Baş Nazir Əli Əsədovun İran səfəri-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 16:49 30.07.2024

Azərbaycanın Baş naziri Əli Əsədov İrana gedib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

 

Səfər çərçivəsində nələr gözləniləndir? Bu ölkələrarası münasibətə necə təsir göstərəcək?

 

Mövzu ilə bağlı politoloq Tural İrfan "informator.az"a açıqlamasında qeyd edir ki, İranda yeni seçilmiş prezidentin andiçmə mərasimidir və burada müxtəlif dövlət başçıları iştirak edir:

 

"Eləcə də, Azərbaycan baş nazir səviyyəsində bu rəsmi mərasimdə təmsil edilir və Azərbaycanın baş naziri Əli Əsədov bu məqsədlə İrana səfər edib. Hər halda İranın mərhum prezidenti İbrahim Rəisi ilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sonuncu görüşü zamanı münasibətlərin qaydaya düşməsi prosesi nəzərə çarpırdı və həmin görüş də işgüzar görüş idi. Hər iki ölkə arasında maraqların təmin olunması istiqamətində işlər görülüb, açılışlar baş verdi. Ümid etmək olar ki, bu yumşalma və müsbət görüş İbrahim Rəisi qəzada həlak olsa da, yeni prezidentin də siyasi kursuna daxildir. Səfirliyimiz öz fəaliyyətinə yenidən başlayıb, iki dövlət arasında normal siyasi münasibətlər davam edir. Təbii ki, razılaşılmayan, ortaq mövqeyə gəlinməyən mövzular, İranın Ermənistanı silahlandırması, Zəngəzur dəhlizinə maneçilik yaratma kimi qəti qəbullana bilməyəcəyimiz məsələlər də var. Amma hər halda bu müşküllər də siyasi əlaqələr, görüşlər, münasibətlər zəminində həllini tapmalıdır".

 

Politoloqun sözlərinə görə, Əli Əsədovun bu səfəri çərçivəsində həlledici mövzuların müzakirə olunacağı inanılan deyil:

 

"Çünki bu, əsasən bir andiçmə mərasimində iştirak məqsədi ilə edilən səfərdir. Ancaq şübhəsiz ki, fürsət və şərait yarandığı təqdirdə müəyyən, müxtəlif məsələlər də söhbət mövzusu ola bilər.

Azərbaycan əsilli yeni prezidentin ölkəmizə qarşı münasibətinin isti olacağı gözləniləndir. Hakimiyyətə islahatçı mövqeyi ilə gərək Məsud Pezeşkiyandan ümumiyyətlə gözləntilər böyükdür. Əsasən, Azərbaycana qarşı İranın mövqeyində müsbət dəyişikliklərin olması gözləniləndir".

 

Aytac Kərimova