan sonra orada bir Mərkəzin toplantıları keçirilirdi. Mərkəzin adına “Xudu Naxış” məktəbi deyirdilər. Hər toplantıya 40-50 nəfər adam gəlirdi. Bu toplantıda o dövrün tanınmış ziyalıları olan Bəxtiyar Vahabzadə, Siyavuş Dadaşov (hazırda Qərb Universitetində estetika müəllimi), Cəfər Qiyasi, xalçaçı rəssam Lətif Kərimov, bəstəkar Aydın Əzimov (hazırda Bakı Musiqi Akademiyasında çalışır), Kərim Kərimov (Azərbaycan Elmlər Akademiyasının keçmiş prezidenti Mahmud Kərimovun atası), şair Şahmar Əkbərzadə, tanınmış mifoloq professor Mirəli Seyidov və digərləri iştirak edirdilər. Bu məktəbin rəhbəri tanınmış alim, professor Xudu Məmmədov idi. Bu, daha çox elmi bir təşkilat olaraq fəaliyyət göstərirdi. Buradakı söhbətlərdə, çıxışlarda “Türk milli sənətinin Ortaq bir sistem olması və ictimailəşdirilərək elmi konsepsiyaya çevrilməsi” fikri əsas götürülürdü. Mövzular isə müxtəlif idi: etnogenez məsələləri, muğam sənəti, dilçilik, ədəbiyyat, mədəniyyət və s. Yəni qeyd edilirdi ki, türk mədəniyyəti ilə bağlı bəzi məqamlar bizdə qorunub saxlanılır, qazaxlarda yox, yaxud özbəklərdə hansı bir milli dəyər var, türkmənlərdə yox, yaxud əksinə.
Təbiidir ki, bu fəaliyyətə mane olanlar var idi. Bəzi ziyalılarımız isə bunu açıq şəkildə edirdilər.
Qeyd edək ki, klubun tədbirlərinin keçirilməsi üçün şəraiti yaradan, o dövrdə Inşaat Mühəndisləri Institutunun Memarlıq fakultəsinin dekanı Ramiz Əbdülrəhimov idi. Bu problemin həllində Xudu Məmmədovun onunla yaxşı münasibətinin olması əsaslı rol oynamışdı.
Toplantılarda üçlük fəaliyyət sisteminə də üstünlük verilirdi. Yəni hər bir adam əlavə 3 nəfəri bu söhbətlərə cəlb etməli, onları maarifləndirməli idi. Klubun fəallarından olan Ənvər Börüsoylu xatırlayır ki, o, aşağıdakı üç nəfər ziyalını klubun təsirinə sala bilmişdi: Seyfəddin Məmmədəliyev, Fəxrəddin Məmmədəliyev, Yusif Hüseynov.
Klubun fəaliyyəti genişlənir və Azərbaycanın digər bölgələrinə də təsir edirdi. Artıq Azərbaycanın müxtəlif rayonlarında da klubun təmsilçiləri olan qruplar yaranmışdı. Həmin regionlar: 1. Gəncə. 2. Naxçıvan. 3. Şuşa. 4. Dərbənd. 5. Lənkəran. 6. Salyan. 7. Bərdə. 8. Beyləqan. 9. Quba. 10. Şəki.
Qeyd edək ki, Şəki bölgəsi çox fəal idi. Burada Ələfsər adlı bir vətəndaşın yaratdığı qrup ciddi işlər görürdü (sonradan bu qrup öz fəaliyyətini genişləndirib “Yurd” Cəmiyyətini yaratdılar). Burada əsas fəaliyyət sahəsi bölgənin tarixinin saxtalaşdırılmasının qarşısını almaq, milli fikri inkişaf etdirmək, bu torpağın gürcülərə, avarlara, ləzgilərə məxsus olması haqqındakı qeyri-obyektiv təbliğatın əsassız olduğunu yerli əhaliyə başa salmaq, onlarla söhbətlər aparmaq və s. idi. Tanınmış ziyalılardan tarixçi-professor Mahmud Ismayılov, iqtisadçı alim professor Qüdrət Əbdülsəlimzadə öz bölgələri olan Şəki ilə əlaqə saxlayır, yerlərə gedir, görüşlər keçirir, onlara müxtəlif ədəbiyyatlar verirdilər.
Şəkidən olan digər ziyalı Aşıq Sakit isə klubun Dağıstan üzrə vasitəçisi idi. O, həmin bölgədə xalq arasında təbliğat aparır, əhalini neytrallaşdırırdı.
Xudu müəllimin çıxışları çox maraqlı idi və Şərqin Qərblə uzlaşdırılmasını, sintezini, Qərbdən necə faydalanmağın vacibliyini konkret misallarla açıqlayırdı: “Üzeyir bəy dünya simfoniyasını öyrəndi, sonra gəlib bizim simfoniyamızı yaratdı”.
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.