"Ermənistanın təxribatları sülh prosesinə təsirsiz ötüşməyəcək"-RƏY

Bölmə: Siyasət › ,
Tarix: 11:44 30.07.2024

MN: İyulun 28-də saat 17:40 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Ordumuzun Laçın rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. 

Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan növbəti pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb.

 

Ermənistanın təxribatlarda məqsədi nədir? Bu, sülh prosesinə necə təsir edəcək?

 

Mövzu ilə bağlı "informator.az"a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, Ermənistanın Azərbaycanla sərhəddə təxribatları sülh prosesinə təsirsiz ötüşməyəcək:

 

"Faktiki olaraq 2 aya yaxındır ki, Ermənistan tərəfi sülh prosesini əngəlləmək üçün cəhd göstərir. Paşinyanın Böyük Britaniyada danışıqlardan yayınması, sərhəddə olan təxribatlar bunlar qarşı tərəfin mövqeyini açıq şəkildə ortaya qoyur. Əlbəttə ki, Rusiya Güney Qafqazda olan proseslərə biganə deyil. Hazırda Rusiyanın başı ciddi şəkildə Ukrayna sərhədinə qarışıb. Ona görə də, baş verən siyasi proseslərdə fəal deyil".

 

Politoloqun sözlərinə görə, Tramp hakimiyyətə gəldikdən sonra Rusiya-Ukrayna cəbhəsində bəzi dəyişikliklər ola bilər:

 

"Amma bu hansı istiqamətdə olacaq məlum deyil. Rusiya-Ukrayna müaharibəsi bitəcək və Rusiyanın Qafqazda təsiri artacaqmı ? Bunu indidən demək çətindir. Tramp müharibəni necə bitirəcək ? Bu heç kəsə bəlli deyil. Bunu sadəcə özü bilir. Əgər müharibə Rusiyanın lehinə bitərsə, bu zaman Rusiyanın postsovet məkanına müdaxilələri artacaq. Amma Ukrayna lehinə bitərsə, bu zaman Rusiyanın mövqeyləri və təsir imkanları zəifləyəcək və postsovet məkanında Rusiyanın təsirinin azalması ilə nəticələnəcək".

 

Vüqar Alışov