Paris 2024: "Fransa bu Oyunlara Azərbaycan əleyhinə fəaliyyət üçün sonuncu imkan kimi baxır"-Deputat RƏYİ
Bölmə: Siyasət › ,Tarix: 17:19 29.07.2024
Azərbaycan Fransanın “France 2” telekanalında Olimpiya Oyunlarının açılış mərasiminin canlı yayımı zamanı Bakının ünvanına səsləndirilən fikirlərlə bağlı Beynəlxalq Olimpiya Komitəsinə (BOK) şikayət edəcək. Bu barədə Azərbaycanın Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.
Bəs, Beynəlxalq Olimpiya Komitəsi bunu necə qiymətləndirəcək?
Mövzu ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı Bəhruz Məhərrəmov "informator.az"a açıqlamasında qeyd edir ki, Olimpiya oyunları tarixində Paris 2024 qədər pis təşkil olunmuş, insana, insanlığa və ümumilikdə bəşəri dəyərlərə hörmətsizlik ehtiva edən, idmanı son plana keçirən ikinci nümunə müşahidə olunmayıb:
"Belə əhəmiyyətli bir tədbirin, terroru dövlət siyasətinə çevirmiş, etnik, milli və dini zəmində nifaq, kin, nifrət dili təbliğ edən, dünyada ayırıcı xətləri dərinləşdirən Fransa kimi əli qanlı caniyə həvalə olunması özlüyündə böyük qəbahət və tarixi səhvdir.
Sirr deyil ki, bu günə qədər olimpiya oyunlarının keçirildiyi ölkələrdə bir qayda olaraq idman mahiyyəti ilə yanaşı, tədbirə ev sahibliyi edən dövlətlər ümumbəşəri dəyərlər naminə olimpiya platformasından istifadə edərək müxtəlif xoşməramlı çağırışlarda iştirak edir, olimpiya oyunlarını daha təhlükəsiz və dinc dünya naminə fürsətə çevirməyə çalışırlar. Lakin Fransa göstərdi ki, XXI əsrin əsas imperialist və neokolonialist dövləti olaraq özünün cinayətkar mahiyyətində israrlıdır. Habelə Makron komandası oyunlarda və ev sahibliyinin texniki detallarında bir daha açıq formada ifadə etmiş oldu ki, işğalçı, təcavüzkar mahiyyətindən əl çəkmək, neokolonialist ideologiyasından geri dönmək niyyətində deyil".
Deputat əlavə edir ki, Oyunların açılışı zamanı bəşəri dəyərlərin, o cümlədən inancların təhqir olunması Fransada illərdir hökm sürən etnik və dini zəmində nifrət dili təfəkkürünün nəinki hələ də davam etdiyini, üstəlik artıq dövlətin milli ideoloji siyasətinə çevrildiyini göstərir:
"Olimpiya platformasının sülh çağırışları naminə istifadə perspektivləri qala-qala Makron komandasının və fransız ideoloqların nəzarətində olan "azad" medianın, bütün digər resursların işğalçı və təcavüzkar niyyətlər naminə səfərbər olunması onsuz da XXI əsrin müstəmləkəçi dövləti olaraq tanınan Fransa üçün növbəti qara ləkə kimi tarixə düşdü.
Fransanın "France 2" kanalında Azərbaycan nümayəndə heyətinin rəsmi keçidi zamanı səslənən absurd fikirlər, o cümlədən dövlətimizin ünvanına çirkin iddialar bir daha göstərir ki, Fransa bütün platformalarda məğlubiyyətini qəbul edərək olimpiya marafonuna Azərbaycan əleyhinə fəaliyyət üçün özünün sonuncu imkanlarından biri kimi baxır. Fransanın olimpiya keçid mərasimini özünün siyasi məqsədlərinə alətə çevirməsi bu ölkənin çarəsizliyinin və tükənmişliyinin, o cümlədən Fransa siyasi sisteminin çürüməsinin göstəricisi kimi yadda qalacaq".
Aytac Kərimova