Peşə təhsilində canlanma: Təbliğat yoxsa fürsət?-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 22:50 14.08.2024
Hər bir təhsil pillələrinin ümumi məqsədi insanı gələcəyə hazırlamaq, öyrənmə mühitini təmin etmək, bilik və bacarıqları, həmçinin arzu olunan məqsədlərə çatmağı təmin etməkdir. Peşə təhsili də təhsil formalarından biridir. Son zamanlar ölkəmizdə peşə təhsilinə tələbat artıb.
Peşə təhsilinin əhəmiyyəti və bu təhsilə olan tələbatın səbəbi ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu "informator.az"a açıqlama verib:
"2020-ci ildə 12000 insan peşə təhsili üçün qeydiyyatdan keçibsə, bu il bu rəqəmlərin sayı 28 minə yaxındır. Bu çox böyük artımdır. Artımın səbəbi peşə təbliğatıdır. Təhsil ekspertləri, jurnalistlər bu peşə təbliğatını yüksək səviyyədə həyata keçirirlər. Peşə təhsilinin əhəmiyyətini, son zamanlarda inkişaf etmədiyini bütün cəmiyyətə çatdırdılar. Peşə təhsilinə maraq 2021-ci ildən sonra artdı. "Yüksək texniki peşə" adı altında bəzi ixtisaslar bir sıra peşə məktəblərinə əlavə olundu. Bir sıra regionlarda: Qəbələ, Cəlilabad, İsmayıllı, Bərdə, Lənkəranda bəzi yüksək peşə təhsili ixtisasları peşə məktəblərinə əlavə olundu. Məqsəd kim bu ixtisasları bitirərsə, onlar başa ali məktəbə imtahansız qəbul olmaq şansı əldə edirlər. Bunu eşidən bəzi şagirdlər, qiymətləri zəif olan və ya yüksək bal toplayıb hər hansı fəndən limiti keçməyən abituriyentlər bu fürsətdən istifadə etdilər. İnsanlar dərk etdi ki, həm təhsil, həm də peşə təhsili önəmlidir. Son zamanlar peşə ixtisaslarından komputer, avtomobillə bağlı ixtisaslar, turizmə tələbat daha çoxdur. Hazırda Bakıdakı peşə məktəblərinə tələbat daha çoxdur. Gələcək zamanda rayonlarda da canlanma olacaq".
Zeynəb Mustafazadə