Abituriyentlərin NƏZƏRİNƏ: Keçid balları artacaq?-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 10:55 10.08.2024
Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb. Eyni zamanda ixtisas seçimi üçün “Abituriyent” jurnalının 4-cü nömrəsi çapdan çıxıb.
İxtisas seçimi edərkən abituriyentlər nələrə diqqət etməlidirlər? Ballarda artım və ya azlama gözlənirmi?
Bu barədə təhsil eksperti Elçin Süleymanov "informator.az"a açıqlamasında bildirib ki, əvvəlki illərə nəzərən 15-20 bal daha artım ola biləcək müəyyən ixtisaslar var:
"Bu il yeni universitetlər - həm Qarabağ Universiteti, həm Azərbaycan Türkiyə Universiteti prosesə qoşulması ilə yüksək ballı tələbələrin rəqabət imkanı biraz daha genişləyəcək. Yüksək bal toplayanlar üçün yəni əvvəlki illərə nəzərən 15-20 bal daha artıq ola bilən müəyyən ixtisaslar var. Bəzi ixtisaslarda isə 10-15 bal daha aşağı düşmə gözlənilir. Çünki dövlət sifarişli yerlərin sayı əvvəlki ilə nəzərən 7000-ə yaxın artıb. Əvvəlki il 52000 dövlət sifarişli yer var idi, bu il isə bu 60000 civarındadır. Dolayısıyla, bu qədər yerlərin artması ballara müəyyən təsirini göstərir ".
Təhsil eksperti hansı qruplarda daha çox dövlət sifarişli yerlərin olmasından da söz açıb:
"Dövlət sifarişli yerlər ən çox 1-ci qrupdadır, ona görə bu qrupda 200 baldan artıq toplayan abituriyentlərin dövlət sifarişi ilə oxuma imkanları çoxdur.
4-cü qrup ənənəvidir. Orda əsas ixtisaslar tibb ixtisaslarıdır və keçən ilki ballar düşünürəm ki, öz aktuallığını qoruyub saxlayacaq.
2-ci qrupda isə artıq dediyim kimi, yeni universitetlərdə var , Azərbaycanda ilk dəfə Xankəndi Universiteti artıq tələbə qəbulu elan elədi və yüksək bal toplayan abituriyentlərin bir hissəsi Qarabağ Universitetini seçdiyini bəyan elədi. 2-ci qrupda ənənəvi populyar ixtisaslarda ballar 15-20 bal nisbətində arta bilər. Amma keçid balı keçən ilə nəzərən bir qədər aşağı düşə bilər ".
Elçin Süleymanov abituriyentlərin diqqət etməli olduğu məqamları da bildirib:
"Çox ciddi dəyişiklik gözlənilmir.
Abituriyentlər seçim edərkən öz ballarından 20 bal yuxarı və ya aşağı olaraq seçim edə bilərlər.
Abituriyentlər ixtisas seçərkən yığdığı ballara uyğun olaraq seçim etməlidirlər və istədikləri ixtisası seçərək hansı universitetdə daha yaxşıdırsa onu yazsınlar. Çünki, eyni ixtisas müxtəlif universitetlərdə müxtəlif səviyyədə tədris təşkil edilir".
Aslanova Fatimə