Miqrasiya böhranı nədir?

Bölmə: Sosial › ,
Tarix: 21:51 25.11.2024

Miqrasiya böhranı müasir dünyanın ən aktual problemlərindəndir. Dünyada milyonlarla insan müxtəlif səbəblərlə öz vətənini tərk edir. Bu mövzu, qlobal miqyasda həm münaqişələrə, həm də əməkdaşlığa səbəb olur.

 

Mövzu ilə bağlı "informator.az"a açıqlamasında iqtisadçı Akif Nəsirli bildirib ki, müasir dövrdə qlobal şəkildə miqrasiyanın baş verməsinin əsas səbəbi həyat səviyyəsi ilə bağlıdır:

 

"Bu gün kasıb ölkələrdən varlı ölkələrə, ölkə daxilində kasıb bölgələrdən varlı bölgələrə axın çoxalır. Miqrasiya problemindən əsasən dünyanın öndə gedən, həyat səviyyəsi yüksək olan ölkələr təsirlənir. Biz buna Avropa ölkələri, Skandinaviya ölkələri, Amerika, Kanada və s. kimi ölkələri misal göstərə bilərik. İnsanların bu kimi ölkələrə üz tutmasının əsas səbəblərindən biri yüksək səviyyəli həyat şəraiti axtarışında olmalarıdır. Miqrasiyanın baş verməsinin digər səbəblərinə isə kütləvi yayılan xəstəlikləri, müharibələri aid etmək olar. Lakin bu, miqrasiyanın əsas səbəbi deyil. Miqrasiya problemini həll etmək üçün dünyanın aparıcı ölkələri iqtisadi disbalansı aradan qaldırmalıdır. Onlar düşünməlidirlər ki, Afrikada, Cənubi Amerikada həyat səviyyəsi niyə aşağıdır? İnsanların həyat səviyyəsi ölkələrin daxili problemindən çıxmalıdır. Bu qlobal məsələdir. İqtisadi disbalans bərpa edilməlidir".

 

Aydan Talıblı