Bəşər tarixinin qara səhifəsi-Deportasiya
Bölmə: Sosial › ,Tarix: 13:23 08.08.2024
Bu gün Ermənistandan sonuncu azərbaycanlıların qovulmasından 33 il ötür.
Azərbaycanlıların Ermənistandan (Qərbi Azərbaycandan) deportasiyası və köçürülməsi hələ XVIII əsrdən başlanıb. Qərbi Azərbaycandan azərbaycanlıların, ümumiyyətlə müsəlmanların deportasiyası üç mərhələdə aparılıb:
• Birinci mərhələ 1905–1920-ci illər;
• İkinci mərhələ 1948–1953-ci illər;
• Üçüncü mərhələ 1988–1992-ci illər.
•
Ermənistan hakimiyyət orqanlarının güc tətbiq edərək Zəngəzur mahalının Nüvədi kəndinin sakinlərini 1991-ci il avqust ayının 8-də öz doğma yurdlarından çıxarmasından sonra Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb.
Bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaxın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daxil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb. Sonuncu deportasiyada 1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib. Bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tarixi mədəni abidələri, dini müəssisələri, məktəb, xəstəxana və digər binaları darmadağın edib. Təkcə 1988-ci ildən sonra Qərbi Azərbaycanda ermənilər azərbaycanlılara məxsus 2000-dən artıq qəbristanlıq dağıdıb. Ermənilər tarixən azərbaycanlılara, türklərə qənim kəsildikləri halda bu faktlar gizlədilib, dünya ictimaiyyəti isə bu məsələlərə diqqətsizlik göstərib.
Beləliklə, 1987-ci ildən başlanan və 300 min azərbaycanlının Ermənistandan qovulması ilə nəticələnən sonuncu deportasiya bəşəriyyət tarixində qara səhifə kimi qalmaqdadır.
Banuçiçək Kalbalıyeva