Azərbaycan Xalq Partiyası fəaliyyətini dayandırır?-POLİTOLOQDAN ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 16:28 25.02.2025

Sabiq baş nazir Pənah Hüseynin rəhbərlik etdiyi Azərbaycan Xalq Partiyasının maliyyə çətinlikləri ilə üzləşdiyi barədə iddialar yayılıb. Bildirilir ki, partiya yaxın günlərdə maliyyə problemləri səbəbindən fəaliyyətini dayandıra bilər.


Bu iddialarla bağlı siyasi şərhçi Məhəmməd Əsədullazadə “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan Xalq Partiyasının fəaliyyətini dayandırması Pənah Hüseynin şəxsi qərarı və ya partiyanın ümumi qərarı ola bilər:
“Ola bilər ki, Pənah Hüseyn artıq siyasətlə məşğul olmaq istəmir. Çünki onun partiya daxilində hər hansı siyasi fəallıq göstərdiyi müşahidə olunmur. O, daha çox siyasi ekspert kimi çıxış edir”.


Siyasi şərhçinin sözlərinə görə, Pənah Hüseyn kifayət qədər siyasi təcrübəyə malikdir:
“O, Azərbaycan Respublikasının Dövlət Katibi, sabiq Baş Naziri, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun elmi işçisi kimi müxtəlif vəzifələrdə çalışıb”.


Şərhçi sonda qeyd edib ki, Xalq Partiyasının fəaliyyətini dayandırması ölkədəki siyasi proseslərə ciddi təsir göstərməyəcək:
“Bunun səbəbi isə partiyanın hər hansı siyasi hərəkata başçılıq etməməsidir”, - deyə politoloq yekunlaşdırıb.


Sevinc Əliyeva