"Valideyn-övlad münasibətləri getdikcə daha da gərginləşir"-Psixoloqdan ETİRAZ
Bölmə: Sosial › ,Tarix: 18:14 13.08.2024
Yeniyetməlik dövrü, özü ilə bir çox fiziki, emosional və koqnitiv dəyişiklikləri gətirən, uşaqlıqdan yetkinliyə keçid dövrüdür.
Ailə basqısının yeniyetmələr üzərində təsirləri nələrdir?
Həmin yeniyetmələr gələcəkdə hansı mənfi təsirlərlə üzləşə bilərlər?
Bu barədə psixoloq Aygün Ağabalayeva "informator.az"a açıqlamasında bildirib ki, son illərdə valideyn-övlad münasibətləri getdikcə daha da gərginləşir :
"Valideyn övlad arasında münaqişələr və anlaşılmazlıqlar bütün yaş dövrlərində mümkün olur. Son illərdə isə valideyn övlad münasibətləri getdikcə daha da gərginləşir. Bu məsələdə günahkar axtara bilmərik. Əsas məsuliyyət valideynlərin üzərinə düşür.
Yeniyetməlik dövrü böhran yaş keçid dövrü hesab olunur. Təbii ki, burda yeniyetmələrdə həm fiziki, həm psixoloji dəyişikliklər olur, cinsi yetişkənlik, özünü təsdiqləməyə çalışma bunlar hamısı yeniyetməlik dövrünə düşür.
Yeniyetməlik dövründə uşaqlar daha çox emosiyalarla hərəkət edirlər. Valideyn şikayətlənirlər ki, özünə qapanma olur, bəzən otağından çıxmır uşaqlar, valideynlərə qulaq asmır, daha çox yaşıdlarına zaman ayırır, onların fikirlərini daha çox önəmsəyirlər. Bunlar yeniyetməliyin xüsusiyyətləridir ".
Psixoloq valideyn-övlad münasibətinin təməllərinin düzgün qoyulmazsa, yarana biləcək mənfi hallardan da söz açıb:
"Əgər ailədə uşaq valideynlərlə normal,sağlam münasibətdə olursa təbii ki, onun ətrafla münasibəti müsbət olacaq. Çünki, ailədə, ailədaxili konfliktlər, ailədə basqı varsa, bu yeniyetmənin gələcəkdə sosial həyatına mənfi təsir göstərir.
Valideyn övlad münasibətlərində , bəzən valideynlər öz övladlarına özlərinin reallaşdıra bilmədiyi həyatını yaşatmağa çalışır, onlara təzyiq göstərir və potensialları olduğu mövzulardan yayındırırlar. Bu da yeniyetmələrin psixoloji durumuna mənfi təsir edir ".
Aygün Ağabalayeva valideynlərin ünsiyyətdə etməli olduğu məqamları da qeyd edib:
"Yeniyetməlik dövründə ünsiyyət zamanı valideyn tərəfindən onların dinlənməsi, nə deməsindən asılı olmayaraq onların fikirlərini dinləmək, mühakimə etməmək, günahlandırmamaq , problemin həllini onlarla birlikdə həll etmək, yol göstərmək lazımdır. Yəni valideynlər yeniyetməyə öz emosiyalarını və fikirlərini bildirməyə şərait yaratmalıdır ".
Aslanova Fatimə