Sertifikasiya prosesi müəllimlərin nüfuzuna xələl gətirir-AÇIQLAMA

Tarix: 16:05 25.02.2025
Müəllimlər kütləvi şəkildə yalnız sertifikasiya imtahanına cəlb edilirlər. Bu imtahan həm onların tədris etdikləri fənlər üzrə biliklərini, həm də pedaqoji-metodoloji hazırlıqlarını yoxlamaq məqsədi daşıyır.
Bu fikirləri “İnformator.az”a açıqlamasında təhsil eksperti Cahid İmanlı bildirib. Ekspertin sözlərinə görə, bu imtahan tam mənada “müəllimlərin qiymətləndirmə meyarı”nı əhatə etmir:
“Lakin ilkin qiymətləndirmə üçün əsas sayılır və vacib hesab olunur. Bununla belə, hazırda bu prosesin bir sıra mənfi cəhətləri var. Belə ki, imtahanda az bal toplamaq və ya kəsilmək müəllimlərin cəmiyyətdə basqılara və mənfi emosiyalara məruz qalmasına səbəb olur”.
Cahid İmanlı bildirir ki, sertifikasiya imtahanına qədər müəllimlərin inkişafı üçün hansı addımların atıldığı sual doğurur:
• Bu mərhələyə qədər məktəb rəhbərliyi, fənn-metodiki kabinetlər, aidiyyəti üzrə regional təhsil sektorları, Elm və Təhsil Nazirliyinin məsul şöbələri müəllimin inkişafı üçün hansı işləri görüb?
• Müəllim elmi-pedaqoji seminarlara cəlb edilibmi?
• Onun İKT, psixomotor və metodoloji bacarıqlarının inkişafı üçün hansı kurslar təşkil olunub?
• Müəllimin elmi-pedaqoji ehtiyaclarının müəyyənləşdirilməsi və ilkin qiymətləndirilməsi üçün hansı əlavə imtahanlar keçirilib?
Əgər sertifikasiya imtahanına qədər bu addımlar atılsaydı, müəllimlər prosesə daha asan adaptasiya olar və imtahan stressi yaşamazdılar”.
Ekspert sertifikasiya imtahanı nəticələrinin təqdim olunma formasını da tənqid edib:
“İmtahan nəticələrinin ictimaiyyətə açıqlanması zamanı yaranan mənfi emosiyalar o həddədir ki, bu proses kənardan müəllimlərin alçaldılması, nüfuzdan salınması və təhqir olunması kimi görünür. Halbuki Elm və Təhsil Nazirliyi məxfiliyi qorumağa və öz kontingentinin nüfuzunu aşağı salmamağa borcludur”:
Cahid İmanlı hesab edir ki, bu vəziyyətin əsas məsuliyyəti Elm və Təhsil Nazirliyinin üzərinə düşür:
“Məktəbə savadsız və ya təcrübəsiz müəllim işə qəbul edilə bilər, lakin məktəbin əsas vəzifələrindən biri həmin müəllimləri inkişaf etdirmək və püxtələşdirmək olmalıdır. Təəssüf ki, müasir məktəblərdə “elmi-pedaqoji-metodiki-menecer alətlər paketi”nin olmaması hətta ən savadlı və peşəkar müəllimlərin belə passivləşməsinə gətirib çıxarır”.
Ekspert sonda əlavə edib ki, sertifikasiya prosesis müəllimlərin nüfuzuna mənfi təsir göstərir:
“Sertifikasiya prosesi müəllimlərin inkişafına xidmət etməli olduğu halda, hazırkı yanaşma onların peşəkar nüfuzuna mənfi təsir göstərir”, - deyə ekspert yekunlaşdırıb.
Sevinc Əliyeva